Azadə Hüseynova: «Biz istəyirik ki, N. Nərimanovun
       yaşadığı evin ilkin görünüşü bərpa olunsun»

Neçə müddətdir mətbu mövzulardan biri də Azərbaycanın ictimai-siyasi xadimi Nəriman Nərimanovun Tiflis şəhərindəki ev-muzeyi binasının sökülməsi ilə bağlı məlumatlar idi. Belə ki, Gürcüstan hökumətinin qərarı ilə ədibin həyatının müəyyən dövrünü keçirdiyi bu evin yerləşdiyi Mirzə Şəfi küçəsində rekonstruksiya işləri ilə bağlı layihə hazırlanmış, adıçəkilən binanın sökülüb yenidən tikilməsi məsələsi ortaya qoyulmuşdu. Müəyyən anlaşılmazlıqlara səbəb olan məsələ iki dövlətin müvafiq qurumları arasında imzalanan müqavilə ilə bağlı öz həllini tapıb. Yanvarın 23-də Mədəniyyət və Turizm Nazirliyində N.Nərimanovun Tiflis şəhərindəki ev-muzeyi ilə bağlı dövlətlərarası müqavilə sənədinin imzalanması mərasimində Gürcüstan tərəfindən dövlət nazirinin müavini Tamar Qamilaqdişvili, Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Nikoloz Natbiladze, Azərbaycan tərəfindən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədov və Muzey işi sektorunun müdiri Azadə Hüseynova iştirak ediblər.

Müqavilə Gürcüstan tərəfindən mədəniyyət, abidələrin mühafizəsi və idman naziri Nikoloz Rurua, Tiflis şəhərinin Meri Qiqi Uqulava və «Apollo Q.S.» şirkətinin direktoru Şota Yevgenidze, Azərbaycan tərəfindən isə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən imzalandı.
Nazirliyin Mədəniyyət siyasəti şöbəsinin Muzey işi sektorunun müdiri Azadə Hüseynova Gürcüstanda yerləşən muzeylərimiz, imzalanan sənəd və hasil olacaq nəticə barədə məlumat verdi: «Bildiyiniz kimi, Tiflis şəhərində  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan 3 muzey fəaliyyət göstərir. Bunlar M.F.Axundov adına Mədəniyyət mərkəzi muzeyi, C.Məmmədquluzadə muzeyi və N.Nərimanovun ev-muzeyidir.

N.Nərimanov və C.Məmmədquluzadə muzeyləri 90-cı illərdən fəaliyyətə başlayıb. Buradan müvafiq arxiv sənədləri, kitablar, ekspozisiyalarının mütəmadi olaraq təkmilləşməsinə, ümumilikdə fondun zənginləşməsinə xidmət edən materiallar göndərilsə də, bu günədək onların heç birində nə cari, nə də əsaslı təmir işləri aparılmayıb. Odur ki, Gürcüstan hökuməti tərəfindən irəli sürülən bu təklif nazirlik tərəfindən  müsbət qarşılandı və müvafiq sənəd imzalandı. Çünki bina acınacaqlı vəziyyətdə, demək olar, uçma təhlükəsi qarşısında idi. Bizə bununla bağlı gələn təklif haqda Gürcüstanın  Əmlak Komitəsinə müraciət etdik və bu yaxınlarda razılıq məktubu aldıq».
Layihəyə əsasən, binanın tamamilə yenidən qurulacağını deyən sektor müdiri ev-muzeyin əvvəlki görünüşünün saxlanılmasına çalışdıqlarını da vurğuladı: «Tikilinin yeni layihəsi bir neçə formada təqdim olunsa da, nazirlik mütəxəssislərinin də öz istəyi var. Belə ki, layihəyə bizim arxitektorlar da baxmalıdır. Biz istəyirik ki, Nəriman Nərimanovun yaşadığı evin ilkin görünüşü bərpa olunsun. Bununla bağlı Gürcüstan tərəfi bizimlə razılaşıb və gələcəkdə layihəni birlikdə işləyəcəyik».

Söhbət zamanı Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektoru tərəfindən «2009-2013-cü illər üçün muzeylərin inkişafı üzrə tədbirlər planı»nın hazırlandığını da bildirən Azadə xanım layihədə bütün muzeylərin əhatə olunduğunu diqqətə çatdırdı: «Burada təmir işlərindən tutmuş fondların artırılması, mövcud muzeylərin ekspozisiyalarının yeni bədii tərtibatınadək bütün detallar nəzərə alınıb. Burada əsas diqqət bir çox muzeylərin maddi-texniki bazalarının möhkəmləndirilməsi işinə yönəlib. Təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunan layihənin bu sahədəki məsələlərin nizamlanmasında böyük rolu olacaq».

 Ölkə muzeylərinin işinin müasir standartlar səviyyəsində qurulması məsələsinin də diqqət mərkəzində olduğunu və bu istiqamətdə müvafiq işlərin həyata keçirildiyini vurğulayan nazirlik rəsmisi ümumilikdə dövlətin bu sahəyə diqqətinin təqdirəlayiq olduğunu dedi: «Ölkə prezidentinin 2007-ci il 6 mart tarixli sərəncamında  muzey işinə dair bütün problemlər və onların həlli yolları əhatə olunub. Burada o cümlədən aparıcı muzeylərlə bağlı xüsusi bəndlər də var idi. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının tikintisi, Azərbaycan Dövlət İncəsənət Muzeyinin korpuslarının və Muzey Mərkəzinin əsaslı təmirinin nəzərdə tutulduğu sənədin icrası artıq öz müsbət nəticəsini verməkdədir. Bu il İncəsənət Muzeyinin bir binası əsaslı təmir-bərpadan sonra sənətsevərlərin ixtiyarına veriləcək». Ölkədə muzey işinin təkmilləşdirilməsi sahəsində işlərin tədbirlər planına uyğun olaraq davam etdiriləcəyini vurğulayan sektor müdiri regionlarda fəaliyyət göstərən muzeylərin işinin canlandırılması istiqamətində də müvafiq layihələrin gerçəkləşdiriləcəyini bildirdi.

Həmidə







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar