Paytaxtımızda keçirilən I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasından bizi bir aya yaxın vaxt ayırır. Dünyanın bir çox kitab istehsalçılarının da iştirak etdiyi bu tədbir Azərbaycan kitabsevərlərinin, nəşriyyat işçilərinin yaddaşında hələ xeyli vaxt yaşayacaq… Respublikamızda böyük kitab istehsalçısı kimi tanınan “Çaşıoğlu” nəşriyyatı da tədbirdə daha yaxından iştirak edib. Nəşriyyatın icraçı direktoru Eldar Əliyevlə görüşdük. Onun tədbir haqqında təəssüratını oxuculara təqdim edirik.
   
   - Çox tədbirlərdə iştirak etmişəm. Ancaq belə möhtəşəm və maraqlısını heç yerdə görməmişəm. Dünyanın 20-yə yaxın ölkəsinin iştirak etdiyi bu tədbir məndə çox böyük təəssürat yaratdı. Yadıma müdriklərdən birinin kitab haqqında söylədiyi bir kəlamı saldı: - “Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü nəsillərdən-nəsillərə daşıyan fikir karvanıdır”. Azərbaycanda keçirilən I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ictimaiyyətin, çoxminli kitabsevərlərin və şəhərimizin qonaqlarının böyük marağına səbəb oldu. Tədbir üç gün davam etdi. Sərginin yaratdığı təəssüratlar, yəqin ki, hələ uzun müddət unudulmayacaq. Onu da qeyd edək ki, bu tədbir respublikada kitaba marağın artmasını, onun kütləviliyinin təmin olunmasını, kitab nəşrinin, poliqrafiya mədəniyyətinin inkişafını diqqətə çatdırdı. Eyni zamanda xarici şirkətlərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə və bunun mövcudluğuna inamı artırdı. Ölkəmizin beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. ABŞ, Fransa, Türkiyə, Albaniya, İran, Pakistan, Çin, Polşa, Kuba, Estoniya, Latviya və MDB ölkələrinin nümayəndələrinin sərgi-yarmarkada iştirakı bunu bir daha təsdiq etdi. Ümumiyyətlə, tədbirdə iyirmiyə yaxın ölkədən otuza qədər nəşriyyat, milli kitabxana rəhbərləri, naşirlər öz kitablarını və nəşr məhsullarını sərgiləyirdi. Diqqətəlayiq haldır ki, sərgidə iştirak edən altmışa yaxın yerli şirkətin nəşirlərinə maraq çox idi...
   Müsahibim respublikamızda kitab nəşrinin, poliqrafiya mədəniyyətinin yüksəliş mərhələsində olduğunu xüsusi qeyd etdi. Söhbətinə davam edərək bildirdi:
   - Beynəlxalq kitab sərgi-yarmarkasının keçirilməsi poliqrafiya müəssisələrinin ora qatılması və əldə olunan nailiyyətlərin əyani şəkildə nümayiş etdirilməsi üçün əlverişli şərait yaratdı, perspektivliyə yol açdı... “ Bakı İslam Mədəniyyətinin paytaxtı -2009 ” layihəsi çərçivəsində keçirilən silsilə tədbirlərdən biri olan bu sərgi- yarmarka cəmiyyətimizin kitab intibahı dövrünü yaşadığını çox dolğun göstərdi. Həm də yeni bir ənənənin əsasını, təməlini qoydu. Bundan sonra hər iki ildən bir Bakıda beynəlxalq sərginin keçirilməsi qərara alınıb. Eyni zamanda nəşriyyatların ayrıca sərgiləri də nəzərdə tutulub. Ona görə də I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçirilməsini və təşkilini təqdirəlayiq hesab edirəm. Həm də sərgidə yaxından iştirak etdiyimizə görə çox məmnunam...
   Sərgidə 250 adda kitabla təmsil olunurduq. Baxmayaraq ki,müəssisəmizin istehsal etdiyi nəşrlər çox idi. Ancaq bu az sayda kitab nəşrlərimizin dəyərinin yüksək olduğunu kifayət qədər əks etdirdi.Sərgidə iştirak edən bir çox xarici ölkə nümayəndələri bizim nəşrlərə böyük maraq göstərdi. Onlara fəaliyyətimiz, uğurlarımız haqqında geniş məlumat verdik.…Onlar hər şeyi öz gözləri ilə gördülər. Bildirdilər ki, sizin nəşriyyatın istehsal etdiyi kitablar bütün parametrlərə cavab verir. Dünyanın bir çox tanınmış nəşriyyatlarının məhsulları səviyyəsində olduğunu etiraf etdilər. Hətta onlar bizim nəşriyyatla qarşılıqlı əməkdaşlıq etməyə hazır olduqlarını da bildirdilər...
   O, daha sonar dedi:
   -Baş nazirin humanitar məsələlər üzrə müavini, görkəmli yazıçı Elçin Əfəndiyev bizi Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri H.Kılıcla tanış etdi. Haqqımızda qısa məlumat verdi. “Çaşıoğlu” nəşriyyatını respublikamızın ən böyük kitab müəssisəsi kimi təqdim etdi. Səfir H.Kılıc çap məhsulları ilə bağlı bəzi layihələrinin olduğunu bildirdi. Bu məsələ ilə bağlı bizimlə əməkdaşlıq edəcəyinə söz verdi...
   Sərgilənən kitabları başdan-başa müşahidə etdim. Elə bir sahə, mövzu yox idi ki, oradan kitab olmasın. Bu da sərginin rəngarəng və yüksək səviyyədə təşkilini, uğurunu göstərirdi. Mənə elə gəldi ki, sərgidə tibbə və dinə aid ədəbiyyat yox idi. Var idisə də çox az olduğundan görsənmirdi. Hansı ki, tibbi ədəbiyyat indi çox aktual və vacibdir. Eşitdiyimə görə xarici ölkələrdə keçirilən kitab sərgi-yarmarkalarında tibb ədəbiyyat ayrıca nümayiş olunur.
   Sərgi hər şeydən əvvəl Azərbaycanda kitabın təbliğinə təkan verdi. Naşirlərimiz xarici həmkarlarının iş təcrübəsi ilə yaxından tanış oldu. Bundan sonra xarici ölkə naşirləri ilə təcrübə mübadiləsi aparmağa cəhd ediləcək.
   
   Savalan FƏRƏCOV