Artıq onun qorunmasına və təbliğinə yeni yaradılmış şura nəzarət edəcək

   Azərbaycanın qədim və rəngarəng qeyri-maddi mədəni irsinin qorunması, bərpası və istifadəsi, milli diyarşünaslığın (adət-ənənə, mərasim; şifahi xalq yaradıcılığı, xalq oyunları), folklor (xalq musiqisi və rəqsləri, xalq teatrı) və sənətkarlığın (xalq tətbiqi, dekorativ və təsviri sənətləri) dəstəklənməsi işinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin əmri ilə nazirliyin nəzdində Qeyri-maddi mədəni irs nümunələrinin inventarizasiya və identifikasiyası üzrə Şura yaradılıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrlik etdiyi şuranın tərkibinə respublikanın tanınmış mədəniyyət, elm və təhsil xadimləri, görkəmli alimlər, mütəxəssislər, habelə nüfuzlu ziyalılar daxil edilib.
   2010-cu il fevralın 18-də Mədəniyyət və Turizm Nazirliyində Qeyri-maddi mədəni irs nümunələrinin inventarizasiya və identifikasiyası üzrə Şuranın I iclası keçirilib. İclasda şuranın fəaliyyət istiqamətləri və tərkibi ətraflı müzakirə olunub, Azərbaycanın Qeyri-maddi mədəni abidələrinin Dövlət Reyestr formasının layihəsi, Azərbaycanın Qeyri-maddi mədəni irs abidəsinin İnventar Pasport layihəsi, Dövlət Reyestrinə daxil ediləcək nümunələr və s. barədə geniş müzakirələr aparılıb, təkliflərin qısa müddətdə nazirliyə təqdim olunması barədə razılıq əldə olunub.