1-3 may tarixlərində keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bəşəriyyət narahat edən mövzuların gündəmə gətirildiyi plenar sessiyalar, panellər və digər tədbirlərlə yadda qalıb.

Mayın 2-də Bakı Konqres Mərkəzində “Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfrans keçirilib.

Azərbaycan Respublikası Milli Məclisinin spikeri Sahibə Qafarovanın sədrliyi ilə keçən konfransda ölkəmizdə səfərdə olan parlament sədr və nümayəndələri iştirak edib. Sahibə Qafarova açılış nitqində bildirib ki, müharibələr mədəni irs üçün ən böyük təhlükədir. İşğal olunmuş ərazilərdə mədəni irsə hörmət edilməsi və qorunması üzrə beynəlxalq hüququn öhdəlikləri Ermənistan tərəfindən 30 il ərzində ciddi şəkildə pozulub: “İşğaldan azad edilmiş ərazilərimizdə hazırda genişmiqyaslı bərpa işləri aparılır. Burada prioritetlərdən biri də həmin ərazilərdə mədəni irsin bərpası və qorunmasıdır. Hazırda tarixi və dini abidələrimiz bərpa olunur və ya yeniləri inşa edilir”.

Mədəni irsin qorunması sahəsində ölkəmizdə mövcud qanunvericilik bazası haqqında da danışan Milli Məclisin sədri bildirib ki, Azərbaycanın mədəni irsin qorunması sahəsində fəaliyyəti təkcə milli səviyyə ilə məhdudlaşmır. Müxtəlif ölkələrdə bəşəriyyətin ortaq sərvəti sayılan mədəni irsin bərpası və qorunması üçün ardıcıl addımlar atılır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu işə böyük töhfə verir.

Konfransda çıxış edən Türk Dövlətləri Parlament Assambleyasının baş katibi Mehmet Süreyya Er bildirib ki, parlamentlər mədəni irsin qorunmasının hüquqi və siyasi çərçivəsinin formalaşmasında, onun yaşadılaraq gələcək nəsillərə ötürülməsində mühüm və məxsusi rol oynayır. Bakı konfransının da bu işə töhfə verəcəyinə əminik.

Parlament diplomatiyasının imkanlarından danışan baş katib türk dövlətlərinin türk mədəniyyətinin varisləri olduğunu vurğulayaraq deyib: “Əcdadlarımızın bizə miras qoyduğu mədəni irsi gələcəyə daşımaq borcumuzdur”.

Beynəlxalq Parlamentlərarası Konqresin baş katibi Sitara Ayaz, Əlcəzair Milli Şurasının sədri Ali Qalibi çıxışlarında Azərbaycanın zəngin mədəni irsə malik olduğunu deyiblər. Vurğulanıb ki, “Bakı Prosesi” beynəlxalq təhlükəsizliyə və sülhə öz töhfəsini verir.

Əlcəzairli qonaq ölkəsində bu istiqamətdə maarifləndirmə işlərinin aparıldığını diqqətə çatdıraraq deyib: “Əlcəzair müstəmləkəçilikdən azad olan bir ölkədir və biz bununla bağlı təcrübəmizi paylaşmaq istəyirik. Ölkəmdə mədəni müxtəlifliyin qorunması ilə bağlı milli strategiya qəbul edilib. Məqsəd mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsidir”.

Mədəni irsin qorunmasında qanunvericiliyin təkmilləşdirilməsinin kifayət etmədiyini deyən parlamentarilər bu məsələdə yerli icmalar, vətəndaş cəmiyyətinin fəal olmalısına diqqət çəkiblər.

Rusiya Federasiyası Şurasının sədr müavini Konstantin Kosoçov qeyd edib ki, mədəni irsin qorunmasında Rusiyanın böyük təcrübəsi var: “Ölkəmizdə mədəni irsin qorunmasında federal qanunların əhəmiyyətli rolu var. Biz bu təcrübəni hər kəslə bölüşməyə hazırıq. Rusiyada 193 xalq yaşayır. Bu xalqların hər birinin öz dili var, elə nümunə üçün deyim ki, Azərbaycanla sərhəd olan Dağıstanda 14 dövlət dili mövcuddur. Rusiya onun sərhədləri çərçivəsində yaşayan bütün xalqlara tolerant münasibət göstərir və mədəni irsin qorunması istiqamətində mühüm addım atır”.

Lalə Azəri