Azərbaycanın BMT yanında Daimi nümayəndəliyindən mətbuata verilən xəbərə görə, xalqımızın əziz bayramı Novruzun BMT Baş Məclisi tərəfindən beynəlxalq gün kimi tanınıb.
    Fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasında Azərbaycanın təsəbbüsü ilə irəli sürülmüş və Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniyanın həmmüəllifi olduğu “Beynəlxalq Novruz Günü” adlı qətnamə təqdimatı keçirilib.
   Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Arif Mehdiyev Novruz bayramının qeyd edilməsinin tarixi, onun nəinki Azərbaycanda, o cümlədən Balkanlarda, Qara dəniz hövzəsi ölkələrində, Qafqazda, Orta Asiyada və Yaxın Şərqdə üç min ildən artıq bir müddətdə qeyd edilməsi barədə məlumat verib. Bayramın mahiyyətinin mehriban qonşuluq, qarşılıqlı hörmət, dözümlülük kimi qədim adət-ənənələri əks etdirdiyini vurğulayan səfir, eyni zamanda beynəlxalq əməkdaşlığın inkişafında mühüm rol oynadığını BMT-yə üzv dövlətlərin nümayəndələrinin diqqətinə çatdırıb.
   Qətnaməyə əsasən, BMT Baş Məclisi Novruz bayramının Şərq və Qərb mədəniyyətlərinin xüsusiyyətlərini, əməkdaşlıq və həmrəylik ideallarını özündə ehtiva etdiyini nəzərə alaraq, dövlətlər arasında bundan sonra da geniş həmrəylik, yüksək hörmət və ehtiramı təşviq etmək məqsədilə, martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanıyır, BMT-nin üzvü olan dövlətlərin Novruz ilə bağlı məlumatlılığının artırılması üçün səy göstərməyə çağırır. Eyni zamanda BMT-nin üzvü olan dövlətləri və BMT-nin ixtisaslaşdırılmış orqanlarını, fondlarını, proqramlarını, həmçinin məsələ ilə maraqlanan digər beynəlxalq və regional təşkilatları, eləcə də qeyri-hökumət təşkilatlarını Novruz bayramını keçirən dövlətlərin təşkil etdikləri təntənəli mərasimlərdə iştirak etməyə dəvət edir.