Folklor nədir? Folklor xalqın yaddaşıdır - fərdi yaddaşı, etnos yaddaşı, millət yaddaşı və xalq yaddaşı. Xalqın varlığı söz və sənət kodları ilə onun yaddaşında təcəssüm olunur. Folklor şifahi münasibətlər və davranış nümunələri vasitəsi ilə geniş yayılan ənənəvi incəsənət, ədəbiyyat, bilik və təcrübədir. Bəs AMEA-nın müstəqil struktur vahidi - Folklor İnstitutunda bu istiqamətdə hansı layihələr həyata keçirilir? İnstitutda təşkil etdiyimiz dəyirmi masa ətrafındakı söhbət bu mövzuya həsr olunmuşdur.
  
   Müxbir: - Məlumdur ki, Azərbaycanın folklor atlası onun inzibati-siyasi xəritəsindən xeyli böyükdür. Təkcə ozan Qorqudun qopuz çaldığı və qoç Koroğlunun at oynatdığı meydan bütövlükdə türkün coğrafiyası boydadır... Dəyirmi masa iştirakçıları bu barədə nə deyə bilərlər?
   Oruc Əliyev, elmi işlər üzrə direktor müavini, filologiya elmləri namizədi:
   - Əvvəla, qeyd etmək istəyirəm ki, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və qayğısı nəticəsində əsası qoyulmuş Folklor İnstitutu folklorumuzun, həmçinin dünya folklorunun vacib problemlərinin araşdırılması ilə məşğuldur.
   İnstitutda Azərbaycan folklor atlası tərtib edilir, onun lokal, regional, etnik, milli və qlobal əlaqələri tədqiq olunur. Bütün bu elmi istiqamətlərin elmi-intellektual və elmi - təşkilati cəhətdən ayrı-ayrı şöbələrdə reallaşmasına institutun direktoru rəhbərlik edir. Yeri gəlmişkən qeyd edim ki, institutumuzun direktoru Hüseyn İsmayılov müasir türkçülüyün əsas ideoloji və mədəni mərkəzi sayılan Türkiyənin nüfuzlu təşkilatı Hüseyn Qazi Kültür və Sənət Vəqfinin «Türk folkloruna xidmət ödülü» ilə mükafatlandırılmışdır. Biz bu mükafatı institutumuzun kollektivinə verilən yüksək mükafat hesab edirik.
   İnstitutda «İrs» folklor qrupu xalqımızın musiqi folklorunun dəyərli nümunələrini - «Almanı alma, gəlin», «Əylən, gəlin», «Ruhani», «Azaflı dübeytisi», meydan tamaşalarından «Kosa-kosa», «Toyuqaparan», «Qaravəlli» və başqa nümunələri bərpa etmişdir.
   Bizdə «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə» adlı uluslararası folklor konfransı mötəbər beynəlxalq tədbirə çevrilmişdir. Hər dəfə bu tədbirdə dünyanın müxtəlif yerlərindən alimlər iştirak edirlər. Bu il keçiriləcək VI konfransa indi hazırlıq görürük.
   Yaxşı olar ki, institutda aparılan işlər barədə şöbə müdirləri məlumat versinlər.
  
   İsrafil Abbaslı, Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor:
   - İnstitutun aparıcı şöbələrindən biri də bizim şöbədir. bu şöbədə Azərbaycan folklorunun toplanması, tədqiqi və nəşri işləri həyata keçirilir.
   Müxbir: - Konkret olaraq şöbənin əsas elmi istiqamətləri hansılardır?
   - Konkret desək, Azərbaycan folklorunun toplanması, tədqiqi və nəşri; folklorumuzun tarixi-xronoloji ardıcıllıqla şərh edilməsi və folklorşünaslığın nəzəri problemlərinin araşdırılması, yazıya alınmayan şifahi ədəbiyyat nümunələrinin toplanması, lentə alınması və nəşrə hazırlanması; folklor antologiyalarının və folklor külliyyatlarının nəşr olunması; «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər» məcmuəsinin vaxtaşırı olaraq ictimaiyyətə çatdırılması şöbənin əsas elmi istiqamətlərini təşkil edir.
   Son vaxtlar çoxcildli «Azərbaycan folkloru antologiyası»nın hazırlanması institutun uğurlarından sayıla bilər. Bundan başqa, Naxçıvan, İraq-Türkmən, Göyçə, Şəki, Qarabağ, Qaraqoyunlu, Ağbaba, Gəncəbasar, İrəvan, Şirvan, Zəngəzur, Şəki-Zaqatala, Dərbənd, Dərələyəz, Ağdaş folklor nümunələrinin kitab halında nəşr edilməsi institut əməkdaşlarının, o cümlədən bizim şöbənin işçilərinin gərgin əməyi sayəsində başa gəlmişdir. Bu istiqamətdə işlər davam etdirilir.
  
   Əfzələddin Əsgər, türk xalqları folkloru şöbəsinin müdiri, filologiya elmləri namizədi:
   Bizim şöbə türk xalqlarının folklor örnəklərinin araşdırılması, dəyərli folklor abidələrinin müqayisəli təhlili, ümumtürk folklor mətnlərinin arxetiplərinin və tarixi inkişaf mərhələlərinin müəyyənləşdirilməsi, türk xalqları folklor nümunələrinin tərcüməsi və nəşri işlərini həyata keçirir. Şöbənin əsas elmi istiqaməti folkloru ümumtürk kontekstində araşdırmaqdır.
   Şöbənin əməkdaşları hər il folklor ekspedisiyalarında iştirak edir, folklor nümunələri toplayırlar. Qeyd edim ki, başqa bölgələrlə yanaşı, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarının sakinlərindən toplanmış folklor örnəkləri Azərbaycan folkloru antologiyasının cildlərindən birində toplanmışdır.
   Türk xalqları folklorunun, o cümlədən noqay, Kırım-tatar, xakas, özbək folklorunun ən gözəl inciləri Azərbaycan dilinə tərcümə edilmiş, çapa hazırlanmışdır.
  
   Seyfəddin Rzasoy, mifologiya şöbəsinin müdiri, filologiya elmləri namizədi:
   - Mifologiya şöbəsində mif mətnləri toplanır, folklor mətnlərinin mifoloji strukturları, arxetipləri, mifoloji mətn arxetektonikası araşdırılır, tədqiq olunur. Türk mifologiyasının tarixi-prosessual strukturunun və sinxron-aktual problemlərinin öyrənilməsi, türk dünya modelinin bərpası, Azərbaycan xalq mərasimlərinin, oyun və tamaşaların qeydə alınması, qədim ritualların bərpası, mərasimlərin tipologiyasının tədqiqi bizim şöbədə həyata keçirilir.
   Türk-Azərbaycan ritual-mifoloji düşüncəsinin - mif-din, ritual-din, mif-fəlsəfə, mif-ədəbiyyat və s. sahələrin öyrənilməsi əsas vəzifəmizdir.
  
   Ağaverdi Xəlilov, folklor nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri namizədi:
   - Şöbəmizin əsas elmi istiqamətləri - Azərbaycan folklor tarixinin mərhələ xüsusiyyətləri, folklor janrlarının yaranma şəraiti, onun bədiilik imkanları, folklor nümunələrinin süjet və kompozisiyaları, məqsəd və ideyaları, obrazların bədii funksiyası, xalq təfəkkürü imkanlarının araşdırılması məsələləridir.
   Əməkdaşlarımız Azərbaycan folklorunun mənşəyini, tarixi inkişaf mərhələlərini müəyyənləşdirir, şifahi xalq yaradıcılığı ilə yazılı ədəbiyyatın qaşılıqlı təsir və əlaqələrini öyrənirlər. Əldə olunan nəticələr nəşr olunur.
  
   Elxan Məmmədli, Aşıq yaradıcılığı şöbəsinin müdiri, filologiya elmləri namizədi:
   - Şöbədə aşıq yaradıcılığı araşdırılır, nümunələr toplanılır, bu nümunələr sistemləşdirilir və nəşrə hazırlanır. Aşıq sənətinin poetik xüsusiyyətlərinin, ideya-məzmun mahiyyətinin tədqiqi, ayrı-ayrı aşıqların bədii irsinin toplanması və nəşri, monoqrafik tədqiqatların aparılması, «Azərbaycan aşıqları» çoxcildliyinin tərtibi və nəşri şöbənin fəaliyyət sferasına daxildir.
   Şöbə Azərbaycan aşıq sənətinin yaranması tarixini, onun əsas problemlərini araşdırır.
   Son vaxtlar Tacir Qurbanovun «Ağbaba folkloru» (H.İsmayılovla birgə), Ağbabalı İsgəndərin «Şeirlər», mənim tərtibimlə borçalı şair Nəbinin «Eləsi var», Kamandar Əfəndiyevin «Bənövşə», «Azərbaycan aşıq yaradıcılığında təcnis» və başqa kitablar nəşr olunmuşdur.
   Müxbir: - Elxan müəllim, keçirilən tədbirlər barədə nə deyərdiniz?
   - İnstitutda keçirilən müxtəlif tədbirlərdə bizim şöbənin əməkdaşları yaxından iştirak edirlər. Aşıq Ələsgərə, Aşıq Şəmşirə, Aşıq Bilala, Aşıq Əmraha, Aşıq Yanvara və başqalarına həsr olunmuş yubiley tədbirləri, konfranslar, saz-söz bayramları, «Dədə Qorqud» günü və başqa mərasimlər buna misal ola bilər. Məlumdur ki, 9 aprel - «Dədə Qorqud» günü kimi elan olunmuşdur. İndi bu tədbirə hazırlıq işləri görürük.
   Təklif: - Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi məzmunlu tədbirlər hamı kimi, bizim institut kollektivi tərəfindən də rəğbətlə qarşılanır... istərdik ki, folklorla, aşıq yaradıcılığı ilə bağlı nazirliyin keçirdiyi tədbirlərə bizim əməkdaşlar daha geniş şəkildə cəlb olunsunlar.
  
   Elçin Abbasov, istitutun elmi katibi, filologiya elmləri namizədi:
   - Respublika Milli Elmlər Akademiyasının Folklor İnstitutu Azərbaycan milli dövlətçiliyinin, xüsusilə onun milli-ideoloji əsaslarının möhkəmləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Məlumdur ki, folklorun öz işarə sistemi, öz dil şifrəsi ilə açılan kodları vardır. Folklor çoxqatlı, mürəkkəb bir sistemdir.
   Folklor İnstitutu xalqın bütün mədəni- mənəvi keyfiyyətlərini folklor materiallarında və tədqiqatlarında cəmləşdirir, bununla da xalq özünü daha yaxşı tanıyır.
   Folklor İnstitutu milli-mənəvi dəyərlərin qorunduğu məbəddir. Ən qədim zamanlardan bəri xalqın yaratdığı ən gözəl dəyərlər, adətlər, ənənələr, davranışlar, oyunlar, yarışlar, tamaşalar, musiqilər, rəqslər və söz sənəti burada qorunur. İnstitutda bu incilərin keşiyində duran peşəkar, cəfakeş kadr potensialı vardır. Burada elm və mədəniyyət quruculuğu siyasətinin tərkib hissəsi kimi xalqın zəngin mənəvi dünyasının öyrənilməsi problemlərinə xüsusi qayğı göstərilir.
   Dəyirmi masa təşkil edərək institutumuzun bu istiqamətdə gördüyü işlər barədə oxuculara məlumat verdiyinə görə «Mədəniyyət» qəzetinin kollektivinə dərin minnətdarlığımızı bildiririk.
  
   Sözardı: Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan Folklor İnstitutunun əməkdaşları strateji elmi layihələrin reallaşması və xalqımızın elmi-mənəvi dəyərlərinin qorunması istiqamətində əsl cəfakeşlik nümunəsi göstərirlər. Bu sahədə onlara uğurlar arzulayırıq.
  

   Qələmə aldı: Canalı Mirzəliyev






News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar