Vyanada dahi Üzeyir bəyin heykəlinin açılışından sonra Bakıda böyük bəstəkar Motsartın abidəsi ucaldıldı
   
   ”Bu abidənin açılışı Avstriya-Azərbaycan dostluğunun bir rəmzidir”
   
   Oktyabrın 12-də Bakının mərkəzində dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən olan Volfqanq Amadeus Motsartın abidəsinin açılış mərasimi olub. Azərbaycan prezidenti İlham Əliyev və Avstriyanın federal prezidenti Haynts Fişer mərasimdə iştirak ediblər.
   
   Xalq rəssamı, heykəltəraş Natiq Əliyev və Əməkdar incəsənət xadimi, memar-rəssam Çingiz Fərzəliyevin müəllifi olduqları abidənin ətrafı abadlaşdırılıb, 2 min 300 kvadratmetr ərazidə bağ salınıb.
   Mərasimdə çıxış edən prezident İlham Əliyev Azərbaycan paytaxtında dahi Avstriya bəstəkarının abidəsinin açılışını iki ölkənin dostluq əlaqələrinin rəmzi adlandırıb. Dövlət başçısı bir müddət əvvəl Avstriya paytaxtında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin ucaldığını xatırladıb: “Motsartın ölməz əsərləri bu gün də yaşayır və əbədi yaşayacaq. Avstriya xalqı xoşbəxtdir ki, onun Motsart kimi dahi şəxsiyyəti var. Motsart Azərbaycanda çox sevilir. Bu abidənin açılışı Avstriya-Azərbaycan dostluğunun bir rəmzidir. Ancaq dost olan ölkələrdə başqa ölkənin görkəmli şəxsiyyətinə abidələr ucaldılır. Biz çox şadıq ki, bir müddət bundan əvvəl dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Vyanada abidəsi açılmışdır. Bu addımların çox böyük mənası var və ölkələrimizi, xalqlarımızı birləşdirən bir təşəbbüsdür. Bu gün dahi Motsartın abidəsinin Bakıda ucaldılması həm Azərbaycan xalqının dahi şəxsiyyətin xatirəsinə olan hörmətinin əlamətidir, eyni zamanda, Avstriya-Azərbaycan dostluğunun inkişafı üçün çox vacib bir hadisədir”.
   İki ölkənin əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayan prezident mədəniyyət sahəsində əməkdaşlığın da ümumi əlaqələrə güclü töhfə verdiyini bildirib: “Mən hesab edirəm ki, bu park Avstriyanın bir parçası kimi Bakı sakinləri tərəfindən də yüksək qiymətləndiriləcək. Avstriyanın Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Hesab edirəm ki, bu, ikinci Avstriya ünvanıdır ki, Bakıda yaradılır“.
   Avstriya prezidenti Haynts Fişer də iki ölkənin əməkdaşlığında mədəni əlaqələrin xüsusi yeri olduğunu qeyd edərək Motsartın şərəfinə Bakının mərkəzində abidə ucaldılmasını bunun bariz nümunəsi kimi dəyərləndirib: “Motsart elə şəxsiyyətdir ki, ona bütün dünyada hörmət edirlər. Motsart o dahi şəxsiyyətlərdəndir ki, onun əsərlərində təkcə musiqi duyulmur. Tərəqqi, azadlıq, liberal düşüncə, hətta insan hüquqları da, mən deyərdim ki, Motsartın əsərlərində müəyyən mənada yer almışdır. Ona görə hesab edirəm ki, bəlkə elə bu sadalanan amillərə görə belə bir gözəl məkanda, meydanda Motsarta layiq bir abidə ucaldılmışdır. Bu abidənin yaradıcılarına, xüsusilə bu layihənin həyata keçirilməsində əməyi olanlara təşəkkür etmək istəyirəm. Siz çox haqlı olaraq qeyd etdiniz ki, bir müddət əvvəl Vyanada sizin dövlət himninizin müəllifi dahi bəstəkar Hacıbəyliyə abidə ucaldılmışdır. Eyni zamanda, Avstriya üçün böyük xidmətləri olan dahi musiqiçi Motsarta Bakıda abidə ucaldılmışdır”.
   Avstriya prezidenti bu hadisənin əlamətdar bir dövrə - Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü ərəfəsinə təsadüf etməsini qeyd edərək bu tarixin heç vaxt hafizəsindən silinməyəcəyini deyib.
   Sonra tədbirdə iştirak edən mədəniyyət və incəsənət xadimləri prezidentlər İlham Əliyev və Haynts Fişer ilə xatirə şəkli çəkdiriblər.
   Dövlət başçıları incəsənət ustalarının ifasında Üzeyir Hacıbəylinin “Arazbarı” əsərini dinləyiblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar