Burada hər daşın, hər ağacın öz mənası olacaq
  
   Son illər doğma Bakımız sürətlə dəyişir, günü-gündən gözəlləşir. Bir-birinin ardınca istirahət mərkəzləri, parklar salınır, təmirə ehtiyacı olanlar yenidən qurulur. Bərpasına başlanılan parklardan biri də Dədə Qorqudun adını daşıyır. Təxminən 40 ha ərazini əhatə edən bu parkın əsas girişi Zorge bağı ilə üzbəüz - Ceyhun bəy Hacıbəyov küçəsindəndir. Yaxın gələcəkdə parkın girişində Dədə Qorqud abidə-kompleksi yaradılacaq. Buraya Mərkəzi Çəmənlik, Sülh və Səbir bağları, Həmrəylik Meydanı, 12 tavansız Boy otaqları və meydanın mərkəzində yerləşən Dədə Qorqud heykəli daxil olacaq.
  
   Parkda ADA-nın şəhərciyi də salınacaq
  
   Parkın bir neçə hektar ərazisini Azərbaycan Diplomatik Akademiyasının (ADA) şəhərciyi təşkil edəcək. Bu barədə məlumat verən akademiyanın rəhbəri Hafiz Paşayevin dediyinə görə, ADA yarandığı gündən bu təhsil ocağı üçün gözəl bir şəhərcik salınması planlaşdırılırmış. Nəhayət, şəhərcik üçün yer ayrılıb və tikinti başlayıb.
   Hafiz Paşayev bildirdi ki, ADA-nın məhz bu parkda yerləşməsi qərarı onların ətraf mühitin yaxşılaşdırılmasına töhfə vermək istəkləri ilə bağlıdır: “Məqsədimiz akademiya üçün şəhərcik tikmək, eyni zamanda, Bakının bu gözəl guşəsini daha da gözəlləşdirmək və akademiya ilə Dədə Qorqud parkının vəhdətinə nail olmaqdır. Beləcə, üzərimizə əlavə iş götürdük - Dəqə Qorqud parkının yenidən qurulması layihəsini də yaratdıq”.
   H.Paşayev qeyd etdi ki, parkın tikintisi və bərpası ilə Amerika Birləşmiş Ştatlarının iki böyük memarlıq şirkəti - EDAW İnc. və Einhorn, Yaffee Prescott şirkətləri məşğul olur. Onlar Mədəniyyət və Turizm Nazirliyinin “Kitabi-Dədə Qorqud” abidəsinin konsepsiyası ilə bağlı keçirdiyi müsabiqədə qalib gəliblər: “Layihənin hazırlanmasında Amerikanın arxitektura şirkətlərinin çox böyük rolu olub. Bu layihənin hazırlanmasında dünya universitetlərinin praktikasından geniş istifadə edilib”. H.Paşayevin dediyinə görə, parkın tikintisi üçün ADA məsuliyyət daşımır. Amma onlar da tikinti işləri zamanı nəzarət funksiyasını həyata keçirəcəklər.
  
   Şəhərcikdə alternativ enerji mənbələrindən istifadə olunacaq
  
   Dədə Qorqud parkında ADA-nın iki kampusu, əsas binası, ictimai kitabxanası yerləşəcək. Həmçinin, tələbələrin boş vaxtlarını səmərəli keçirməsi üçün fitnes zalı, istirahət zonasının tikilməsi planlaşdırılıb. Əsas binadakı müasir dizaynlı auditoriyalardan əlavə, ADA-nın tələbələri açıq havada da dərs keçə biləcəklər.
   Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim isə deyir ki, ADA-nın kampuslarının bu parkda yerləşməsi zəngin Dədə Qorqud irsinin ölkədə və xaricdə tanınmasına daha da kömək edəcək. Çünki Azərbaycan Diplomatik Akademiyası ilk dəfə olaraq Qafqaz regionunda “yaşıl” kampus layihəsini həyata keçirmək niyyətindədir. Bu isə o deməkdir ki, akademiyanın parkda yerləşən binaları alternativ enerji mənbələri ilə işləyəcək: “Yağış suyundan təkrar, eləcə də külək enerjisindən istifadə ediləcək. Həmçinin, yaşıl dam örtüyü olacaq, geotermal isitmə və soyutma tətbiq ediləcək. Bakı küləklər şəhəridir. Bu səbəbdən, külək turbinlərindən əldə edilmiş enerjidən bəhrələnmək də təklif olunur. Estetik dizayna malik olan külək turbinlərinin dirəklər üzərində qurulması nəzərdə tutulub. 10 külək turbininin Qayıqçı gölü ətrafında, 6 turbinin isə ADA kampusunun girişinin yaxınlığındakı Vaqif prospektində yerləşdirilməsi planlaşdırılıb”.
  
   Park Dədə Qorqud irsini tanıdacaq
  
   Parkın planına əsasən, geniş, açıq sahə olan mərkəzi çəmənlikdə vaxtaşırı festivallar keçirilən zaman çadırlar qurula bilər. Parkın bərpası ilə məşğul olanlar layihəni elə düşünüblər ki, bura gələn hər bir kəs Dədə Qorqud irsi haqqında məlumat ala bilsin. Çəmənliyin baş tərəfində Həmrəylik Meydanı yerləşəcək. Bu dairəvi meydança pilləkən və şəlalə ilə əhatələnəcək. Dörd tərəfdən - şimal, cənub, şərq və qərbdən gələn cığırlar Həmrəylik Meydanında birləşəcək. Meydanı hər biri “Kitabi-Dədə Qorqud” dastanının bir boyuna həsr olunmuş 12 üstüaçıq otaq əhatə edəcək. Otaqlar daş və şüşədən qurulacaq. “Kitabi-Dədə Qorqud” dastanının yayıldığı ərazilərin genişliyini göstərmək məqsədilə bu otaqlarda Avrasiyanın Oğuzlar yaşayan ərazilərindən gətirilmiş daşlardan istifadə olunacaq. Mütəxəssislərin dastandan seçdiyi ifadə və illüstrasiyalar daşların və şüşələrin üzərinə həkk ediləcək. Otaqların divarları və döşəməsi Mərkəzi Asiyadan gətirilmiş geoloji nümunələrlə bəzədiləcək. Bu nümunələr ölkələrarası miqrasiyanın simvolu olacaq və xalqlararası əməkdaşlıq proqramına əsasən toplanacaq. Otaqların ətrafında salınmış həmişəyaşıl ağac və kollardan ibarət meşəlik yamac isə bu 12 otağa sirli-sehrli görkəm verəcək. 12 boyu təmsil edən 12 otağın mərkəzində “Dədə Qorqud otağı” yerləşəcək. Sülh və Səbir bağlarına axan sular öz mənbəyini bu otaqda yerləşən yonulmuş monolitdən götürəcək. Otağın mərkəzində ucalacaq abidənin daşı Qobustandan gətiriləcək və bu, Azərbaycanın qədim köklərə və tarixə malik olmasını göstərəcək. Bu abidə otaqda elə yerləşdiriləcək ki, dörd tərəfdən görünsün və dörd tərəfdən də ona yaxınlaşmaq mümkün olsun.
   Mərkəzdə yerləşən “Dədə Qorqud otağı”ndan başlayan maili çəmənlik Həmrəylik Meydanına doğru amfiteatr formasında, aypara şəkilli fəvvarəyə qədər uzanacaq və bura musiqili çıxışlar və hekayətlərin nəql edilməsi üçün gözəl bir guşəyə çevriləcək. Fəvvarələrin şırıltısı musiqili proqramları müşayiət edəcək. Dairəvi fəvvarənin üzərindən keçən körpü amfiteatr ilə Həmrəylik Meydanını birləşdirəcək.
   Meydanın mərkəzində duran zaman parkın dörd bir tərəfi görünəcək. Ozan adəti ilə Həmrəylik Meydanında məktəblilər üçün söhbətlər, öyrədici məclislər keçiriləcək, aşıqlar burada söz deyib, saz çalacaq, meydanın ətrafına toplaşanlar isə bütün bunları dinləyə biləcəklər. Bundan başqa, burada festival, konsertlər keçirilməsi mümkün olacaq. Gecələr dəmirağacı meşəliyi, Sülh və Səbir bağları, Həmrəylik Meydanı və Dədə Qorqud abidəsi tamam başqa bir görkəm alacaq. Ağaclarda, daşlarda və fəvvarələrdə yerləşdirilmiş qeyri-adi, ecazkar işıqlar buranı möcüzəli, əfsanəvi, eyni zamanda, eleqant görünüşlü bir dünyaya çevirəcək və şəhərin qonaqlarında gözəl təəssüratlar oyadacaq.
  
   Yaşıllığın artırılmasına xüsusi diqqət yetiriləcək
  
   Dərhal girişdən başlayan Mərkəzi Çəmənlik simvolik olaraq 40 ədəd dəmirağacı ilə əhatə olunacaq. Milli ekoloji sərvətlərin qorunması məqsədilə parkın yaşıllaşdırılmasında Azərbaycanın təbii iqlim şəraitinə xas olan bitki və ağaclardan istifadə ediləcək. Dəmirağacları azərbaycanlılar arasındakı birlik və gücün simvolu olacaq. Yenidənqurma zamanı hazırda parkda mövcud olan şam ağacları, otluqlar məhv edilməyəcək.
   Qeyd edək ki, hazırda parkda 1950-ci illərdə əkilmiş sidr, qovaqağacı, cercis və akasiya ağaclarına daha çox rast gəlmək olar. Park çəmənliklərinin sahəsi isə tullantı qalaqları və nəzarətsiz piyada keçidləri üzündən kiçilib.
   Mərkəzi çəmənliyi əhatə edən dəmirağacları iki bağa bölünəcək: sağ (cənub) tərəfdə Sülh bağı, sol (şimal) tərəfdə Səbir bağı. Ağaclarla yanaşı, bu bağlarda “Dədə Qorqud” dastanında adı çəkilən güllər, çiçəkləyən və meyvə gətirən kollar da əkiləcək. Hər bağda 12 gül yatağı olacaq və alçaq bağ hasarları bağı qismən örtəcək. Hasarın bayır tərəfi sülh və səbir haqqında yazılarla, dastandan götürülmüş sitatlarla bəzədiləcək. Cığırlar boyunca müəyyən məsafədən bir divarlarda şüşə panelləri olan giriş qapıları qoyulacaq. Seçilmiş poeziya parçaları basma, yaxud qumvurma metodu ilə şüşə qapıların üzərinə həkk ediləcək. Hər iki bağın mərkəzi hissəsində yerləşən balaca fəvvarələr Dədə Qorqud abidəsindən keçən su kanalı vasitəsi ilə bir-biri ilə əlaqələndiriləcək.
  
   Parka gəzinti turu  təşkil olunacaq
  
   Onu da qeyd edək ki, gələcəkdə Dədə Qorqud parkı, eyni zamanda, beynəlxalq turizm mərkəzi kimi inkişaf edəcək. Dədə Qorqud parkından başlayan bu tur Bakının bir sıra görməli yerlərini gəzərək parka qayıtmağı nəzərdə tutur. Təklif olunan dairəyə Bakının mühüm mədəni-tarixi abidələri daxil olacaq. İki mərtəbəli avtobuslar daim tur xətti üzrə hərəkət edəcək. "İrs gəzintisi" layihəsinin məqsədi həm Bakını beynəlxalq turizm məkanına çevirmək, həm də gənclərin tərbiyəsində mədəniyyətə və tarixə bağlılığı gücləndirməkdir.
  
   Günel ƏZİZ






Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar