“Mədəniyyət” qəzetinin paytaxt gəncləri arasında keçirdiyi sorğunun nəticələri düşündürücüdür

Yaxın keçmişimizdə çox məşhur olan, bugünkü gənc nəslin isə bəlkə də eşitmədiyi bir mahnı vardı: - “Hardan başlanır vətən, nədən başlanır vətən?” Yəqin ki, hər bir vətən övladı özünə nə vaxtsa belə bir sual verməmiş deyil:- Dogrudan da, görən, hardan başlanır vətən?  Araz boyu uzanıb gedən tikanlı sərhəd dirəklərindənmi? Yoxsa, başı qarlı ulu Savalandan, Ağrı dağından, xəritələrdə Qartal dimdiyini xatırladan doğma Abşerondan, mavi Xəzərin  sahillərindənmi? Bəlkə vətən bu gün düşmən tapdağı altında olan dilbər Qarabağdan, yağıların odlara qaladığı Xocalıdan, Xankəndindən, Şuşadan, igid əsgərlərimizin  gecə-gündüz  keşik çəkdiyi səngərlərdənmi?

Əslində bütün bu yerlər anamız Azərbaycanın  hamımıza doğma olan guşələridir. Əsl Vətən isə  qəlbimizdən, varlığımızdan bir sözlə özümüzdən başlanır. Məgər bizlərin hər biri vətənin bir parçası - onun torpağı, daşı deyilikmi? Şair gözəl deyib:- “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı”.

Danılmaz bir həqiqətdir ki, xalqımız milli  müstəqilliyini bərpa etdikdən sonra qədim tariximizi və mədəniyyətimizi  daha dərindən tədqiq etmək, araşdırmaq, öyrənmək, dünyaya tanıtmaq üçün geniş imkanlar əldə etdi. Təsadüfi deyil ki, son illər ərzində  dünyanın ən qədim yaşayış məskənlərindən olan Qobustan Dövlət Tarixi Qoruğu, Suraxanı Atəşgahı Dünya Mədəni İrs Siyahısına daxil edilmiş, Bibiheybət məscidi yenidən tikilmiş, Suraxanı Atəşgahında, Möminəxatun türbəsində, Şəki Xan sarayında və onlarla digər tarixi abidələrimizdə, muzeylərimizdə bərpa-təmir işləri aparılmış, tarixi-mədəni  dəyərlərimizlə bağlı  yeni kitablar yazılmış, elmi monoqrafiyalar nəşr edilmiş, qlobal informasiya məkanında- internetdə  xüsusi saytlar yaradılmışdır. Eyni zamanda 2009-cu ildə Bakı İslam Mədəniyyətinin Paytaxtı  elan olunmuş, bununla bağlı  fevral ayının 18-19-da ölkə paytaxtında  Beynəlxalq  miqyaslı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bəs yetişməkdə olan gənc nəsil tariximizə, mədəniyyətimizə necə münasibət bəsləyir? Milli maddi sərvətimiz olan abidələrimizlə, unikal sənət  nümunələrimizlə maraqlanırlarmı? Qoruqlarımıza, muzeylərimizə, sərgi salonlarına baş çəkirlərmi? Bir sözlə keçmişimizdən nəyi öyrənir, gələcəyə nə aparırlar?

 Qeyd olunan məsələyə aydınliq gətirmək məqsədilə “Mədəniyyət” qəzeti bugünlərdə gənc paytaxt sakinləri arasında eksklüziv sorğu keçirib. Təqribən otuz nəfərə yaxın respondentə 5 sualla müraciət olunub:

1. Vətənimizin  ulu keçmişi, qədim tarixi ilə maraqlanırsınızmı?

2. Dünyanın ən qədim insan məskənlərindən olan Qobustanda olmusunuzmu?

3. Tarixi yerlərə ekskursiya və səyahətlərdə iştirak edirsinizmi?

4. Paytaxtımızın tarixi yerləri ilə tanış olmaq istəyənlərə bələdçilik edə bilərsinizmi?

5. Milli mədəniyyətimizi dünya ölkələrində lazımınca təbliğ edə bilirikmi?

Aşağıda qəzetimizin oxucularını eksklüziv sorğunun nəticələri ilə tanış edirik.  Beləliklə, vətənimizin ulu keçmişi, qədim tarixi ilə maraqlanırsınızmı? - sualına rəyi soruşulanların  7 faizi (2 nəfər) - bəli, 86 faizi (26 nəfər) - xeyr cavabını verib. 7 faizi (2 nəfər) isə sualı cavablandırmaqda çətinlik çəkib.

Dünyanın ən qədim insan məskənlərindən olan  Qobustanda olmusunuzmu? - sualına rəyi soruşulanların 

    0 faizi (0 nəfər) -bəli,
    90 faizi (27 nəfər) - xeyr
   10 faizi (3 nəfər) isə yadımda qalmayıb cavabını verib.

Tarixi yerlərə ekskursiya və səyahətlərdə iştirak edirsinizmi? Sualına sorğu iştirakçılarının

   40 faizi (12 nəfər) - bəli,
   50 faizi (15 nəfər) -  xeyr,
   10 faizi (3 nəfər) isə cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Paytaxtımızın tarixi yerləri ilə tanış olmaq  istəyənlərə bələdçilik edə bilərsinizmi? - sualına eksklüziv  sorğunun iştirakçılarından,

23 faizi ( 6 nəfər) -bəli,
 27 faizi ( 9 nəfər) -xeyr, cavabını verib.
 50 faizi (15 nəfər) isə bu suala cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Nəhayət, sonuncu - Milli mədəniyyətimizi dünya ölkələrində lazımınca təbliğ edə bilirikmi? - sualına sorğu iştirakçılarının

 42 faizi ( 13 nəfər)- bəli,
 28 faizi ( 7 nəfəri)- xeyr  cavabını verib. 30 faizi  (10 nəfər) isə cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Göründüyü kimi, gənclərin böyük əksəriyyətinin milli-mədəni tariximiz, maddi-mədəniyət abidələrimiz və bu sahə ilə bağlı  sorğumuza verdikləri cavabların nəticəsi heç də ürəkaçan deyildir. Bunun bir səbəbi yetişməkdə olan gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması işinin tədris ocaqlarında, məktəblərdə zəif aparılmasıdırsa, digər səbəbi də dövri mətbuatın, xüsusilə də elektron KİV-lərin qeyd olunan problemə laqeyd münasibətidir. Bu gün  TV-lərdə gen-bol nümayiş etdirilən əcnəbi, bəşəri dəyərlərdən uzaq seriallar, ucuz şou-proqramları, ulu keçmişimizi, tariximizi, nadir mədəniyyət nümunələrimizi gənc nəslə sevdirən, təbliğ edən teleproqramları, verilişləri  kölgədə qoyub.  Digər maraqlı bir məsələ isə yeniyetmə və gənclərin mənəvi tərbiyəsində əvəzsiz rol oynayan, keçmiş sovetlər zamanındakı dərnək və təşkilatlara, ictimai birliklərə, xüsusi yaradıcılıq strukturlarına bənzər qurumların olmamasıdır. Ədalət naminə deyək ki, keçmiş sovetlər zamanında  gənclərin  vətənpərvərlik  ruhunda tərbiyəsi bu günümüzlə müqayisadə qibtəediləcək qədər güclü idi.

Bəli, VƏTƏN də, VƏTƏNSEVƏRLİK də ulu əcdadlarımızın qayalar üzərində qoyub getdikləri silinməz-pozulmaz yazılardan,  atəşgahlardan, məbədlərdən, yurdun bir ovuc torpağından, bir parça daşından və bütün bunlardan ötrü sinəsini  düşmənə sipər etməyə hazır olan əsl VƏTƏNDAŞINDAN başlanır.       

C.Tağıyev