Azərbaycanın Parisdəki səfirliyinin Mədəniyyət Mərkəzində Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib.

Səfir Leyla Abdullayeva çıxış edərək Heydər Əliyevin ölkəmizin müstəqilliyi və inkişafı istiqamətində müstəsna xidmətlərindən danışıb.

Tədbir konsert proqramı ilə davam edib. “Ecole Normale de Musique de Paris Alfred Cortot” musiqi məktəbinin məzunu, “Qızıl açar” beynəlxalq musiqi müsabiqəsinin laureatı, gənc fleytaçı Ağarəhim Quliyev və gənc pianoçu Eldəniz Ələkbərzadənin ifasında Feliks Mendelson, Qabriel For, Robert Şuman kimi Avropa bəstəkarların əsərləri ilə bərabər, Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirovun musiqiləri səsləndirilib.

Tədbir çərçivəsində Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın əsərlərindən ibarət “Baharın nəfəsi” adlı sərgi də təqdim olunub.