Bakı bütün dövrlərdə mədəniyyətlər və sivilizasiyalar arasında körpü olub
   
   Misir fironlarının yaşıdı
   
   Bakı haqqında ilk məlumata eramızdan 3500 il əvvələ aid edilən, Misir fironu I Menesanın dövründə yazılmış "Ölülər Kitabı” adlı tarixi mənbədə rast gəlinir. Bakının adı antik dövrün tarixçisi Herodotun “Tarix” kitabında da çəkilir. Şərq alimlərinin, Avropa səyyahlarının və islamşünaslarının Bakı haqqında məlumatları da elmi cəhətdən maraq doğurur. Abşeronun bu günümüzədək gəlib çatmış qədim abidələri isə tədqiqatçıların zaman-zaman istinad etdikləri qiymətli maddi-mədəniyyət nümunələridir.
   Bakının keşməkeşlərlə, mübarizələrlə dolu keçmişindən danışarkən eramizdan əvvəl I əsrdə, Roma imperatoru Pompeyin və Lukullun Azərbaycana hərbi yürüşlərini xatırlamamaq mümkün deyildir. Qədim romalıların Bakı ətrafında məskunlaşaraq uzun müddət bu yerləri işğal altında saxlamaları barədə müxtəlif mənbələrdə olduqca maraqlı materiallar mövcuddur. Qobustandakı qayaüstü yazılar da qeyd olunan tarixi faktları təsdiqləyir. Dünya arxivlərinin bir çoxunda Azərbaycanla bağlı qaynaqlarda Bakı haqqında da kifayət qədər informasiyaya rast gəlmək olar. Bu məlumatlarda romalı işğalçıların Bakının ətrafında saldıqları hərbi düşərgələr və koloniyalar təsvir olunur. Roma imperatoru Avqust Qay Oktavianın göstərişi ilə Qobustandakı qaya daşı üzərində latın əlifbası ilə yazılmış mətn də deyilənləri təsdiqləyir.
   Müxtəlif vaxtlarda bu ərazidə aparılan arxeoloji qazıntı işlərinin nəticələri bir daha sübut edir ki, Bakı tarixin bütün dövrlərində və mərhələlərində yaşayış məntəqəsi olmuşdur. Ərazidə tapılan V-VII əsrlərə aid Sasani dəfinəsi isə o dövrdə Bakının inkişaf etmiş böyük ticarət məntəqəsi, Şərqin məşhur şəhərlərindən biri olduğunu göstərir. Əldə olan orta əsr yazılı mənbələrində Bakının adının “Bağavan” və ya “Atəşi Baquan” şəklində işlədildiyini də görmək olar. Erkən orta əsrlərə aid qaynaqlarda Bakının iqtisadiyyatının əsasını neft və duz təşkil etdiyi barədə məlumatlara rast gəlinir. Bakı və Abşeron bölgəsində becərilən boyaqotu və zəfəran bitkisinin bütün Şərqdə və Avropa ölkələrində məşhur olduğu bildirilir. Bakının orta əsrlərdə Şərqin iri şəhərlərindən biri olmasını, iqtisadiyyatinda neft və duzun əsas yer tutmasını X əsrdə yaşamış ərəb səyyahı Əbu Düləfinin də təsdiq edir ki, hələ 1100 il əvvəl Bakıdakı iki neft mənbəyindən ildə təqribən 720 min dirhəm gəlir götürülürmüş. Feodal münasibətlərinin, ticarət və sənətkarlığın inkişafı şəhərin tərəqqi etməsinə imkan yaradirdi. Bakı Şərq və Qərb ölkələri arasındakı ticarətdə mühüm əhəmiyyətə malik idi. Bakıya slavyan, Bizans, Çin, İraq, Suriya, Genuya, Venesiya, İran, Hindistan tacirləri gəlirdi. Eləcə də Bakıdan həmin ölkələrə neft ixrac olunurdu.
   
   Yollar burda kəsişir...
   
   X əsrin sonu və XI əsrin əvvəllərində Abbasilər xilafətinin tənəzzülü ilə əlaqədar bir sıra vilayətlərin və ölkələrin hakimləri, o cümlədən Şirvanşahlar müstəqillik əldə edirlər. Bakının inkişafı da məhz bu vaxtdan etibarən başlayır. X əsrin sonlarında Şirvanşahlar şəhərin inkişafında mühüm rol oynayan irimiqyaslı quruculuq işləri həyata keçirirlər.Sonrakı əsrlərdə isə Bakı tədricən Şərqin inkişaf etmiş şəhərləri sırasına yüksəlməyə başlayır. Şirvanşah I Xəlilüllahın dövründə (1417-62) Bakıda mühüm tikinti işləri aparıldı. Şirvanşahlar sarayı kompleksi də məhz bu dövrün yadigarlarındandır.
   Təsadüfi deyil ki, Bakı artıq X əsrdən başlayaraq, həm də dünyanın məşhur liman şəhərlərindən birinə çevrilir. XI əsrin əvvəllərində Bakı tərəqqi dövrünü yaşıyır. XII- XIII əsrlərdə isə Şirvanşahlar şəhərdə bir sıra binalar tikdirərək şəhərin müdafiə qüdrətinin möhkəmləndirilməsi qayğısına qalırlar. XII əsrin birinci yarısında şəhərin qala divarları tikilir. O dövrün müdafiə sisteminə daxil olan Qız qalası isə Bakının qüdrət və güc rəmzinə çevrilir. XII əsrin 30-cu illərində monqollar Azərbaycana hücum edərək bir çox şəhərləri işğal edirlər. Bu zaman böyük yoldan kənarda yerləşən Bakı isə, görünür, elə bu səbəbdən də başqa şəhərlərə nisbətən daha az zərər çəkmişdir.
   
   Qədim karvansaralar
   
   Bakı bütün zamanlarda Şərqlə Qərb arasında körpü rolunu oynamış, müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda, təmas xəttində yerləşən unikal bir məkan kimi dünyanın diqqət mərkəzində olmuşdur. Təsadüfi deyil ki, Bakı bu gün də bir müsəlman-islam şəhəri olmaqla yanaşı, həm də müxtəlif xalqların, müxtəlif zamanlarda yaratdıqları tarixi adidələr şəhəridir. Bakı dünyanın bütün dinlərinə və xalqlarına böyük hörmətlə yanaşan, beynəlmiləl və tolerant bir şəhər olması ilə də fərqlənir. Bu şəhərdə müsəlman məscidləri ilə yanaşı, qədim hind atəşpərəstlərinin Od Məbədinə, alman kirxasına, yəhudi sinaqoquna, xristian pravoslav və ya katolik kilsəsinə də böyük hörmətlə yanaşılır, digər xalqların dini etiqadlarına ehtiram göstərilir. Bu həqiqəti XIX əsrin böyük şairi Hacı Seyid Əzim Şirvani oğlu Cəfərə yazdığı vəsiyyətində belə qələmə alıb:  

   Demə, «ol kafər, bu müsəlmandır»,
   Hər kimin elmi var, o insandır...
   

Müxtəlif dinlərə sitayiş edən, müxtəlif ölkə və iqlimlərdən gəlmiş tacirlərin, səyyahların, alimlərin bir araya gəldikləri qədim Bakı, həm də tarixən böyük bir mədəniyyətin - İslam mədəniyyətinin beşiyi olub. Bu şəhərə təşrif gətirən hər bir əcnəbi, buradan təkcə var-dövlət, sərvət yox, həm də mədəniyyət və elm aparıb. Bura ticarətə gələnlər, həm də ziyarət sahibi olublar. Ziyarətə gələnlər isə ticarətdən bəhrələniblər.
   XIV əsrdən başlayaraq Bakıdan Şərq ölkələrinə, Qızıl Ordaya, Moskva knyazlığına, Avropaya müxtəlif çeşiddə mallar, xüsusən ipək, xalça, atlas, duz, neft və sair ixrac edilirdi. Bakıdan Həştərxana, Orta Asiyaya və Xəzərsahili dövlətlərə də mal daşınırdı. 1350-1370-cı illərdə Bakının iqtisadi və siyasi qüdrətinin yüksəlməsi xeyli dərəcədə bu şəhərin dəniz sahilində yerləşməsi ilə əlaqədardır. O dövrün yazılı mənbələrində Xəzər dənizinin adı bəzən “Bakı dənizi” də adlanırdı, Bu barədə məlumata 1375-ci ildə, katalon dilində hazırlanmış atlasda rast gəlinir.
   Bakı, dünyanın uzaq-yaxın ölkələrindən təşrif gətirmiş tacirlərin, sənətkarların, dəllalların, işbazların, səyyahların, zəvvarların üz-üzə gəldikləri, alış-veriş etdikləri, ünsiyyətdə olduqları beynəlmiləl bir məkan olub. Bakıda indiyədək qalan tarixi-memarliq abidələri, o cümlədən, - “Buxara karvansarası” (XIVəsr), Qız Qalası yaxinliğındakı “Multan karvansarası” (XIV-XVI əsrlər), “Hind karvansarası” (XV əsr), “Rus karvansarası” (XVI əsr) və digər karvansaralar Şərq və Qərb ölkələri ilə geniş ticarət əlaqələrinin mövcudluğunu sübut edir. Şirvanşahlar Saray Kompleksi də bu dövrdə tikilmişdir. Tolerantlıq Bakıda ticarətin, sənətkarlığın inkişaf etməsinə, iqtisadi və mədəni həyatın yüksəlməsinə nəinki mane olmayıb, əksinə, bu şəhərə əlvan rənglər və çalarlar gətirib.
   
   Dünyanın ilk neft paytaxtı...
   
   Bakı haqqında danışarkən neftdən söz açmamaq mümkünsüzdür. Neft Uca Tanrının bu torpağa bəxş etdyi ən bol və şöhrətli təbii sərvətdir. Qədim zamanlardan çağdaş zəmanəmizədək Bakı neftinin şöhrəti dillər əzbəri olmuş, dünyanın diqqətini özünə cəlb etmişdir.
   Bakının “qara qızıl” adlandırılan nefti, zəngin təbii sərvətləri, geosiyası cəhətdən əlverişli məkanda yerləşməsi, habelə Xəzər dənizi sahillərində mühüm hərbi - strateji əhəmiyyətə malik olması XVIII əsrin əvvəllərindən başlayaraq, Rusiyanın diqqətini cəlb edirdi. Bu məkana yiyələnməyə çalışan I Pyotr xüsusi hərbi dəniz ekspedisiyası yaradaraq, 1723-cü il iyunun 26-da Bakıya ordu yeridir. Lakin burda möhkəmlənə bilmir, geri qayıtmalı olur. Bakı yenidən İranın hakimiyyəti altına keçir.
   Bu zamandan etibarən Azərbaycanda bir sıra xanlıqlar, o cümlədən Bakı xanlığı yaranır. Bakının feodal inkişafı XVII əsrin sonlarınadək davam etmişdir. Bundan sonra nəinki təkcə Azərbaycanda, eləcə də bütün Ön Asiya ölkələrində mövcud olan şəhər həyatının tənəzzülü müşahidə edilir. XVIII əsrin II yarısında Bakıda şəhər həyatının və ticarətin bir qədər dirçəlməsi müşahidə olunur. Bakı xanlığı 1806-cı ildə çarizm tərəfindən işğal olunduqdan sonra Bakıda kapitalist münasibətlərinin inkişaf dövrü başlanır.
   Tarixi mənbələrdən məlum olur ki, 1807-ci ildə Bakıda 500 ev, 3000-ə yaxın əhali olub. 1813-cü ildə Rusiya ilə İran arasında bağlanmış “Gülüstan müqaviləsi” isə vahid Azərbaycanı iki yerə parçalayır. Bakı da daxil olmaqla, Şimali Azərbaycan Rusiyaya birləşdirilir. Bundan sonra Bakı, əsasən neft sənayesi mərkəzinə çevrilir. 1848-ci ildə Bakıda ilk neft quyusu qazılır. 1863-cü ildə Suraxanıda ağ neft zavodu tikilir. 1869-cu ildə isə mexaniki üsulla ilk dəfə olaraq ərazidə neft-qaz çıxarılmasına başlanmışdır.
   1859-cu il mayın 29-30-da Bakıdan 120 kilometr qərbdə yerləşən və o vaxta kimi quberniya mərkəzi olan Şamaxı şəhərində güclü zəlzələ baş verir. Bundan sonra Quberniya mərkəzi Bakıya köçürülür və Bakı paytaxta çevrilir.
   Az qala hər qarış torpağında neft qaynayan Abşeronda XIX əsrin sonlarından sənaye üsulu ilə qazılan neft quyularının sayı artır. Rusiya və Avropa ölkələrindən «qara qızıl»ın işığına üz tutan xarici iş adamlarının sayı ildən-ilə artır, şəhər ətrafında yeni neft zavodları tikilirdi. XX əsrin əvvəllərində neft sənayesinin sürətli inkişafı Bakının sosial-iqtisadi və mədəni həyatına böyük təkan verdi. Bakıda ilk istirahət parkı salındı, teatr binası tikildi, şəhərin mərkəzindəki evlərə elektrik işığı çəkildi. Rusiya, İtaliya və Polşadan dəvət olunmuş memarların layihələri əsasında qotika və barokko üslubunda müasir binalar inşa olunmağa başladı.
   
   Cəlal