Elxan Abdullabəyov,
   Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq Elmi-Metodiki Mərkəzin Statistika və Tədqiqatlar şöbəsinin metodisti
 
   
   
   
   Kitabxana informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi olaraq çap məhsulları və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institutdur. Amma buna baxmayaraq, bu gün qloballaşan dünyamızda kitaba və kitabxanalara maraq azalıb. Bunu kitabxana işçiləri ilə keçirilən sorğuya əsasən əminliklə demək olar. Bunun bir səbəbi də oxucunun internet vasitəsi ilə lazımi məlumatı toplama imkanıdır. Amma unutmayaq ki, internetdən kitab oxumaq kitabın verdiyi zövqü əvəz edə bilməz.    

   Digər tərəfdən kitaba maraq, bu zövqü dadma erkən yaşlarından aşılanmalıdır. Bu mənada uşaq bağçası və ibtidai siniflərdən iş mütəşəkkil şəkildə aparılmalı, tərbiyəçi və müəllimlər uşaqları kitabxanaya aparmalı, kitabı onlara sevdirməyə çalışmalıdırlar. Çünki intellektual nəslin formalaşmasında mütaliə əsas şərtdir.
   Təsadüfi deyil ki, mütaliə və maariflənmə işi dövlət siyasətimizin tərkib hissələrindən biri kimi daim dövlətin diqqət mərkəzində olmuş, respublikada kitab çapı və kitabxana işinin təkmilləşdirilməsi məqsədilə ölkə başçısı müvafiq sərəncamlar imzalamışdır. Onlardan biri də «Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamıdır.
   Sənəddə müasir Azərbaycan cəmiyyətinin informasiya təminatının həyata keçirilməsində ölkə kitabxanalarının tutduğu mühüm yer nəzərə alınaraq, mədəniyyətin bu sahəsində informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq, müasir texnologiyaların tətbiqi zəruriyyəti diqqətə çatdırılır.
   Kitabxanaların fəaliyyətinin yaxşılaşdırılmasının ölkəmizin ictimai-mənəvi həyatının daha da canlanmasına təsiri baxımından böyük əhəmiyyətini və Azərbaycanın informasiya cəmiyyətinə doğru əhatəli inkişaf perspektivlərini nəzərə alınaraq, elmi-mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsi və eləcə də respublika kitabxanalarının dünya informasiya məkanına daxil olmasının təmin edilməsi məqsədi ilə həlli vacib problemlər önə çəkilir.
   Göstərilir ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə Azərbaycan Milli Kitabxanasının modernləşdirilməsi, müasir informasiya texnologiyaları ilə təmin edilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər planı hazırlasın.
   Bundan başqa yerli icra hakimiyyəti orqanlarının təklifləri nəzərə alınaraq, regionlarda fəaliyyət göstərən kitabxanaların təmirinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə və müasir informasiya daşıyıcıları ilə təchiz olunmasına xüsusi yer ayrılır.
   Kitabxana işi sahəsində bütün nüansların nəzərə alındığı sənəddə müasir tələblərə uyğun elektronlaşma tələbi də irəli sürülür. Belə ki, ölkənin iri kitabxanalarının elektron kataloqu və elektron kitabxanasının müasir standartlar səviyyəsinə qaldırılması və onun bazasında "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nın oxucuların tam istifadəsinə verilməsi də nəzərdə tutulur.
    Burada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə müvafiq qurumlarla birlikdə "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nı hazırlanması da tövsiyə olunur.
   Bu diqqət və qayğının nəticəsidir ki, dövlət və qeyri-dövlət orqanları, kitabxana işi sahəsində ictimai birliklər, hüquqi və fiziki şəxslər kitabxana fondlarının zənginləşdirilməsi, oxuculara xidmət işinin təkmilləşdirilməsi, kitabxanaçılıq proqramlarının hazırlanması və həyata keçirilməsində yaxından iştirak edirlər. Dövlət kitabxanalarının işinin genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və əməyin stimullaşdırılması məqsədilə müvafiq nizamnamələrdə göstərilən qaydada təsərrüfat fəaliyyəti və pullu xidmət əsasında büdcədənkənar fondlar formalaşdırılır. Dövlət kitabxanalarında pullu xidmət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən xüsusi xidmət növlərinə daxildir. Kitabxana işi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr əsasında həyata keçirilir. Dövlət kitabxanaları və büdcədən maliyyələşən təşkilatların tabeçiliyində olan kitabxanalar isə dövlət büdcə vəsaitləri, hüquqi və fiziki şəxslərin könüllü ayırmaları və qanunvericilikdə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Digər tələb isə dövlət kitabxanalarını maliyyələşdirərkən büdcədən kitab fondlarının komplekləşdirilməsinə yönləndirilən vəsaitin müvafiq maddəylə göstərilməsi və bu vəsaitin müntəzəm olaraq artırılmasıdır. Onu da qeyd edək ki, ayrılmış vəsait kitabxanaların sərəncamında qalır və onların nizamnamə fəaliyyətini həyata keçirmək üçün istifadə edilir.
   Bu fəaliyyət sahəsinə öz işini müstəqil şəkildə qurmaq imkanları da verilir. Belə ki, ölkə kitabxanaları qanunvericilikdə müəyyən olunmuş qaydaya uyğun olaraq təsərrüfat fəaliyyəti ilə də məşğul ola bilərlər. Bu fəaliyyətdən əldə edilən vəsait isə bütövlükdə kitabxananın sərəncamında qalır. Kitabxanalar və kitabxana işi sahəsində icitimai birliklər beynəlxalq kitabxana təşkilatları, xarici ölkələrin kitabxanaları və kitabxana işi sahəsində ictimai birliklər ilə əməkdaşlıqda sərbəstdirlər.
   Müasir dövrdə dövlət və kitabxana işinə birbaşa cavabdeh olan qurumların gördükləri işin nəticəsində kitabxana fondları artırılıb, kitab mərkəzlərinin elektronlaşmasının icrasına başlanılıb.
   Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunıın müdiri Lətifə Məmmədova ölkə qəzetlərindən birinə müsahibəsində kitabxana işinin daha da səmərəli olması üçün hazırlanan dövlət proqramının hansı mərhələdə olmasından danışıb:
   «O artıq hazırlanıb və baxılması üçün Prezident Aparatına verilib. Sənəd bütün mərhələləri keçdi və müsbət rəylər qazandı. Indi biz onun təsdiqini gözləyirik. Kitabxana işinin inkişafına beynəlxalq əlaqələrin qurulması da köməklik göstərir. Bizim kitabxana işçilərinin forumda iştirakı, qabaqcıl dünya ölkələrinin kitabxana işçilərinin Azərbaycana səfərləri, müqavilələrin bağlanması və sair».
   Bu gün kitabxana işinin respublikada inkişafına, ədəbiyyatın hazırlanmasına xüsusi diqqət ayrılır. Buna nümunə olaraq ingilis və rus dillərindən Azərbaycan dilinə tərcümə olunan Beynəlxalq Kitabxana Federasiyası sənədlərini demək olar. Azərbaycan qlobal informasiya cəmiyyətində yaşayır. Bir tərəfdən biz öz milli mədəniyyətimizi, adət və ənənəmizi qorumalı, o bir tərəfdən isə müasir tendensiyalardan geridə qalmamalıyıq. İndi hər bir informasiyanı evdən cıxmadan internet vasitəsilə əldə edə bilərik. Bu ümumi dünya problemidir. Rusiyada oxucu problemi ilə əlaqədar milli proqram hazırlanmışdır. Hər kəs yaranmış şəraitdən bacardığı kimı çıxır. İnternetin iki böyük çatışmazlığı var. Kitabxanalarda məlumat dəqiqdir, internetdə isə faktlar çox vaxt təhrif olunur. Bundan belə nəticə çıxartmaq olar ki, internet kitabxananı əvəz edə bilməz, amma yardımçı ola bilər. Misal üçün informasilaşdırılmış Amerikaya baxaq. Burda ildən-ilə kitab çapı çoxalır. Kitablar həmişə olub və olacaq. İnternetdə bu gün oxuduğunuz informasiyanı sabah tapmaya da bilərsiniz.
   Odur ki, gəlin özümüzü kitabxanaya getmək və kitabla birbaşa ünsiyyətdə olmaq zövqündən məhrum etməyək.