Usta! Onu hamı belə çağırır. Usta Qərib! Onu hamı belə tanıyır. Parket ustası Qərib Həsənov! Onu hər kəs belə təqdim edir. Nə əlinin işiylə öyünür, nə tərif xoşlayır usta Qərib. Yaratdığı kompozisiyalara tay, əlindən çıxan işə söz ola bilməz! Bunu biz söyləmirik, usta Qəribi tanıyanlar, işinə tamaşa edib heyranlıqlarını gizlədə bilməyənlər deyir. Onun işiylə tanışlıq adama qəlb rahatlığı, göz sevinci gətirir. Əminliklə rəssam, xalçaçı, dülgər adlandıra biləcəyimiz parket ustası Qərib kişinin öz dünyası, öz aləmi var. Bu dünyada ustanın duyumu, arzuları, istəkləri, rəngbərəng ağaclar, bir-birilə uyarlaşan müxtəlif ölçülü taxta parçaları hökmranlıq edir. O cansız taxta parçaları Qərib ustanın əlində "ipə-sapa yatır", cilalanır, sıralanır, xoş ovqat yaradan bir sənət əsərinə-" rəsmə, xalıya, xalçaya, ziliyə dönür. Tamaşa edirsən, gördüklərinin həqiqət olduğuna inana bilmirsən. Ürəyindən xırdaca bir səhv, qüsur tapmaq keçir. İstəyindən, şübhəndən özün utanırsan. Sadəlikdə gözəllik, mürəkkəblikdə sadəlik, harmoniya, çiçəklərin-nərgizin, bənövşənin, lalənin, qızılgülün rəqsi, dənizin dalğası, səhranın günəşi, milli ornamentlərin yer aldığı mozaik pannolar, canlılar və cansızlar aləminin qovuşuğundan yaranan mənzərə-bunların hərəsi bir dünyadır.
   Azərbaycanda adla tanınan parket ustası Qərib Səməd oğlu Həsənov Azərbaycan Neft-Kimya İnstitutunun texnologiya fakültəsini bitirib. 3 il Rusiyanın Tolyatti, 9 il də Surqut şəhərində kimyaçı işləyib. Uşaqlıqdan şəkil çəkməyi xoşlayıb, rəssamlıqla məşğul olub. Ara-sıra Surqutda tərtibatçı- rəssam kimi fərdi sifarişləri yerinə yetirib. 1989-cu ildə Azərbaycana qayıdıb. Sənətinə uyğun, münasib iş tapmayanda dülgərliklə məşğul olmağı qərara alıb. Bu haqda özü belə deyir: "O çağlar Azərbaycandakı dülgərlərin çoxu başqa millətin nümayəndələri idi, monopoliya yaratmışdılar. Hara gedirdim qarşımı kəsir, işimə mane olurdular. Onda yaxşı dülgər kimi tanınmağı, ad çıxarmağı qərara aldım. İstəyirdim milli sənətkarlarımız yetişsin. Az keçmədi, buna nail olduq. Parket işində dönüş elədik. İlk dəfə mürəkkəb kompozisiyalar üzərində işlədik. Get-gedə püxtələşdik. İndiyəcən yüzdən çox usta yetişdirmişəm". Usta Qəribi şöhrətləndirən təkrarsız kompozisiyaları, onların mühitə uyğunlaşması, yüksək keyfiyyət və zövqdür. İndiyəcən 300-dən çox iş təhvil verib, amma birində də özünü təkrarlamayıb. Qərib usta deyir ki, "Ən mahir rəssam belə çəkdiyi əsəri olduğu kimi təkrarlaya bilməz. Mən də elə. Bu, səbəbi bəlli olmayan sənət sirridir. Mürəkkəb, xırda işlərə üstünlük verirəm. İstədiyim alınanda xoşhal oluram".
   Qərib Həsənovun yaradıcılığında milli ornamentlərlə Qərb üslubunun vəhdətindən yaranan işlər üstünlük təşkil edir. Görünür buna səbəb bəzilərinin Qərbə yaxınlaşmaq, Qərb dəyərlərinə üstünlük vermək arzusudur. Bəllidir ki, parket işində yaradıcılıq, təklif tələbdən asılıdır. Sifarişçinin zövqü, tələbi, maddi imkanları ideyanın gerçəkləşməsində önəmli rol oynayır. Nə qədər qəribə olsa da usta Qəribin işlərinin arasında sırf Şərq üslubunda sifariş azdır. Hərdən Moskva şəhərindəki "Borokko" firmasından maraqlı sifarişlər alırlar. Yeri gəlmişkən, usta Qəribin fikrincə, Azərbaycanda parket işi inkişaf göstəricisinə görə Moskva şəhərindən sonra yaxın xaricdə ikinci yerdədir. Xarici ölkələrin çoxunda bu işə bir elə diqqət ayırmırlar. Azərbaycanda isə parket işi günü-gündən inkişafdadır. Üsta Qəriblə həmkarları onlara etibar edilən dövlət sifarişlərini də yüksək sənətkarlıq və keyfiyyətlə yerinə yetirirlər. Dövlət iqamətgahlarında, M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Nəqliyyat Nazirliyindəki işlər bu sifarişlərin çox az hissəsidir.
   Bəzən iş prosesində çətinliklər yaranır. Kağız üzərində qurulan kompozisiya ağac üzərində alınmır. Bunun əsas səbəbi bəzi materialların çatışmazlığıdır. "Hərdən işləyərkən ürəyimdən keçənləri olduğu kimi gerçəkləşdirə bilmirəm. İstədiyim ağacı əldə edə bilməyəndə rahatlıq tapmıram. İnternetdən 535 rəngdə, növdə ağac barədə məlumat toplamışam. Onların hərəsindən bircə kub Bakıda olsaydı, möcüzə yaradar, portretlər işləyə bilərdim. Bu portreti tavandan asmaq, ya elə divarda yığmaq olardı. Təəssüf ki, bizdə istənilən malı tapmaq çətindir. Onların bir hissəsini Rusiyadan, Türkiyədən gətirdirik. İndiyəcən 52 adda ağacla işləmişəm. Yerli mallara üstünlük veririk. Fıstıq, ardıc, palıd, qoz, vələs ağaclarından yararlanırıq. Xaricdən amarant, keşil, bubinqo, venqe, zebrano, laysvod, tiqervod, platan ağaclarını gətirdirik. Eyvanlar, pilləkənlər, yataq dəstləri, güzgülər də hazırlayırıq. Bəzən bütün mənzilin divarlarını oymalı taxta işləmələrlə bəzəyir, ümumi ansamblı tamamlayan qapı, pəncərələr düzəldirik"- bunları da Qərib Həsənov deyir.
   Parket işi yüksək zövq, istedad, bədii yaradıcılığa meyil və diqqət, səbir, dözüm, iradə, ciddi ölçü-biçi tələb edir. Gərəkdir ki, çəkilən xətlər sınmasın, əyilməsin. Dəqiqliyinə qədər cilalansın. Əks halda, mənzərədə zəiflik, passivlik yaranar, dəqiqlik, gözəllik itər. Bəzən kiçik bir naxışı almaq üçün saatlarla dəzgah arxasında vaxt keçirmək gərək olur. İstədiyin çaları tapmaq üçün günlərlə axtarış aparırsan. İşıqlar, kölgələr yerində olmayanda rahatlıq tapmırsan. Rənglər uyarlaşanda, ölçülər düz gələndə sanki hər yan işıqlanır. Sevincindən qanadlanıb uçmaq istəyirsən, elə o andaca yeni bir ideya yaranır, təzə iş başlayır...
  
   Fimar