Professor İsmayıl Məmmədov: "Tariximizin bütün dönəmlərində baş vermiş hadisələrlə bağlı dilimiz zəngin faktlar verir"
   
   Dil zaman, şərait həddini tanımır, daim onlardan üstündür. Dilimizin dünyanın zəngin dillərindən biri olduğu barədə müxtəlif qənaətlər mövcuddur. Bəziləri deyirlər ki, bu, pafosdan başqa bir şey deyil. Amma doğrudan da Azərbaycan türkcəsinin zənginliyi haqda danışmağa tam haqqımız var.   

   Professor İsmayıl Məmmədov deyir ki, dilimiz daha çox işləndikcə, tədqiq edildikcə onun sanbalı, qiyməti daha artıq səviyyədə görünür, bilinir: "Dilimizi ardıcıl şəkildə tədqiq etdikcə onun zənginliyinin dönə-dönə şahidi oluram. Dilimizin qrammatik quruluşu sabitdir. Dədə Qorqud zamanındakı dilə nəzər salaq: "Əski pambıq bez olmaz", "Kül təpəcik olmaz", "Çıxan can geri dönməz" və s. Həmçinin dilimizin o zamandan bəri leksik tərkibinin də aydın, sabit olduğuna əminliyimiz daha da artır. İngilislər 4 əsr o yana - Şekspir dövründəki dillərini yaxşı başa düşmürlər. Amma Nəsiminin, Qazi Bürhanəddinin və başqalarının dilinin aydınlığı bizə məlumdur. Dilimiz tariximizin bütün dönəmlərində baş vermiş hadisələrlə bağlı bizə zəngin faktlar verir. Bəziləri belə deyirlər ki, XI əsrdə oğuzlar gəliblər, o vaxtadək burada guya başqa dildə danışanlar olub, türklər gələndən sonra buradakıları türkləşdiriblər. Ümumiyyətlə, həmişə hakim dövlətlər, xalqlar çalışıblar ki, işğal etdikləri xalqların tarixini müasirləşdirələr, "sübut edələr" ki, siz qədim deyilsiniz, buralara dünən gəlmisiniz. Tarixən dilimiz ən mübariz dillərdən olub. Şah İsmayıl Xətainin vaxtında dilimiz sarayda, orduda, ədəbiyyatda güclü mövqeyə malik idi. Xanlıqlar dövründə də dilimizin mövqeyi pis olmayıb. Azərbaycanın Rusiya və İran arasında parçalanmasından sonra dilimizə zərbə dəydi, amma o, yenə də məhv olmadı, dəyanətlə varlığını qoruyub saxlaya bildi".
   Dilimizin əlvanlığı gözəldir, amma müəyyən hallarda çoxmənalılıq dilə ziyan da verir. Çox zaman soydaşlarımız bu çoxmənalılıqdan qurtulmaq məqsədilə "türkün sözü" ifadəsindən istifadə edirlər. Amma bu da aydınlıq, müəyyənlik yaratmır. İ.Məmmədov deyir ki, çoxmənalılıq dilin təbii cəhətidir: “Elə dil var ki, orada bizdəki qədər çoxmənalılıq yoxdur. C.Cabbarlının "Sevil" pyesində Babakişi ilə Atakişi həmişə biri-biri ilə rastlaşanda "türkün sözü" ifadəsini işlədirlər. Bizdə sözü müxtəlif mənalarda yozmaq məsələsi var”.
   Azərbaycan radiosu və televiziyası ötən müddət ərzində ardıcıl olaraq ana dilimizin keşiyində durub. Uzun müddət Azərbaycan televiziyasında "Azərbaycan dili" adlı populyar verilişin aparıcısı olmuş İsmayıl Məmmədov bu barədə həmişə ürəkdolusu danışır: “Azərbaycan radiosu və televiziyası ötən müddət ərzində publisistikamızın ənənələrini davam və inkişaf etdirib, şifahi ədəbi dilimizi canlı danışıq və ümumxalq dilinin təravəti ilə - sintaksis və intonasiya vasitələri ilə dolğunlaşdırıb. Televiziyada səslənən dil ədəbi tələffüz normalarına əməl olunmaqla işlədilən dildir. Lakin bu, nə tamamilə rəsmi dildir, nə də bir o qədər bədii dil; bu dil canlı danışıqla, ümumxalq dili ilə zənginləşmiş ədəbi dilin dolğun bir formasıdır. Televiziya və radioda sözün təsir qüvvəsi, estetik vəzifəsi bütün təbliğat vasitələrindəkindən seçilir. Burada yüksək estetik ölçü, ağla, qəlbə son dərəcə həssaslıqla nüfuzetmə məsələsi çox vacibdir. Televiziyanın informasiya vermək imkanlarını, şüurlara təsiretmə vəzifəsini nəzərə alsaq, bədii sözün buradakı mövqeyi göz qabağında olar. Təsadüfi deyil ki, Azərbaycan televiziyasında verilişlərin məzmunlu, səlis bir dildə, üslubda xalqa çatdırılmasında sözə hörmət hissinin saxlanması mühüm amil sayılır. Bir cəhəti də qeyd etmək yerinə düşər ki, peşəkar jurnalistlərimiz termin yaradıcılığında xalq dili xəzinəsindən daha çox faydalanır, hazırladıqları materialları aydın şəkildə, çətin anlaşılan sözləri, terminləri izahlarla, aydınlaşdırıcı sözlərlə təqdim edirlər”. Çox əfsuslar olsun ki, bu mənzərənin əksi ilə də tez-tez qarşılaşırıq. Bu, başqa bir mövzunun söhbətidir.
   İ.Məmmədov daha sonra deyir ki, şifahi ünsiyyətə xidmət edən televiziya geniş xalq kütləsilə hər gün təmasda, münasibətdə olur: "Televiziya milyonların tribunasıdır. Şifahi ünsiyyətimizin ən fəal, ədəbi forması televiziyadır. Ədəbi dilin orfoepiya normalarına, ədəbi tələffüzə televiziya qədər qayğı və tələbkarlıqla yanaşan ikinci bir şifahi nitq tribunasını təsəvvür etmək çətindir. Televiziya həm də təbliğedicidir, yayıcıdır, öyrədicidir. Təsadüfi deyil ki, Azərbaycan televiziyası ictimai-siyasi, hərbi-vətənpərvərlik, təhsil-maarif, elmi-ədəbi mövzularda verilişlərlə yanaşı milli-mənəvi, soy-kök və adət-ənənələrimiz, mənəvi mədəniyyətimizlə bağlı verilişlərə də böyük meydan verir. Bu isə ana dilimizin yaşamasını şərtləndirən ən gərəkli amildir".
   
   Elçin







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar