«Sualtı şəhər», «Bayıl daşları», «Səbail», «Karvansara», «Xanəgah», «Kömrükxana»... əslində bu adlar bir tarixi abidəyə- Bayıl qəsrinə məxsusdur. Vaxtilə Bakının Bayıl burnu yaxınlığındakı kiçik adada yerləşən qəsr dağılsa da, onun qalıqları çox mətləblərdən xəbər verir. Bu qalıqlar, daş kitabələr Şirvanşahlar saray kompleksinin həyətində yerləşdirilib. Daş tavalar kompleksə daxil olan hansısa abidənin qalıqları olmasa da, Şirvanşahlarla birbaşa əlaqəlidir. Bütün bu daşlar Bakı buxtasından, suyun altından çıxarılıb və sahildən təxminən 300 metr aralıda kiçik bir adanın üzərində orta əsrlərdə inşa edilən həmin qəsrin qalıqlarıdır. Səlnamələrin verdiyi məlumatlara görə, 1206-cı ildə dənizdə güclü zəlzələ baş vermiş, suyun səviyyəsi qəflətən yuxarı qalxdığı üçün ada və onun üzərindəki qəsr suyun altında qalmışdı.
   Qəsrin tikintisi siyasi-hərbi baxımdan çox qarışıq bir çağda - monqol yürüşləri bütün Yaxın Şərqi başına götürəndə (1234-1235-ci illər) başa çatmışdı. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm qəsrin ömrü çox qısa oldu. Alimlərin fikrincə, o, 1306-cı ildə baş verən güclü zəlzələdən dənizə batmışdı. Arif Ərdəbilli 1369-cu ildə yazdığı «Fərhadnamə» dastanında gördüklərini belə qələmə almışdı:
   
   Bakıda dənizdə bir qala var ki,
   Yeni şəhər qalasını orda su basmışdır.
   
   Bu misralarda şairin indiki Bayıl qəsrindən bəhs etməsi şübhə doğurmur. Arif Ərdəbilli bu qalanı tikintisi başa çatandan bir əsr sonra görmüşdü və təbiidir ki, o hələ el yaddaşında «yeni şəhər qalası» kimi qalırdı. Bu deyim həm də Bayıl qəsrinin şəhər qalası olmasını, yəni Bakının müdafiə sisteminə daxil edilməsini bir daha təsdiq edir.
   Bir də yüzillər keçəndən sonra, Xəzər dənizinin səviyyəsi yenidən aşağı düşdüyü zaman Bayıl qəsrinin uçuqları su üzərində görünməyə başlamışdı. Kim bilir, dörd yüz ildən artıq Xəzərin suları altında gizlənməsəydi, bəlkə də, Abşeronun çox abidəsi kimi, Bayıl qəsrindən də bir iz qalmayacaqdı. 1939-1969-cu illər arasında qəsr ərazisində aparılan arxeoloji tədqiqat işlərində divar uçuqları altından və su dibindən 700-dən artıq yazılı daş tavalar çıxarılmışdı. Dərin oymalı bu daş tavalar nadir monumental xəttatlıq və heykəltəraşlıq əsərləri olub, böyük tikinti kitabəsinin arıntılarıdır. Bayıl qəsrinin daş kitabələrinin araşdırıcıları 15 şirvanşahın adını, tikinti tarixlərini oxuyub, həmçinin başqa məlumatlar əldə ediblər. Bütövlükdə isə Bayıl qəsri Şirvanşahların yeni paytaxt yaxınlığında iqamətgahı olmuş, Şamaxının müdafiəsində Gülüstan qalasının daşıdığı vəzifəni Bakı qalasında yerinə yetirmişdi. Güman etmək olar ki, Bayıl qəsrinin güney qapısı və qarşısındakı tikililər dəniz ticarəti ilə bağlı olduğu halda, sahilə yaxın quzey qapısı və qarşısındakı tikililər Şirvanşahların iqamətgahı olub. Qəsrin demək olar ki, ortasında, daş döşəməli meydançada monumental bir tikilinin özülü üzə çıxarılıb. Bəzi araşdırıcılar bu yerdə Abşeron qalalarının ənənəvi qüllələri tipində bir qüllənin ucaldığını söylədikləri halda, başqaları onu atəşgah, qədim qülləvari məbəd sayırlar. Bəlkə də bu meydançada iri saray binası ucalırmış. XII-XIII əsrlərdə möhkəm qəsr, qala-liman kimi tikilmiş və Bakının dənizdən qorunmasında baş yer tutan Bayıl qəsri ola bilər ki, daha qədim bir kompleksin özülləri üzərində salınmışdı. Kitabələrdə «sultan» və «şah» kimi titullar, Şirvanşahlar dövlətinin ayrı-ayrı şəhərlərinin adları oxunmuş və məlum olmuşdu ki, qəsrin memarının adı Əbdülməciddir. Əbdülməcid, eyni zamanda dairəvi Mərdəkan qalasının da müəllifidir. Kitabələrdəki bir, iki və hətta üçpilləli yazılardan əlavə, zəncirvari nəbati ornamentlər, 12 insan portireti, qaçan, oturan vəziyyətdə olan heyvan: öküz, şir, it, dəvə, at, quş təsvirəri də maraq doğurur. Buxtadakı bu tikililərin tədqiqatı göstərir ki, bu dəniz müdafiə qalası olub.
   Şirvanın başqa iri müdafiə tikililərində olduğu kimi, Bayıl qəsrinin memarlıq tərtibatında da bədii daş relyeflər, yonma daş fiqurlar işlədilmişdi.
   Bayıl daşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qorunur.