Bina 1895-1902-ci illərdə tikilib və Tağıyevin mülkü olub. Həmin vaxtdan bəri də Bakının memarlıq incilərindən biri olaraq qalır. Vaxtilə milyonçunun evinin birinci mərtəbəsində qulluqçuları, ikinci mərtəbəsinin 28 otağında ailəsi, üçüncü mərtəbəsində isə mirzələri və katibləri yaşayıb. Möhtəşəm və gözəlliyi ilə göz oxşayan Şərq və Avropa zalları da ikinci mərtəbədədir. Hacı Şərq ölkələrindən gələn qonaqlarını Şərq zalında, Avropadan gələn müsafirlərini isə eyniadlı zalda qarşılayardı. Bu zalların tikilişində adət-ənənə, milli ornament, zövq müxtəlifliyi milyonçu tərəfindən nəzərə alınıb. Tavanına 8 kiloqram qızıl işlədilən Şərq zalının nəhəng çilçırağı kəndir vasitəsilə aşağı endirilə bilər. Çilçırağın kənarları gül ləçəkləri kimi açılır. Orada 2-3 adam rahat oturub gizlənə bilər. Bunu hacının hansı məqsədlə sifariş etdiyi naməlumdur. Qonaqları heyran edən Şərq zalının pəncərə şüşələri də xüsusi naxışlarla bəzədilib. Həmin naxışların arasında isə ərəb əlifbasıyla "Hacı Zeynalabdin Tağıyev" yazılıb. Sonralar bolşeviklər şüşələrdən bu adı silməyə cəhd göstərsələr də, mümkün olmayıb. Çünki həmin şüşələr Fransada Bakı milyonçusu üçün xüsusi hazırlanıb və onun adı şüşələrə həkk olunub.
   Bu bina o zaman şəhərdə ən gözəl interyerə malik idi. Ailəsi, özü və yaxın qohumları burada cəmi 18 il xoşbəxt yaşaya bilib. 1920-ci ildə bolşevik hökumətinin gəlişi ilə kasıbların pənah yeri olan Hacı Zeynalabdin Tağıyev böyük vəsait xərclədiyi və yüksək zövqlə, min arzu ilə inşa etdirdiyi evindən Mərdəkandakı bağına sürgün edilib.
   1920-ci ildən məşhur neft sahibkarı və xeyriyyəçinin mülkündə muzey yerləşdirilib və həmin ilin oktyabr ayının 25-dən Azərbaycan SSR Dövlət Muzeyi adı ilə fəaliyyət göstərməyə başlayıb. 1921-ci ilin may ayında ilk ziyarətçilərini qəbul edib. İndiyədək bura gələnlər Azərbaycan ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi mədəniyyət nümunələri ilə tanış olublar. Binanın zahiri kimi daxili də, içərisində toplanmış eksponatlar da qədim mədəniyyətimiz, folklorumuz, məişətimiz, adət-ənənələrimiz haqqında maraqlı hekayət danışır. Binanın ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə dövlət vəsaiti hesabına yenidən təmir olunması isə tariximizə qayğı, onun hər bir vətəndaşa məxsus olması, paytaxtımızın qonaqlarına təbliğ edilməsi istiqamətində görülən təqdirəlayiq işlərdəndir.