Azərbaycan aşıq sənəti və Novruz bayramı 2009-cu ilin 28 sentyabr - 2 oktyabr tarixlərində YUNESKO-nun Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyası zamanı təşkilatın Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilib. Dünən bu məqsədlə Muzey Mərkəzində Azərbaycan aşıq sənətinə həsr olunan kitabça və kompakt disklərin təqdimat mərasimi keçirildi. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan aşıq sənəti və Novruz bayramının bu il YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyası zamanı YUNESKO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edildiyini diqqətə çəkdi: “Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təbliğat tədbirləri artıq xeyli müddətdir ki, davam etdirilir. Belə ki, bu il martın 29-da Fransanın “Maison des Cultures du Monde” Assosiasyası və Mədəniyyət və Turizm Nazirliyinin birgə əməkdaşlığı nəticəsində Parisin məşhur Luvr Muzeyində Azərbaycan aşıqlarının konserti keçirilib. Bu assosiasiya ilə birgə aşıq sənətinə həsr olunmuş CD disk buraxılıb. Bu, çox fövqəladə bir hadisədir”. Ə.Qarayev bildirdi ki, əvvəllər Azərbaycanın bir incisi vardı: İçərişəhər: «Abidə YUNESKO-nun Mədəni irs siyahısına salındıqdan sonra digər üç mədəni abidəmiz bəşəriyyətin diqqətində oldu. Muğamlarımızın sözügedən təşkilatın qeyri-maddi irs siyahısına salınmasına yaxşı münasibət olduğunu gördükdən sonra aşıq musiqimizi, Novruz bayramını və Azərbaycan xalçaçılıq sənətini təqdim etmək qərarına gəldik» Nazir onu da bildirdi ki, Azərbaycan xalçaçılıq sənəti YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salınması üçün hazırlıqlara başlanılıb: «Artıq 2010-cu ildə YUNESKO-nun Qeyri-addi mədəni irsin Reprezentativ siyahısına Azərbaycan xalçaçılığı ilə bağlı namizədlik faylı təqdim olunacaq».
   Ölkə daxilində Aşıqlar Birliyinin fəaliyyətinin canlandığını, çoxsaylı dəyirmi masalar, konsertlər keçirildiyini deyən nazir, xalqımızın əziz bayramı olan Novruz bayramının Azərbaycanla yanaşı, bir çox ölkələrdə də qeyd olunduğunu dedi: «Bu səbəbdən YUNESKO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına Azərbaycan, Hindistan, İran İslam Respublikası, Qırğızıstan, Özbəkistan, Pakistan və Türkiyənin beynəlmiləl bayramı kimi daxil edilib. Eyni zamanda, Novruz bayramının dünyada daha da çox tanıdılması və Beynəlxalq Novruz Gününün qeyd edilməsi üçün Xarici İşlər Nazirliyi tərəfindən çoxsaylı tədbirlər görülür.
   Ə.Qarayev qeyd etdi ki, bu gün təqdimatı keçirilən disk kitab halında hazırlanıb və aşıq sənəti ilə bağlı bütün məlumatlar burada toplanılıb.
   Sonra Azərbaycan Milli Akademiyasının akademiki Akif Əlizadə çıxış edərək bu hadisəyə sevindiklərini bildirdi: «Bir ay əvvəl Parisdə Azərbaycan Günü keçirildi. Ürəkaçan haldır ki, Azərbaycan mədəniyyətinə, elminə dünyada böyük maraq yaranıb».
    YUNESKO-nun eksperti Sənubər Bağırova isə məlum hadisəyə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdar olduğunu bildirdi: «Aşıq sənəti artıq bütün dünyaya səs salıb və bu çox gözəl bir haldır. Dünyanın bir çox ölkələrindən Azərbaycan aşıqlarının konsertinin keçirilməsi müraciətləri daxil olur. Bu gün dünya ölkələrində aşıq musiqisinə böyük maraq var. Parisdə, Londonda aşıqlarımızın konsertİ alqışlarla qarşılanır, onları yenidən səhnəyə qaytarırlar. Bu gün isə təqdimatı keçirilən disk Böyük Britaniya, Fransa və Avstraliyaya göndəriləcək».
   Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub isə aşıq sənətinə göstərilən qayğıdan razılığını bildirdi: “Bu gün bütün sahələrdə olduğu kimi Azərbaycan rəhbərliyinin mədəniyyət sahəsində də apardığı çox uğurlu siyasəti öz bəhrəsini verir. Artıq Azərbaycan mədəniyyət sahəsi milli çərçivələrdən çıxıb, bəşəri mahiyyət kəsb edir. Ozan sənətinin bütün dünya miqyasında geniş yayılması üçün bu cür tədbirlərin keçirilməsi bizə hava, su kimi lazımdır”.
   
   Mehparə