Bu, Naxçıvandır

(əvvəli ötən sayımızda)

Qarabağlar-Elxanilər dövrünün məşhur şəhəri

Naxçıvanın memarlıq inciləri sırasında  Kəngərli rayonunun Qarabağlar kəndindəki memarlıq kompleksi özünəməxsus yer tutur. Kompleks iki qoşa  minarədən, 16 metr hündürlükdə olan türbədən ibarətdir. Minarə ilə türbənin üst qatı kaşı naxışlarla bəzədilib. Onların  arasında qalan 15-20 metr  məsafədə isə dini  bina qalıqları var.
Dərələyəz dağ silsiləsinin yamaclarında  yerləşən bu kəndin də  uzaq keçmişi, qədim tarixi olub. Qalacıq deyilən ərazidə insanlar Son Tunc və İlk Dəmir dövründə yaşayıblar. Yaşayış məskəninin adının etimologiysı ilə bağlı deyilənlər də maraqlıdır. Alimlərin fikrincə, Qarabağlar sözü  qədim türk tayfası olan kəngərlərin bir qolunun adı ilə bağlı olub.   Bu məlumat  X əsr  müəllifi Konstantin Baqruanarodnının  Cənubi Rusiya çöllərində yaşayan peçeneq-kəngərlərin  bir tayfasının qarabay adlanması barədə deyilənlərlə tam  uzlaşır. Tariximizin  orta əsrlər dövründə isə Qarabağlar Azərbaycanın qədim şəhərlərindən biri olub. Onun  Yaxın Şərq ölkələri ilə  Avropanı birləşdirən  mühüm karvan yollarının  üstündə yerləşməsi  sayəsində burada sənətkarlıq, ticarət, iqtisadi həyat  xeyli tərəqqi edib.

Qarabağlar kəndindəki qoşa minarənin  XII əsrin sonu  XIII əsrin  əvvəllərində tikildiyi  ehtimal olunur. Minarələri bir-birilərinə bağlayan baştağ isə XIV əsrdə inşa olunub. Baştağın üzərində  Elxani hökmdarı  Hülaki xanın arvadı Quti xatunun adı yazıldığından, onun şərəfinə tikildiyi güman edilir. Heç şübhəsiz ki, Hülaki xan bu şəhərdə yaşayıb.

Sərdabə və yerüstü hissədən ibarət olan  Qarabağlar türbəsində qülləvari türbələrin  əsas xüsusiyyətləri əks olunub. Abidənin  12 bucaqlı yeraltı sərdabəsinin  divarları daşdan, günbəzləri isə  kərpicdən hörülüb. Türbənin səthi isə qırmızı və firuzəyi  kaşılı kərpiclə örtülərək, həndəsi ornamenti xatırladan  kitabələrlə bəzədilib. Kitabə qurşağı isə nəsx xətlə işlənib. Onun  memarlıqda başlıca kompozisiya xüsusiyyəti isə  4 baştağlı olmasıdır. Ayrı-ayrı qütblərdə yerləşən  bu baştağlar ona dörd fasadlı görkəm verir.
Türbənin konus şəklində olan  yuxarı günbəzi və müvafiq kitabələri  dağıldığından  onun tikilmə tarixini dəqiq müəyyən  etmək mümkün olmayıb. Aparılan tədqiqatlar isə Bərdə türbəsi kimi  onun XIV əsrin əvvəllərində tikildiyini  göstərir. Bu türbələr arasında oxşarlıqlar da  çoxdur.
XII əsr türk səyyahı Övliya Çələbi “Səyahətnamə” əsərində  Qarabağları  meyvə bağları arasında yerləşən  böyük şəhər kimi təsvir edib. Onun fikrincə, o dövrdə burada 50 min  adam yaşayırdı, çoxlu  məscid, minarə, karvansara mövcud olub.

Araz çayı sahilində məğrur abidə

Culfa rayonu ərazisində yerləşən Gülüstan türbəsi memarlıq xüsusiyyətləri baxımından  Naxçıvandakı qülləvari türbələr qrupuna daxil olan abidələrdən fərqlənir. Bu abidə ilk növbədə orta əsr Naxçıvan memarlığında əsas tikinti materiallarının  yalnız kərpic  və kaşıdan olmasını iddia  edənlərin fikirlərini alt-üst edir. Türbənin  12 üzlü gövdəsi qırmızı tuf daşlarından, kürsüsü isə  iri üzlük daş lövhələrindən inşa olunub. Digər qülləvari türbələr kimi bu abidədə iki hissədən ibarət olsa da, burada  sərdabə qatı yerin üst qatında tikilib. Türbənin qülləvari tutumu ilə onu üzərində saxlayan kürsülüyün üzvi bağlılığı təmin edilib. Bu səbəbdən də inşa tarixindən neçə əsrlər ötməsinə baxmayaraq öz vüqarını hələ də saxlaya bilib.

Türbənin səthi  daş üzərində həkk olu nan  qabartma həndəsi  ornamentlərlə  bəzədildiyindən o incə və zərif görünür. Halbuki Mömünə xatun və Yusif  Küseyir oğlu  türbələrində  bu cür ornamentlərdən istifadə olunmayıb. Bu ilk növbədə bu abidədə istifadə olunan tikinti materiallarının bu cür xassələrindən  irəli gəlib. Abidənin  üst çadır örtüyü bütövlükdə dağıdıldığından onun günbəzinin pramida, yoxsa konus biçimli  olması ətrafında mübahisələr  hələ də davam edir. Abidədə  epiqrafik materialın, daş kitabənin olmaması  türbənin  inşa tarixini  dəqiqləşdirməyə imkan vermir. Onun kimin şərəfinə tikildiyi, memarının kim olması da hələlik bəlli deyil.
Mömünə xatun məqbərəsinin təsiri ilə onun XIII əsrin əvvəllərində inşa olunduğu ehtimal olunur. Bu  abidə də ölkəmizin iqtisadi qüdrətini göstərir. 

Memarlıq abidələrinə isti münasibət 

Son on ildə Naxçıvanda aparılan genişmiqyaslı quruculuq tədbirlərinin mühüm bir qolunu da xalqın keçmişinə mənsub olan  hər qayanın, hər daşın tarixini yaşatmaq ideyası təşkil edib. Bir çox abidələrdə aparılan əsaslı təmir və yenidənqurma işləri aparılıb.  Əlincəçay üzərindəki XIII-XIV əsrlərə aid edilən  Xanəgah  kompleksi  də onlardan biri olub. Deyilənə görə, həmin xanəgahda ustad Nəsiminin müəllimi olan  Fəzlullah  Nəimi dəfn edilib.
Xanəgah əvəzinə  “İmamzadə”lərin  meydana gəlməsi  Səfəvilər dövrü üçün xarakterik olub. Naxçıvan  “İmamzadə”si isə bir kompleks kimi yaranmasını da XVII əsrə aid etmək olar. Son illər bu abidə-kompleksdə də əsaslı təmir işləri aparılıb, ora dindarların ixtiyarına verilib. XVIII əsrdə tikilməsi güman edilən  Xan evində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra bu obyekt də şəhərin ən gözəl tikililərindən birinə çevrilib. İndi burada xalça muzeyi fəaliyyət göstərir. Naxçıvan şəhərində  Buzxana kompleksi, Cümə və  Zaviyyə məscidləri,  İsmayılxan  hamamı və digər obyektlərdə də  bərpaçı mütəxəssislər  bu abidələrin nəfəsini, ruhunu tam  duya biliblər. 

Naxçıvan şəhərində Köhnə Qala deyilən ərazidə Nuh peyğəmbərin məzarüstü türbəsi bərpa edilir. İki hissədən - sərdabə və türbə hissədən ibarət olan səkkiz guşəli  bu abidədə tikinti işləri artıq yekunlaşıb. Kaşı daşlarla işlənən həndəsi ornamentlər  abidəyə xüsusi yaraşıq verir. Türbənin çardaq hissəsi isə piramida  şəklində işlənib.  Naxçıvan MR Nazirlər Kabineti yanında  Elmi-Bərpa İstehsalat İdarəsinin bərpaçı mütəxəssisləri 15 metr hündürlüyündə olan bu obyektdə hördükləri  muncuq-muncuq kərpiclərdə, saldıqları zərif naxışlarda  dahi memarların dəst-xətlərini  olduğu kimi təkrarlayıblar. Onu da qeyd edək ki, bu abidə Muxtar Respublika Ali Məclisi sədrinin ”Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” sərəncamına əsasən inşa olunub.

* * *
Təbii ki, əcdadlarımızın özlərindən sonra qoyub getdikləri bütün  tarix və mədəniyyət abidələri bu yurdun Azərbaycançılıq möhürü olub. Bu abidələr təkcə varlığımızı və dövlətçiliyimizi  yaşatmırlar, onlar həm də zaman-zaman ölkəmizin iqtisadi qüdrətini özlərində təcəssüm etdirirlər. Xalqımızın ümümmilli lideri Heydər Əliyev də dönə-dönə deyirdi: ”Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər, çünki imkanları yoxdur”. 
Görünür, Azərbaycan bu cəhətdən xoşbəxt ölkədir.  

Məmməd MƏMMƏDOV,
Naxçıvan MR Ali
Məclisinin deputatı,
tarix elmləri namizədi