Hacıqabul Böyük İpək Yolu üzərində yerləşən strateji kommunikasiya xətlərinin kəsişdiyi qədim yerdir.
Bu ərazidə saysız-hesabsız qədim yaşayış məskənləri, kurqanlar, qəbiristanlıqlar, pirlər, ovdanlar, qalalar və s. mövcuddur.
Hazırda Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft, Bakı-Ərzurum qaz kəmərləri bu ərazidən keçir. Qazıməm-məd-Mozdok qaz kəmərinin də əsas qovuşağı burdadır.
Tarixi Böyük İpək Yolu, Bakı-Qars dəmir yolu (yəni əvvəlki Bakı-Tbilisi dəmir yolu) xətlərinin rayondan keçməsi ərazinin strateji baxımdan necə əhəmiyyət daşıdığını göstərir.  Lakin arxeoloji baxımdan ərazidə arxeoloqlardan tarix elmləri doktoru Əziz Novruzovun, tarix elmləri namizədləri Rafael Əhmədov və Şirzad Soltanovun bəzi tədqiqat işlərini nəzərə almasaq  çox az tədqiqat işləri aparılmışdır. Halbuki Bakının qapısı sayılan, dörd yol ayrıcında yerləşən bu zonaya ögey münasibət düzgün deyil. Rayon ziyalılarının müraciətindən sonra bu yaxınlarda Hacıqabulda arxeoloji qazıntılar üçün icazə verilmişdir.
Rayon ərazisində ibtidai icma quruluşuna aid siklopik (e.ə. III minillik) Güngörməz müdafiə istehkamları, antik qəbiristanlıq, Tunc dövrünə aid kurqanlar mövcuddur.
XI-XIV əsrlərin sənət nümunəsi olan müqəddəs ziyarətgah Pir Hüseyn Xanəgahı uçulub - dağılmaq üzrə idi. Rayon ziyalılarının müraciətindən sonra 2003-cü ildə bərpa işlərinə başlandı. 2004-ci ildə Pir Hüseyn Xanəgahı Tarixi-Memarlıq Qoruğu yaradıldı.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə bərpadan sonra həmin qoruğun təntənəli açılışı da oldu. Nazir son dövrdə iki dəfə, birinci müavini Ədalət Vəliyev isə dəfələrlə qoruq ərazisində olmuşlar.  Mədəni İrs Şöbəsinin əməkdaşları yeni yaranan qoruqdan öz kömək və qayğılarını əsirgəmirlər.
Ümumilikdə rayon ərazisində dövlət qeydiyyatında olan 14 abidə var. 17 abidə isə tərəfimizdən aşkarlanaraq qeydiyyata alınmaq üçün Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilmişdir.
Lakin bununla yanaşı rayon ərazisində bir çox abidələr dağıntıya məruz qalmışlar. Bu barədə reyddə olan nazirliyin əməkdaşları yerli hakimiyyəti qarşısında ciddi məsələ qaldırmışlar.
Bundan başqa rayon ərazisində arxeoloji qazıntıya ehtiyacı olan qədim yaşayış yerləri də mövcuddur. Bunların arasında Qazıməmməd yaşayış yeri xüsusi əhəmiyyət kəsb edir.
Bu yaxınlarda Rəncbər kəndi ərazisində çox qədim, möhtəşəm yaşayış yeri aşkarlanmışdır.
Rayonun Qızılburun, Nəvahi, Udulu və Muğan kəndləri ərazisində də arxeoloji qazıntılara ehtiyac var.


Mübariz XƏlilov,
Hacıqabul Rayon Pir Hüseyn Xanəgahı
Tarixi-Memarlıq Qoruğunun direktoru