Dünən çərşənbələr arasında sayca üçüncü olan yel çərşənbəsi idi. “Novruznamə”nin təbirincə, yel çərşənbəsi ilaxır çərşənbədir. Yel çərşənbəsi nədir, xalqımız həmin gün əsasən nə etməlidir? Həmin gün hansı ayinlərdən, inanclardan istifadə etmək lazımdır?   

Yel çərşənbəsinə el arasında “Küləkli çərşənbə”, “Külək oyadan çərşənbə”, “Yelli çərşənbə”, “Heydər çərşənbəsi” də deyilir. Mifologiyamızda ağ yel - ağ, qara yel - qara, xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır. Külək gün ərzində bir neçə dəfə dəyişir. Belə dəyişmələr yerin təmizlənməsi kimi qəbul edilir. O, ərzi gəzib oyanmış suyu, odu hərəkətə gətirir, yazın gəlişindən xəbər verir.
   Folklorumuza görə, Yer kürəsini bərqərar edən su, od, hava, torpaq içərisində hava yerdə qalan bu üç ünsürə “münasibətini” bildirməsə, təbiət oyanmaz. Məsələn, havalar bəzən vaxtından əvvəl istiləşir, təbiət oyanır, ağaclar “aldanıb” çiçəkləyir. Sonra havanın temperaturu birdən-birə aşağı düşəndə vaxtsız açmış çiçəklər şaxtaya davam gətirmir, məhv olur. Bunun özü il üçün fəlakətdir. Çünki məhsulu şaxta vuran yerdə il ağır keçər, aclıq olar. Odur ki, yel çərşənbəsində el adamları küləyi vəsf edər, ona nəğmələr qoşar, ayinlər yerinə yetirərmiş. Məsələn, belə inanc var ki, ağac barsız olanda onu qorxudurlar: “Bu il də bar verməsən, səni baltalayacam”. Bütün bunlar da yel çərşənbəsi ərəfələrində olur.
   Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedər, niyyət edib Yel babanı çağırarlar. Əgər Yel baba sənin səsini eşidib əsirsə və söyüd “başını əyib” budaqlarını yerə toxundurursa, deməli, diləyin hasil olub. Yazda əldən çıxardığın bir günü bir ilə qaytara bilməzsən. Bu da yel çərşənbəsinə aid inanclardandır.
   
   FƏXRİYYƏ