Cəfər Cabbarlı-110
   
   
   Bir türk oğlu olmalı...
   Mədəniyyət bulmalı
   
   Zaman, zamanla birgə dünyamız dəyişir. Dəyişməyən tarixdir. Tarix zamanın sərt sınağından ləyaqətlə çıxan, sıx süzgəcindən əyilmədən keçən, ədəbi-bədii sözü bütün varlıqlardan uca bilən söz-sənət sərraflarını həmişə qiymətləndirib, onların əsl dəyərini verib. Bu insanlardan söz düşəndə «yaşasaydı»…kəlməsiylə başlanan çoxlu sayda təəssüflə qoşalaşan arzular, istəklər, gözləntilər dilə gəlir. Əlbəttə, yaşasaydılar... Tanrı Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Əli Kərim kimi sənət fədailərinə qıymasaydı, XX əsr Azərbaycan ədəbiyyatı daha da zənginləşər, o insanların ömrü də bütövləşər, tamlaşardı. Yaşasaydılar... Gəlin etiraf edək, onların hər biri qısa ömürlərində yaşaya, yarada bilmədiklərinin də əvəzini çıxıblar. Bir çoxlarımızın yelə verdiyi 30-35 illik yaş dönəmində onlar özlərindən sonra böyük ədəbi irs qoyub gediblər. Bu irsi qoruyub saxlamaq, yaşatmaq, nəsillərə ötürmək məsuliyyəti hamıdan çox, ədəbiyyat tədqiqatçılarının, muzey işçilərinin öhdəsinə düşür.
   
   Əbədi həyat dastanı
   

   Ədəbiyyat əbədi həyat, dünya durduqca var olan həyatdır. Bu həyatdə yeri olanlardan biri erkən yaşlarından ədəbi mühitə can atan, özünü təsdiq edən yazıçı, dramaturq, şair, tərcüməçi, kino xadimi, bəstəkar, aktyor, gözəl insan Cəfər Cabbarlının çoxşaxəli ədəbi irsi, həyat və yaradıcılığının əksi olan əsərləri, əşyaları Bakının mənzərəli yerlərindən birində hələ də tarixiliyini, qədimliyini qoruyan evində yaradılmış muzeydə saxlanır. XIX əsrin sonuncu ilində Xızıda doğulan C.Cabbarlı XX əsrin birinci ilindən ailəsi ilə birgə Bakıda yaşamağa başladı. İlk şeirini yazanda 12 yaşı vardı, son əsərini 35-ində yazdı. Həyatın hər üzünü gördü, məhrumiyyətlərlə üzləşdi, həbslərdə yatdı, dövrünün yaşantılarını əsərlərinə köçürdü. 35 illik məhsuldar ömür qəlblərdə, ədəbiyyatlarda, arxiv sənədlərində, Nizami adına Ədəbiyyat İnstitutunda, Əlyazmalar İnstitutunda, Cəfər Cabbarlı adına Teatr Muzeyində (bu muzeyə 25 il ədibin həyat yoldaşı Sona xanım Cabbarlı rəhbərlik edib), Xızıda - dramaturqun doğma kəndində və Bakıdakı ev-muzeylərində yaşadılır.
   Cəfər Cabbarlının 35 illik ömrə sığmayacaq qədər böyük yaradıcılıq irsi Azərbaycan Xalq Cümhuriyyətinə sayğıdan yaranan, sovetlər birliyinin təməl prinsiplərindən olan sovet ideologiyasının tələbindən doğan əsərlərlə, çoxşaxəli yaradıcı fəaliyyətlə zəngindir. Azad qadın, azad insan, azad torpaq, azad millət- bu ideya Cabbarlı əsərlərinin ana xəttidir. «1905- ci ildə» əsəri, bizim şahidliyimizlə keçən 1988-dən bu yananın Qarabağ savaşı. Yazıçının böyüklüyü yaratdığı əsərlərin hər zaman tarixi dəyərini itirməməsində, aktuallığını saxlamasındadır:
   
   Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım
   Şu sevimli üç boyalı, üç mənalı bayrağı
   Mələklərin qanadımı üzərinə kölgə salan?
   Göy yapraqlı, al çiçəkli, yaşıl otlar topasımı?
   Hayır, hayır! Çiçək solur, otlar yerdə tapdanır.
   Fəqət bizim bayrağımız ucaları pək seviyor
   Yıldızlardan, hilaldan da
    yüksəklərdə fırlanıyor…
   

   35 ilə sığmayan ömür
   

   Cəfər Cabbarlının ev-muzeyinə qədəm basanları öncə göy qumaşa yazılmış, müstəqilliyimizin atributlarından olan ay-ulduzlu milli bayrağımıza həsr edilmiş bu şeir salamlayır. Ondan qabaq həyətdə «yaşlaşıb beli bükülən, qolları torpağı qucan» qosqocaman tut ağacı, qışın sazağında belə dərilməmiş meyvəsi qıpqırmızı qan rənginə çalan itburnu kolu, bir də paytaxtın hay-küyündən uzaq, bir əsr irəlinin Dağlı məhəlləsinə xas olmayan sakitlik içində uyuyan, çox təntənələrə, görüşlərə, çox dəyərli insanların gəlişinə, duyğusal çıxışlarına şahidlik edən bu daş-divar həzin bir ovqat yaradır. 80 il bundan irəli böyük Cəfərin öz layihəsi ilə tikilmiş yeddi otaqlı, üzü dənizə baxan bu bina 1979-cu ildən-Cabbarlının 80 illik yubileyindən - ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə ev-muzeyi kimi fəaliyyət göstərir. Elə həmin illərdə Heydər Əliyevin göstərişi ilə paytaxtın Dəmiryol vağzalının qarşısındakı meydanda heykəltəraş Mirəli Mirqasımovun müəllifliyi ilə ədibin böyük heykəli ucalır. Ev-muzeyinin rəsmi açılışı 1982-ci ilin mart ayında Cabbarlının doğulduğu bahar gününə təsadüf edir. O çağdan bu yana muzeyin direktoru, şairin qızı Gülarə xanım Cabbarlıdır. Bu il mart ayının 22-də Cəfər Cabbarlının 110, muzeyin yaradılmasının 30 ili tamam olacaq.
   30 ildə keçilmiş yolla, görülmüş işlərlə bizi muzeyin baş elmi işçisi, Cəfər Cabbarlının nəvəsi Qəmər xanım Abbaszadə tanış edir. Hər eksponat, fakt barədə ayrıca danışır, ətraflı bilgi verir, söylədiklərini tarixi sənədlərlə təsdiqləyir. «Muzeyimizin fondunda 9000-dən çox eksponat qorunub saxlanır, eyni zamanda yeni daxil olan materiallar hesabına günbəgün zənginləşir. Cabbarlının həyat və yaradıcılığını əks etdirən sənədlər, fotoşəkillər, sağlığında istifadə etdiyi, özünə, ailəsinə aid şəxsi əşyalar, əlyazmalar, məktublar, tamaşalara hazırlanmış səhnə maketləri, afişalar, müxtəlif rəsm əsərləri, 1946-cı ildə xalçaçı-rəssam Lətif Kərimovun eskizi ilə Gəncə şəhərində toxunmuş böyük xalça (bu xalçanın üzərində ədibin şəkli, əsərlərinin adları həkk olunub, çox dəyərli eksponatlardan biridir), Cabbarlı irsini tədqiq edən alimlərin elmi əsərləri, 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın hədiyyəsi olan divar saatı, asılqan, çarpayı, 1934-cü ildə yazıçıların I qurultayında rus yazıçısı Maksim Qorkinin hədiyyəsi olan qrammofon ekspozisiyada yer alıb.
   Cəfər Cabbarlının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi barədə mərhum prezident Heydər Əliyev xüsusi sərəncam imzalamışdı. Bu fərmandan sonra 2000-ci ildə yazıçının əsərlərindlən ibarət «Mənim Tanrım gözəllik» adlı kitab nəşr etdirmişik. 2001-ci ildə BP şirkətinin dəstəyi ilə «Cəfər Cabbarlı mükafatı» təsis etmiş, onu qaliblərə təqdim etmişik. Sonrakı il «XX əsr Azərbaycan incəsənətinin inkişafında Cəfər Cabbarlının rolu» kitabımız çap olunub. Muzeyin layihəsi əsasında dramaturqun əsərlərinə özünün bəstələdiyi 5 mahnıdan ibarət «Azad bir quşdum» adlı musiqi albomu işıq üzü görüb. Bu mahnılar «Almaz», «1905-ci ildə», «Od gəlini», «Sevil» və «Yaşar» əsərlərindəndir. «Almaz» əsərində Yaxşının mahnısının klip çəkilişləri aparılıb, babamın «Sevdiyim» şeirinə musiqi bəstələnib, klipi çəkilib. Bu sıradan hələlik son işimiz «Olmasın» şeirinə bəstəkar Emin Sabitoğlunun yazdığı mahnının təqdimatıdır. Daha bir neçə irihəcmli layihəmiz də var» - bunları Qəmər xanım birnəfəsə, ilk tanışlıq üçün söylədi.
   Cəfər Cabbarlının ev-muzeyinin qapıları şəhər sakinlərinin, qonaqların üzünə hər zaman açıqdır. Amma bura ən çox üz tutan tələbələr, məktəblilər, ədəbiyyat həvəskarları, böyüməkdə olan gənc nəsildir. Onlar üçün burda gördükləri hər eksponat canlı tarixdir. «Ay Sonası, çay gətir» - kiçicik çay stəkanına diqqət yetirirsən, bu sözlər yada düşür. Divardan asılmış tara, qavala, qonaq otağının yaraşığı pianinoya baxırsan, Cəfərin səsi gəlir: «Hə indən belə məni işə tar-qavalla yola salarsınız». Xatirələrdi, eksponatlara baxırsan özləri dillənir. İl boyu Cabbarlının ev-muzeyində müxtəlif səpkili tədbirlər, bayramlar, yubileylər keçirilir. İndi hamılıqla ədibin 110 illik yubileyinə ciddi hazırlıq görülür, geniş tədbirlər planı hazırlanır.
   
   Həyat, sən onunsan
   

   Axan çaylar, sən kiminsən?
    -Mənə körpü salanın.
   Doğan günəş, sən kiminsən?
    -Məndən işıq alanın.
   Sonsuz fəza, sən kiminsən?
    -Məndə qanad çalanın.
   Həyat, söylə, sən kiminsən?
    -Mən həyatı öyrənənin, bacaranın, alanın.
   

   Görünür, Cəfər Cabbarlı həyatının yarıda qırılacağını hiss etdiyindən, qısa ömründə onu öyrənməyi, həyatdan istədiklərini almağı, eləcə də xalqa, millətə gərək olanı verməyi bacardı. Özündən sonra neçə-neçə nəslə yadigar qalacaq, onları tərbiyə edəcək, dünyəvi, milli dəyərlər aşılayacaq, vətənə məhəbbət, elə bağlılıq hissləri doğuracaq əsəplər toplusu yadigar qoydu. Dünya ədəbiyyatından ən seçmə nümunələr tərcümə elədi, dram əsərləri, hekayələr, şeirlər, ssenarilər yazdı, musiqilər bəstələdi, musiqi alətlərində ifa eləməyi öyrəndi, 1927-ci ildə Rza Təhmasibin rejissorluğu ilə çəkilən «Balıqçılar» filmində balıqçı rolunda aktyorluğunu sınadı. Mollaxanada, rus-tatar məktəbində, realnı məktəbdə, Politexnik Sənaye Texnikumunda (indiki Neft Akademiyası), Bakı Dövlət Universitetinin tibb fakültəsində, həmin universitetin şərq fakültəsində təhsil aldı, tarix fakültəsində mühazirələr dinlədi, Bakı Teatr Texnikumunda oxudu. Qısa müddətli həbslər üzündən təhsilini tamamlaya bilmədi, amma çox böyük həyat məktəbi keçdi. Həyatı, insanları, vətənini sevdi, bu sevgi ilə qürur duydu. Bu gün Cəfər Cabbarlının ruhu olduğu kimi, ola biləcəyi kimi Bakının Dağüstü yamacındakı o köhnə, ciddi təmirə, qayğıya ehtiyacı olan qədim binadakı ev-muzeyində sakit, rahat bir ömür yaşamaqdadır. Yaşamaqdadır, çünki onu yaşadan ədəbi irsi, yaşatmağı bacaran insanlar var.
   
   Bu göy boya Göy Moğoldan qalmış
    bir türk nişanı,
   Bir türk oğlu olmalı!
   Yaşıl boya islamçılığın sarsılmayan inamı,
   Ürəklərə dolmalı!
   Şu al boya azadlığın, təcəddüdün fərmanı
   Mədəniyyət bulmalı!
   

   Fimar Asimqızı







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar