Bəzən sevimli yazıçılarımızın yaşadığı dövrə - deməli, həm də keçmişimizə... xəyalən səyahət edirik və bu xəyalı bir az reallaşdırmaq, o auranı yaşamaq üçün muzeylərə üz tuturuq. Lakin çox zaman o məkanı kimsəsiz, xəyallarımızdakı sevimliləri tənha görəndə qəlbimizin sarı simi qırılır. Yəni, doğrudanmı, xalqımız öz keçmişinə, öz mədəniyyətinə - öz zövq babalarına bu qədər biganədir? Yaxud tariximizi, incəsənətimizi bu qədər dərindən bilirikmi ki, artıq muzeylərə getməyə lüzum qalmayıb?..
   Bu suallara cavab tapmaq, problemin kökünü çözmək üçün paytaxt sakinləri arasında kiçik bir sorğu apardıq.
   
   Bələdçilərdən yaman şikayətlər varmış...
   
   Əvvəlcə öz müşahidələrimdən: muzeylərimizin əksərində bələdçilər çox passivdir. Hansısa bir eksponat barəsində məlumat almaq üçün əvvəlcə gərək bələdçini axtarıb tapasan, sonra onu səni dinləməyə, sualını eşitməyə hazırlayasan və bütün bunlardan sonra - ya qismət, sualına cavab alasan. Lakin vay o gündən ki, hansısa bir eksponatı bəyənib qarşısında şəkil çəkdirmək istəyəsən! Elə həmin an bələdçi, Ələddinin sehrli çırağından çıxan məxluq kimi, yanında peyda olub pulsuz şəkil çəkdirməyin qadağan olunduğunu, bu «cahanşümul hadisə»nin yalnız pul ödəməklə mümkünlüyünü izhar edəcək. Elə respondentlərimizin də əksəri bu problemi əsas səbəb kimi qeyd etdi.
   Kamilə Həsənova (45 saylı məktəbin 11-ci sinif şagirdi): Səbəbi KİV-lərin və məktəbdəki müəllimlərin zəif təbliğatında görürəm. Bir də mənə elə gəlir ki, muzeylər məktəblilər üçün pulsuz olmalıdır. Şəxsən mən bir dəfə sinif uşaqlarımızla Qız Qalasına gedərkən onlardan bir neçəsi giriş haqqının baha olduğundan içəri keçmədi. Ən əsas səbəb isə muzey işçilərinin laqeyd münasibətləridir. Gərək yüz minnət-xahişdən sonra hansısa bir eksponat haqqında məlumat ala biləsən. Heç o məlumatı deməsələr yaxşıdır!
   Sonra da deyirlər muzeyə gələn yoxdur!
   Gülnar Nəcəfova (63 saylı məktəbin 10-cu sinif şagirdi): Əslində mənim muzeylərə gedib antikvar eksponatlarla tanış olmağa böyük marağım var idi. Amma indi bu marağım, demək olar ki, ölüb. Çünki 1-2 dəfə gedib muzeylərdə gördüyüm ölüvay ab-hava mənim marağımı da öz gününə saldı. Muzeylərdə adam görmək olmur, özünü lap tənha adaya düşmüş Robinzon Kruzo kimi hiss edirsən. Bələdçiləri isə ancaq giriş-çıxışda və ya oradakı ən maraqlı “eksponant”ın - kassanın qarşısında görə bilərsən. İçəridə də ki, əbədi ağır hava! Eksponatların “tez-tez” silindiyi isə səthlərindəki tozdan bəlli!
   
   Bəlkə günah valideynlərdədir?
   
   Heç uzağa getməyək, qonşumuz Rusiyaya diqqət edək. Hələ uşaq yaşlarından övladlarında teatra, muzeyə, ümumiyyətlə mədəniyyətə böyük həvəs aşılanır, sevdirilir. O uşaq böyüyəndə artıq ona “Muzeyə getmək lazımdır” kəlməsi deyilmir də; incəsənətə, mədəniyyətə sevgi onun qəlbində uşaq yaşlarından kök salıb, axı! Bəs bizdə? Uşaqları teatrlara, muzeylərə, sərgilərə aparıb onları incəsənətlə tanış etmək əvəzinə, kompyuter zallarında “oyun”lar (!) oynayıb boş vaxt keçirmək üçün övladlarına pul verirlər və s. Bu halda günahı özümüzdə axtarmayaqmı?
   Könül Mayılova (ssenarist): Mən muzeylərə gedərkən çox darıxıram, çünki ab-havası cansıxıcıdır. Lakin elə muzeylər də var ki, öz interyeri, qəribə eksponatları ilə adamı özünə cəlb edir, insanda xoş təəssürat oyadır. Bir də ki, muzeylərə gərək uşaq vaxtından həvəs ola, bunu da evdə valideyn, məktəbdə müəllim aşılamalıdır. Gənc yaşlarında isə artıq maraq dairəsi dəyişir, başqa obyektlər muzeyləri üstələyir.
   Yeganə Həsənova (tələbə, ADMİU): Sonuncu dəfə Muzey Mərkəzində olmuşam. İnsanların muzeylərə getməməyinin əsas səbəbi, məncə, İnternet «era»sından irəli gəlir. Məsələn, mən istədiyim muzeyə gedib vaxt itirməkdənsə, kompyuter qarşısında əyləşib istənilən muzeylə bağlı informasiya və fotoları İnternetdən əldə etməyə üstünlük verirəm. Amma yaxşı olardı ki, uşaq yaşlarında valideynlər uşaqlarını muzeylərə aparıb, onları tariximizlə tanış etsinlər.
   
   P.S. Göründüyü kimi, muzeylərə getməməyin səbəbləri var. Nəticə olaraq, günah ziyarətçilərdə yox, muzeyçilərdə axtarılmalıdır.
 
  
   Yeganə CANSAİL
   
YeganeC@list.ru