Ötən ilin avqustunda Gəncədə ezamiyyətdə olanda dostum - məşhur aşıq Allahverdi Qəmkeşin oğlu Ramizlə rastlaşdım. Onunla 1993-cü ilin fevralında - Kəlbəcərin ağır günlərində tanış olmuşdum. Biz dövlət televiziyasından çəkiliş aparmaq üçün çox böyük əziyyətlə gəlib Kəlbəcərə çıxmışdıq. O vaxt Kəlbəcərdə çoxu kəşfiyyatçı Ramizin igidliyindən danışırdı. Allahverdi Qəmkeşi də onda tanıdım. Və Kəlbəcərlə bağlı o günlər böyük bir yazının mövzusudur. Sağlıq olsun, nə vaxtsa onu da qələmə alacağam...
  
   Ramiz məni və dostlarımı evinə dəvət etdi. Kəlbəcərin işğalından sonra onların ailəsi Gəncənin Göygöl rayonu tərəfə gedən yolun üstündə məskunlaşıb - orda torpaq alıb ev tikiblər. Həyətə girəndə evdən başqa, qarşısında Allahverdi Qəmkeşin böyük büstü olan təzə bir tikili diqqətimizi çəkdi.
   - Həyətimdə atamın muzeyini yaratmışam, - Ramiz çox məmnuncasına dinləndi, - bu büstü də Qazaxda bir heykəltəraşa düzəltdirmişəm. Muzeyə baxaq, çayı da orda içək.
   Muzey ekspozisiyasının tərtibatı sadə və səliqəlidir. Burda məşhur el sənətkarına aid 500-ə yaxın eksponat toplanılıb. Qəmkeşin sazı, paltarı, təsbehi, tüfəngi, əlyazmaları, çap maşını, medalları, nərdtaxtası, kitabları, sənət dostları ilə çəkdirdiyi fotoşəkillər... Zalın baş hissəsində aşığın ayaq üstə, əlində saz olan təsviri toxunmuş xalça asılıb. Qeyd edim ki, A.Qəmkeşin sifət çizgilərinin ifadəliliyi, rənglərin ahəngdarlığı xalçaçının ustalığından xəbər verir. Muzey 2004-cü ildə - A.Qəmkeşin ölümündən 2 il sonra açılıb. Azərbaycanın əksər sənət adamları, şair-yazıçılar, Milli Məclisin bir çox üzvləri burda olublar.
  
   Allahverdi Qəmkeşin ömürlüyündən
  
   Allahverdi Əli oğlu Allahverdiyev (Allahverdi Qəmkeş) 1933-cü ildə Kəlbəcərin Şapılar kəndində dünyaya göz açıb. Söz-sənət adamı olan atası Əli kişinin el-obada böyük hörmət və nüfuzu vardı. Allahverdi 1955-ci ildə Şuşa Pedaqoji Texnikumuna qəbul olunur. O, bir il sonra Moskvada keçirilən Azərbaycan incəsənəti festivalında çıxış edir. Festivalın laureatı olan Allahverdini geri qayıdanda pis qarşılayırlar, daha doğrusu, texnikumun direktoru Armen Xaçaturyan azərbaycanlı tələbənin bu qələbəsini həzm edə bilmir. İş, canlı-cüssəli Allahverdinin Xaçaturyanı döyməsi ilə nəticələnir. Və gələcəyin məşhur aşığı bununla da texnikumu tərk etməli olur. Atası Əli kişi ətraf bölgələrin tanınmış aşıqları ilə dostluq edirdi. Oğluna yaxşı saz bağlatdırır, əvvəlcə onu aşıq Şəmşirin, sonra da aşıq Ələsgərin yetirməsi aşıq Ağayarın yanına şagirdliyə qoyur. Allahverdi o günlərdən öz ustadları ilə toylara getməyə, söz-sənət meydanında püxtələşməyə başlayır. Tezliklə Allahverdi Qəmkeş adı ilə tanınan aşığın sorağı Dağıstan, Gürcüstan və Orta Asiya respublikalarından gəlir. O vaxtlar Təbrizdən dəvət alsa da, gedə bilmir. Bir az qabağa gedib deyim ki, 1993-cü ilin aprelində Allahverdi Qəmkeş bütün Kəlbəcərlə birgə cənnət yurd-yuvasından didərgin düşəndən sonra təbrizli aşıqlar Gəncəyə - məşhur aşığın ziyarətinə gəldilər. Özü də dəfələrlə. Allahverdi Qəmkeşlə Təbriz aşıqlarının saz-söz deyişmələrinin hamısını Ramiz lentə alıb. Biz də onlardan bəzi parçalara böyük həvəslə baxdıq. Sonralar Qəmkeş VI Ümumdünya, neçə-neçə Ümumittifaq festivallarının qalibi, Aşıqlar Birliyinin üzvü kimi III-IV-V Aşıqlar Qurultayının iştirakçısı olur, iki şeir kitabı çap olunur. Əlbəttə, bütün bu sadaladıqlarım məşhur aşığın zəngin ömrünün bəzi məqamlarıdır.
  
   «Şair-aşıq Allahverdi Qəmkeş xatirələrdə»
  
   Elə bu başlıq altında 2008-ci ildə çox nəfis tərtibatda, aşıq sənətinin bilicisi, filologiya elmləri namizədi Elxan Məmmədlinin ön sözü ilə bir kitab nəşr olunub. Kitabı araya-ərsəyə gətirən də aşığın oğlu Ramizdir. Bu nəşrlə bağlı söhbətə keçməzdən əvvəl deyim ki, Ramizin atasına olan övlad məhəbbəti, onun adına, xatirəsinə ehtiramı bir örnək kimi adamı duyğulandırır. O, təkcə bu muzeyi açmaqla, bu kitabı çap etməklə kifayətlənmir, atasının dostluq ediyi, duz-çörək kəsdiyi, toy məclislərini apardığı yaxın-uzaq adamları axtarıb tapır, onların Allahverdi Qəmkeşlə bağlı xatirələrini yazıya alır, nadir fotoşəkillərini əldə edir. Bir kəlmə ilə desək, Ramizin ömrünün mənası - atasının xatirəsini əbədiləşdirməkdir. Elə məni də bu qeydləri qələmə almağa sövq edən A.Qəmkeşin yaradıcılığından daha çox, Ramizin atasına bəslədiyi bu sonsuz məhəbbəti oldu.
   İndi keçək kitaba. 240 səhifəlik bu nəşrdə Allahverdi Qəmkeşin həyat yoldaşı, övladları, qardaşları - şair İdris Əlioğlu və Həbib, təkrarsız muğam ustası Alim Qasımov, şair Məmməd Aslan, sabiq millət vəkili Əlövsət Ağalarov, xalq şairi Zəlimxan Yaqub, aşıq Ədalət, Qəmbər Şəmşiroğlu, şair Adil Cəmil, professor Yusif Əhmədov və başqa söz-sənət vurğunlarının xatirələri yer alıb. Kitabda həmçinin A.Qəmkeşin oğlu Tahir, Mikayıl Azaflı, Aybəniz Laçınlı, şair Məhəmməd, şair Firudin Şimşək, şair Şücaətlə deyişmələri və məşhur aşığın xatirəsinə yazılmış şeirlər də toplanılıb.
  
   «Şair, asta yeri, insan yatıbdı»
  
   Muzeydəki rəy kitabını vərəqləyirəm. Qars, Təbriz, İzmir, Borçalı, Dərbənddən gələn qonaqların ürək sözlərini oxuduqca bir daha əsl sənətin ölməzliyi haqqında düşünürəm: uzaq-uzaq ellərdən bu qədər adamı Qəmkeş ocağına çəkib gətirən yalnız sənətin işığıdır. Onu da deyim ki, bu günə kimi muzeydə olan qonaqlar və onların söhbətlərinin çoxu lentin yaddaşına köçürülüb.
   Ramizdən atasının daha çox hansı şeirini sevdiyini soruşuram. Sinədəftər müsahibim elə bil bayaqdan bu sualımı gözləyirmiş kimi müqəddiməsiz sözə başlayır:
  
   Bu gün yolum düşdü qəbristanlığa,
   Orda zaman qışdı, dövran yatıbdı.
   Sanki pıçıldaşdı hər məzar daşı:
   - Şair, asta yeri, insan yatıbdı.
  
   Pul işləmir orda, qiymətsizdir zər,
   Sərdar hökm eləmir, işləmir nökər.
   Nə zəhmət var orda, nə alında tər.
   Ağadan yuxarı çoban yatıbdı.
  
   Ramiz şeiri axıra kimi söylədi və sonra da əlavə edi:
   - Bu şeiri atam 50-ci illərdə yazıb. 7 bənd olub. Elə o vaxtlar çap olunub, kitabında da var. Sonra onu qırx bəndə çatdırıb.
   - Bu şeir Səməd Vurğunun deyil?
   Ramiz sualıma çox sakitcə cavab verir:
   - Müəllim, tək siz yox, bunu mənə çoxları deyib. Sadəcə, bu şeir Səməd Vurğunun ruhunda yazılıb. Üzü 50-ci illərdən bəri bu qoşma yüzlərlə məclisdə oxunub.
  
   «Yaxşı ata olmaqdansa, yaxşı oğul atası olasan»
  
   Ramizdən atası ilə bağlı kitaba düşməyən bir-iki xatirə danışmasını xahiş edirəm.
   - Bizim kənddən bir oğlan qız qaçırıbmış. Bu olub 50-ci illərdə. Özü də dekabr ayında. Oğlanın atası gecə ilə bizə gəlir ki, sabah toy eləmək istəyirəm. Atam deyir ki, mağarda peç qoyun, ətrafı xalça-palazla yaxşı örtün. Xülasə, toy başlayır. Atam sazı götürür, nə götürür. Demək, çöldə soyuq, isti mağar, iynə atsan, yerə düşməz. Toy səhərə kimi çəkir. Bir də baxırlar ki, düz dünya ağappaqdı. Demə, gecədən qar yağmağa başlayıb, ancaq heç kimin xəbəri olmayıb.
   Bir dəfə də atam, deyəsən, Yevlaxda toy aparır. Birdən şıq geyimli, qalstuklu bir nəfər atama yaxınlaşır ki, mənə bir bak benzinin pulunu verməlisən. Atam əvvəlcə, kişinin nə dediyini anlamır. Sonra məlum olur ki, bu adam Bakıdan toya gəlibmiş. Hansısa nazirlikdə işləyirmiş. Yevlağa çatar-çatmaz xəbər gəlir ki, təcili Bakıya qayıtmalıdır. Maşınını küçədə saxlayır, lakin söndürmür. Fikri bu imiş ki, içəri keçib toy pulunu yazdırsın və geri - Bakıya yola düşsün. Mağarda da Allahverdi Qəmkeş cövlan eləyirmiş. İndi, gəl, bu məclisdən get. Qısası, qonaq küçəyə çıxanda görür ki, benzin qurtarıb, maşın sönüb...
   Atam çox qonaq-qaralı olub. Ömrünün son illərində həmişə bizə deyərdi ki, mən öləndən sonra da qonaqlarımı dəyişməyin. Və sözünü açıqlamaq üçün misal çəkərdi: əri ölən bir bəy arvadı qapı ağzında oturubmuş. Ərinin bəy dostlarından biri yoldan keçəndə soruşur ki, necəsən? Qadın cavab verir ki, necə olacağam, ərim sağ olanda sizin kimi bəylər qapımı açardı. İndi qonağım Tülü Əhməddi, Balta Həsəndi, Oğru Əlişdi.
   Bir də atamın bəzi sözləri var ki, istəyirəm onları olduğu kimi yazasınız. O, deyərdi:
   - Qonaqlarınıza qapını açıq qoyun. Bir qəbrə qapı qoymurlar.
   - Kasıbçılıqla ölümün arasında bircə qarış yer var.
   - Doğma ana da varlı balasının adına and içir.
   - Kasıbın qapısını ölümdən başqa heç kim açmır.
   - Yaxşı ata olmaqdansa, yaxşı oğul atası olasan.
  
   * * *
   2007-ci ilin aprelində Gəncədə Allahverdi Qəmkeşin 75 illik yubileyi keçirildi. Qəmkeşsevərlərin çoxu yığılmışdı bu məclisə. O tədbiri aşıq sənətinin bayramı da adlandırmaq olardı. Sevindirici haldır ki, son illər milli mədəni irsimizə dövlət qayğısı daha da artıb. Elə ötən il Bakıda Aşıqlar Qurultayının keçirilməsi də dediklərimizin sübutudur. Bu qədim sənətin inkişafı ilə bağlı qurultayda bir çox vacib məsələlərə toxunuldu. İnanırıq ki, bir çox el aşıqları kimi Allahverdi Qəmkeşin də yaradıcılığı geniş tədqiq olunacaq və onun 80 illik yubileyi daha geniş çevrədə keçiriləcək.
  
   Qorxmaz Şıxalıoğlu