Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdirləri hesabat verir

Başa çatmaqda olan 2008-ci il Mədəniyyət və Turizm Nazirliyi üçün əlamətdar hadisələr,  mühüm mədəni proqramların gerçəkləşməsi, bir sıra beynəlxalq tədbir və layihələrlə yadda qaldı. Bu barədə nazirlik yetkilərinin İncəsənət, Mədəniyyət siyasəti, Nəşriyyat və reklamın təşkili, Elm və Təhsil şöbələri rəhbərlərinin ili sonu hesabat xarakterli fikirlərini öyrəndik.
   İncəsənət şöbəsinin müdiri Fərəh xanım Əliyeva il ərzində respublikamızda  və onun hüdudlarından kənarda  ölkə və beynəlxalq  150-dən  çox əhəmiyyətli tədbir keçirildiyini, dövlət  teatrlarında yeni  və quruluşca əsaslı bərpa olunmuş tamaşalar hazırlandığını, Azərbaycan incəsənət ustaları  və teatr kollektivlərinin dünyanın ən müxtəlif ölkələrinə səfərlərinin təşkil edildiyini,  ölkə daxilində və xaricdə müxtəlif təsviri sənət sərgilərinin numayiş olunduğunu bildirdi: «2008-ci ilin yanvar ayında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operasının ilk tamaşasının 100 ili tamam olmuşdur. Bu münasibətlə  yanvarın 25-də və 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında «Leyli və Məcnun» operasının 100 illiyinə həsr olunmuş yubiley tədbirləri keçirildi. 2008-ci il 6-14 sentyabr tarixlərində Türkiyənin Mersin və Şimali Kiprin Girnə şəhərlərində keçirilmiş “TÜRKSOY-XI” Opera Günləri dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasının 100 illiyinə həsr olunmuş  və tədbirdə “Leyli və Məcnun” operasından parçalar ifa olunmuşdur.
   Azərbaycan Respublikası Prezidentinin «Qara Qarayevin 90 illik yubileyinin keçirilməsi haqqında» 19 dekabr 2007-ci il tarixli sərəncamına uyğun olaraq 2008-ci ildə dahi Azərbaycan bəstəkarı, görkəmli alim-pedaqoq, ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin  90 illiyi ilə bağlı tədbirlər planı hazırlanmışdır. Yubiley tədbirləri bəstəkarın doğum günü - fevralın 5-də Azərbaycan Dövlət Filarmoniyasında start götürmüşdür. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə hazırlanan yubiley konsertində Rauf Abdullayev və Türkiyədə çalışan həmyerlimiz Elşad Bağırov drijorluq etmişlər. Fevralın 6-da R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində incəsənət ustalarının ifasında Q.Qarayevin kamera musiqisi səslənmişdir. Fevralın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın «Don Kixot» və «Leyli və Məcnun» birpərdəli baletləri nümayiş etdirilmişdir. Yubiley tədbirləri çərçivəsində Ankaranın  Bilkənd Universitetində də təntənəli gecə keçirilmişdir. Noyabrın 28-də Nyu-York şəhərində “Carnegie Hall” zalında dahi Azərbaycan bəstəkarı, görkəmli alim-pedaqoq, ictimai xadim, SSRİ Xalq Artisti, Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 90 illiyinə həsr olunmuş konsertdə SSRİ xalq artisti, professor Fərhad Bədəlbəyli, əməkdar incəsənət xadimi Azad Əliyev və əməkdar artist, vokalçı Gülnaz İsmayılova, amerikada yaşayan  azərbaycanlı musiqiçilər  pianoçular professor Namiq Sultanov,  professor Validə Rəsulova, amerikalı musiqiçilər violonçel ifaçısı Dmitri Yablonski,  Manhetten kamera orkestri David Leferje (skripka) çıxış etmişlər”.   
   Bu gün Azərbaycan  dünya mədəniyyətinə və turizm məkanına  ən müxtəlif istiqamətlərdə uğurla inteqrasiya edir. 2008-ci ildə Almaniyada Azərbaycan İlinin  keçirilməsi də xalqımızın qədim və unikal mədəniyyətinin tanıdılması yolunda atılan növbəti addım olmuşdur. Almaniyada Azərbaycan İli  miqyas və məzmun zənginliyi ilə yadda qaldı. Bir il ərzində Berlin, Ştutqart, Drezden, Leypsiq, Mayns, Hamburq, Münhen şəhərlərində keçirilmiş müxtəlif tədbirlərdə müasir dövrümüzün ən görkəmli musiqiçiləri, tanınmış bədii kollektivləri, mədəniyyət və incəsənət xadimləri  iştirak etmişlər. Bu mənada 2008-ci ilin Almaniya ilə Azərbaycan arasında  mədəni əməkdaşlığın yeni, unudulmaz mərhələsi kimi yadda qaldığını deyən Fərəh xanım keçirilən silsilə tədbirlərin qərb dövlətində mədəniyyətimiz haqqında dolğun təəssürat yaratdığını söylədi: «Berlin və Münhen şəhərlərində Almaniya Federativ Respublikasında  Azərbaycan  İlinin  açılış mərasiminin mədəniyyət proqramları çərçivəsində  silsilə tədbirlər həyata keçirildi.  Açılış mərasimində iştirak etmək üçün Almaniyaya tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət 146 nəfərlik nümayəndə heyəti getmişdi. Ümumilikdə açılış mərasimi  çərçivəsində bir-birindən maraqlı tədbirlər keçirildi. Alman tamaşaçılar Azərbaycan Filmləri Kinofestivalı çərçivəsində ölkə kinematoqrafçılarının 7 bədii filmi ilə tanış oldular».
Şöbə müdiri ümumilikdə bir il ərzində mədəniyyətimizi fundamental şəkildə təqdim edən bu tədbirin bağlanış mərasiminin də yüksək səviyyədə həyata keçirildiyini diqqətə çatdırdı: “Azərbaycan ilin bağlanışı münasibətilə 28 noyabr - 5 dekabr tarixlərində Almaniyanın Ştutqart, Mayns və Drezden şəhərlərində silsilə mədəniyyət proqramları  həyata keçirilmişdir”.
   Qeyd edək ki, bağlanış mərasimində iştirak etmək üçün  mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev,  İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, həmin şöbənin  böyük məsləhətçisi Almaz Sultanzadə, Kənd Təsərrüfatı Nazirliyinin  baş məsləhətçisi Nadir Mehdiyev, bəstəkar, xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin sədri Firəngiz Əlizadə, əməkdar artist, professor Məcnun Kərimovun rəhbərliyi ilə  Qədim Musiqi Alətləri Ansamblının kollektivi və solistləri əməkdar artistlər Nuriyə Hüseynova, Teyyub Aslanov, xalq artistləri Möhlət Müslümov (tar), Fəxrəddin Dadaşov  (kamança),  Azərbaycan Dövlət Rəqs ansamblı, Azərbaycan Dövlət Simfonik Orkestrinin solistlər ansamblı, Emil Məmmədovun rəhbərliyi ilə caz triosu  Almaniyaya ezam olunmuşdular ”.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında” 11 mart 2008-ci il tarixli sərəncamına uyğun olaraq İncəsənət Şöbəsi tərəfindən bir çox tədbirlər keçirilmişdir. Bu sırada Azərbaycan Dövlət Muğam Teatrında və  Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertləri qeyd etmək yerinə düşərdi.
   Azərbaycan Respublikası Prezidentinin ”Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında” 15 fevral 2008-ci il tarixli başqa bir   sərəncamına uyğun olaraq baş tutan tədbirlərin də xalqımızın şanlı tarixi dövrünü əks etdirən dönəminə əhatəli nəzər saldığını  əlavə edən F.Əliyeva tədbirlərdən danışdı: “Mayın 28-də Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş təntənəli konsert oldu. Bu münasibətlə Türkiyə, İngiltərə, Fransa  və Meksikada  da konsertlər keçirildi”.                 
   Məhz bu il Azərbaycan Respublikası Prezidentinin “Mir Cəlal Paşayevin 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına uyğun olaraq oktyabrın 3-də Azərbaycan Dövlət Filarmoniyasında görkəmli yazıçı, ədəbiyyatşünas-alim, pedaqoq  Mir Cəlal Paşayevin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur. Noyabrın 10-da YUNESKO-nun Baş qərargahında da (10 noyabr) görkəmli yazıçının yubileyi qeyd olunmuşdur.
   Ölkə başçısının digər sərəncamının  icrası ilə əlaqədar   noyabrın 19-dan 30-dək SSRİ xalq artisti Arif Məlikovun 75 illiyinə həsr olunmuş beynəlxalq musiqi festivalının təşkil olunduğunu diqqətə çatdıran şöbə müdiri tədbir çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında, Bakı Musiqi Akademiyasının Böyük zalında, Heydər  Əliyev Sarayında  keçirilən  konsertləri və tamaşaları yada saldı: “Azərbaycanda ilk dəfə olaraq Heydər Əliyev Sarayında Sankt-Peterburq Akademik Marinski Teatrının quruluşunda A.Məlikovun “Məhəbbət əfsanəsi” baleti, Corc Balançinin xoreoqrafiyasında “Apollon”, “Serenada”, “Simfoniya do major” birtaktlı baletləri  nümayiş olunmuşdur. “ Məhəbbət əfsanəsi ” baletinin tamaşasında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva iştirak etmişlər”.
   Dekabr ayında paytaxtımızda baş tutan II Beynəlxalq Rostropoviç Festivalını da ilin önəmli mədəni harisələrindən olduğunu xatırladan F.Əliyeva  artıq ənənəyə çevrilmiş  bu festival çərçivəsində Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, məşhur musiqiçi Yuri Başmetin rəhbərliyi ilə “Moskva solistləri” Kamera Orkestrinin, Uşaq-Gənclər Simfonik Orkestrinin, Cüzeppe Verdi di Milano Orkestri və xorunun,  M.L.Rostropoviç Fondu təqaüdçülərinin, Qalina Vişnevskayanın “Opera İfaçılığı Mərkəzi” solistlərinin və digər tanınmış ölkə və dünya musiqiçilərinin ifalarını qeyd etdi: “Festival günlərində ümummilli lider  Heydər Əliyevin vəfatının 5-ci ildönümünə həsr olunmuş  konsert də keçirildi. Burada  dünya şöhrətli Cüzeppe Verdi di Milano Orkestri və xorunun ifasında “Rekviyem” səsləndirlidi”.
   F.Əliyeva ümumilikdə Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği istiqamətində görülən işlərin qarşıdakı ildə də davam etdiriləcəyini və bununla bağlı bir sıra yeni layihələrin icra olunacağını da bildirdi.