Bakı. XXI əsr. İçərişəhərin dolanbac küçələri ilə qız-qadınlar orta əsrlərdə olduğu kimi, əllərində boğça hamama gedirlər… 
    Söhbət İçərişəhərin mərkəzində yerləşən, XVIII əsrdə inşa edilən Ağa Mikayıl hamamından gedir. Xalq arasında bu hamama «Məşədi İbad» hamamı da deyirlər. Ona görə ki, «O olmasın, bu olsun» filmindəki məşhur hamam fraqmenti məhz burada lentə alınıb.
   Ağa Mikayıl hamamının özünəməxsus memarlıq üslubu var. Abidə Şamaxı sakini Ağa Mikayılın təşəbbüsü ilə Şirvan memarlıq üslubunda tikilib. Öz dövrünün imkanlı şəxslərindən olan Ağa Mikayıl yaşadığı dövrdə Şamaxıda da bir çox hamamlar tikdirərək camaatın ixtiyarına verib.
   İçərişəhərin Kiçik Qala küçəsində yerləşən hamam kiçik girişdən, paltar saxlanılan otaqdan və yuyunma salonundan ibarətdir. Paltar saxlanılan otaqda kiçik hovuz, döşəmədən yarım metr hündür olan dövrələmə daş oturacağa bənzər yerlər olduğu kimi qalır.
   Bu abidənin digər özəlliyi isə ondan ibarətdir ki, başdan-ayağa təbii daşdan tikilib. Hamamdakı istilik sistemi elə tənzimlənir ki, divarlarının qalınlığı 1 metr olan bu binanın istixanası söndürüləndən sonra da o, 10-15 gün isti qalır. Hamam həm də müalicəvi əhəmiyyətə malikdir. Yuyunma salonunda ayrıca buğ otağı («parnoy») tikilib. Burada bir-birinin üzərində pilləkən formasında tikilmiş taxta skamyalar var. Bunun özü də məqsədli şəkildə quraşdırılıb. Belə ki, özünü yaxşı hiss edənlər, yəni sağlam olanlar yuxarı mərtəbədə, orqanizmi zəif olanlar isə aşağı mərtəbədə oturub özlərini buğa verir və təbii üsulla bədəndə olan duzlar xaric olunur. İri salonda təbii daşdan dövrələmə və masaya bənzər, kvadrat formasında tikilmiş və yerdən bir metr hündürlükdə olan xüsusi yerlər isə masaj üçün nəzərdə tutulub. Ən maraqlısı isə hamamın hovuzudur. Hovuzu yuyunma salonu ilə divar ayırır. Dəmir pilləkənlərlə divarın yuxarı tərəfinə qalxıb hovuza enmək mümkündür. Tikildiyi dövrdən bu günə qədər yaşayan palıd süpürgələrdən istifadə etmək ənənəsi müalicəvi xarakter daşıyır. Bu süpürgələr yüngül formada bədənə çırpıldıqda, orqanizmdə qan dövranını yaxşılaşdırır.
   Hamam müəyyən fasilələrlə daim fəaliyyət göstərib və sovet hakimiyyəti dövründə cəmi bir dəfə - 80-ci illərdə təmir edilib. Həmin illərdə abidə Hamamlar Birliyinə, sonra isə Mənzil Kommunal Təsərrüfat Departamentinə daxil olub. 1995-ci ildən hamama rəhbərlik edən Qorxmaz Xəlilov əvvəlki quruluşu saxlamaqla öz hesabına hamamda təmir-bərpa işləri aparıb. 2008-ci ildə Ağa Mikayıl hamamı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna daxil edilib. 2009-cu ildə qoruq idarəsi tərəfindən abidənin çöl hissəsində təmir-bərpa işləri aparılıb.