Hidayət ORUCOV,
   Azərbaycan Respublikası Dini
   Qurumlarla İş üzrə
   Dövlət Komitəsinin sədri

 

   Keçmiş gələcəyin aynasıdır. Başqa sözlə, sağlam, parlaq gələcək işıqlı keçmişdən başlayır. Amma bəzən gələcək keçmiş qədər işıqlı olmur. Çünki insanlar keçmişdəki işığı gələcəyə daşıya bilmirlər. Heydər Əliyev Azərbaycan xalqını və dövlətini aydınlığa çıxarmış işıqdır. Deməli, Azərbaycanın sabahı bu işığı gələcəyə necə daşımağımızdan, daha aydın desək, indiki nəslin üzərinə düşən vəzifəni hansı səviyyədə yerinə yetirməsindən asılıdır. Əslində, bu, vəzifə yox, tarixi missiyadır. Bu baxımdan Heydər Əliyev Fondu Azərbaycanın gələcəyinə işıq daşımaq missiyasını üzərinə götürən və bunu uğurla yerinə yetirən BÖYÜK təşkilatdır.
  
   Heç kimə sirr deyil ki, Ulu Öndərimiz Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-dini abidələrimizin bərpasına müvəqqəti, kampaniya xarakterli iş kimi yox, uzunmüddətli din siyasətinin tərkib hissəsi kimi yanaşırdı. Ona görə, tarixi-dini abidələrin bərpası həmişə Azərbaycan dövlətinin din siyasətinin tərkib hissəsi olmalı, əsla müvəqqəti xarakter daşımamalıdır.
   Ümummilli Liderin alternativsiz siyasi xəttini uğurla və uzaqgörənliklə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun ilk gündən qeyd olunan məsələni diqqət mərkəzində saxlaması bu həqiqəti bir daha təsdiqlədi. Məlum oldu ki, Ümummilli Liderin əsasını qoyduğu din siyasəti və onun tərkib hissəsi kimi bu ənənə Ulu Öndərə layiq şəkildə davam etdiriləcəkdir.
   Heydər Əliyevin böyüklüyü həm də onda idi ki, tarixi-dini abidələrin bərpası dedikdə yalnız İslama deyil, digər səmavi dinlərə məxsus abidələri də nəzərdə tuturdu. O, həm Prezident, həm də bir vətəndaş kimi ölkədəki dini konfessiyalara eyni gözlə baxır, istər yəhudilərə, istərsə də xristianlara məxsus tarixi-dini abidələrin, sinaqoq və kilsələrin bərpasına lazımi köməyini əsirgəmirdi. Məhz onun dəstəyi ilə qısa bir müddətdə neçə-neçə kilsə və sinaqoq təmir olundu, yeniləri inşa edildi.
   Bu gün Prezident İlham Əliyev Ulu Öndərimizin layiqli davamçısı kimi, böyük tarixə malik dini məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirir. «Bibiheybət» məscid-ziyarətgah kompleksinin, İçərişəhərdəki Cümə məscidinin yenidən bərpa edilib istifadəyə verilməsi, Təzəpir, Əjdərbəy, eyni zamanda digər məscid və ziyarətgahlarda aparılan tikinti, yenidənqurma işləri Azərbaycanda milli-mənəvi dəyərlərə, dini-tarixi abidələrə dövlət səviyyəsində yüksək qayğı ilə yanaşıldığını göstərir.
   Bu da həqiqətdir ki, yeni məscidlərin, ziyarətgahların, xristian və iudaizm məbədlərinin tikintisi və bərpasında Heydər Əliyev Fondunun məqsədyönlü və ardıcıl fəaliyyəti xüsusilə qabarıq nəzərə çarpır. Fond öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına böyük önəm verir.
   Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Əzizbəyov rayonunun Binə qəsəbəsində Möhsin Səlim və İmam Rza məscidlərində, Pirhəsən ziyarətgahında, Gəncə şəhərində Şah Abbas və Həzrət Zeynəb məscidlərində, Cavad xan və Comərdi Qəssab məqbərələrində aparılmış yenidənqurma və bərpa işləri buna əyani sübutdur.
   Eyni zamanda, Fond Bakı şəhərində Rus Pravoslav Baş Kafedral və Katolik kilsələrinin təmiri və bərpası, eləcə də Qubada yəhudi tarixi muzeyinin yaradılması məqsədilə layihələr həyata keçirir.
   Şübhəsiz ki, Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına böyük önəm verməsi həm Ulu Öndərin qoyduğu ənənələrinin bütün səviyyələrdə davam etdirilməsinin, həm də Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə ehtiramının və həssas münasibətinin göstəricisidir.
   Heydər Əliyev Fondu təkcə milli-mənəvi dəyərlərimizə və dini-tarixi abidələrimizə yox, həm də xalqımızın yüzilliklər boyu formalaşmış tolerantlıq ənənələrinin qorunmasına, yüksək səviyyədə təbliğ olunmasına xüsusi diqqətlə yanaşır. Həqiqət naminə deyilməlidir ki, Fond beş ildə Azərbaycan həqiqətlərinin, o cümlədən ölkəmizdəki dini və milli dözümlülük ənənələrinin beynəlxalq aləmə tanıdılmasında böyük uğurlara imza atıb.
   Təsadüfi deyil ki, Azərbaycanın tarixi tolerantlıq ənənələrini nəzərə alaraq, Latın Mədəniyyəti Akademiyası özünün sayca XII konfransını Bakıda Heydər Əliyev Fondu ilə birgə keçirib. Eyni zamanda, Mehriban xanım Əliyevanın qayğısı və təşəbbüsü ilə mədəni müxtəlifliyə, dinlərarası dialoqa həsr edilmiş mötəbər beynəlxalq konfranslar təşkil olunub, Fondda nüfuzlu din xadimləri ilə yüksək səviyyədə görüşlər keçirilib.
   Ən əsası odur ki, Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin YUNESKO və İSESKO səviyyəsində təbliğ olunmasına, bu mötəbər beynəlxalq təşkilatların ölkəmizin təbliğatçısına çevrilməsinə nail olub.
   Bu gün Azərbaycan Heydər Əliyev Fondunun məqsədyönlü və uğurlu fəaliyyəti nəticəsində BÖYÜK MƏDƏNİYYƏTİNİ dünyada ən yüksək səviyyədə tanıtmaq və nümayiş etdirmək imkanı qazanıb. Xalqımızın zəngin mədəni irsi - musiqisi, ədəbiyyatı, incəsənəti, tarixi-mədəni abidələri təkcə ölkəmizdə yox, həm də - YUNESKO səviyyəsində qorunur. Azərbaycan mədəniyyətinin və ədəbiyyatının görkəmli nümayəndələrinin yubileyləri bu mötəbər təşkilatın geniş imkanları çərçivəsində qeyd olunur. Təbii ki, bütün bunlar təkcə Heydər Əliyev Fondunun deyil, mədəniyyətimizin, ümumilikdə Azərbaycanımızın uğurudur.
   BÖYÜK MƏDƏNİYYƏTİ yalnız böyük xalqlar yarada bilər. Çünki hər bir xalqın mədəniyyəti onun simasının və səviyyəsinin göstəricisidir. Muğam kimi zəngin musiqisi olan xalqın mədəniyyətinə dünyanın biganə qalması mümkün deyil. Deməli, Azərbaycanın BÖYÜKLÜYÜNÜ sübut etmək üçün onun mədəniyyətini təbliğ etməyə ehtiyac var, daha doğrusu, dünya mədəniyyətimizi tanıdıqca, onun arxasında dayanmış xalqın böyüklüyünün fərqinə varacaq. Bu baxımdan Heydər Əliyev Fondunun muğamımıza, ədəbiyyatımıza, tarixi-mədəni abidələrimizə sahib çıxması təkcə mədəniyyət məsələsi kimi qiymətləndirilə bilməz. Bu, həm də ümummilli məsələdir.
   Ulu Öndərimizin apardığı uğurlu din siyasəti nəticəsində qorunub saxlanılmış tolerantlıq ənənələri, bərpa edilmiş tarixi-dini, memarlıq abidələrimiz, xalqımızın zəngin incəsənəti, ədəbiyyatı bizim dünya mədəniyyətinə ən böyük töhfəmiz, gələcək nəsillər üçünsə ən dəyərli mirasımızdır. Heç şübhə yoxdur ki, Azərbaycan xalqı bu irsin sahibi, Heydər Əliyev Fondu isə himayədarı və təbliğatçısı kimi tarixdə qalacaqdır.