Aprelin 27-də Bakıda işə başlayan TÜRKSOY təşkilatının qeyri-maddi mədəni irsin qorunması üzrə III Beynəlxalq seminarı işini Şəkidə davam etdirib. “Türkdilli xalqların qeyri-maddi mədəni irsinin konvensiyalaşdırılması, inventarlaşdırılması və proqramlaşdırılması” mövzusunda seminarın müzakirələri Şəki şəhərindəki “Sənətkarlar evi”nin konfrans zalında keçirilib.
   Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı bildirib ki, “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” Proqramına əsasən, Şəkinin 2010-cu ildə “Azərbaycanın sənətkarlıq paytaxtı” elan edilməsi ölkəmizin bu qədim mədəniyyət mərkəzinin beynəlxalq səviyyədə tanınmasına mühüm töhfədir: «TÜRKSOY-un III Beynəlxalq seminarının Şəkidə keçirilməsi bu baxımdan olduqca əhəmiyyətlidir».
   TÜRKSOY-un baş katibinin müavini Firat Purtaş özünəməxsus sənətkarlıq ənənələri və tarixi-memarlıq abidələri olan Şəki şəhəri ilə tanışlıqlarından məmnunluğunu bildirib.
   O, qeyd edib ki, türkdilli xalqların qeyri-maddi mədəni irsinin zənginləşdirilməsi, yaşadılması, gələcək nəsillərə çatdırılması çox vacibdir. TÜRKSOY-un təşkilatçılığı ilə 2008-ci ildən etibarən həyata keçirilən belə seminarlar çox əhəmiyyətlidir. F.Purtaş Şəkinin gələcəkdə türk dünyasının sənətkarlıq paytaxtı elan edilməsinə də ən real namizədlərdən biri olacağına ümid bəslədiyini diqqətə çatdırıb.
   Seminarın keçirilməsinə göstərdiyi təşkilati dəstəyə görə, Şəki şəhər rəhbərliyinə TÜRKSOY təşkilatı baş katibinin adından xatirə hədiyyəsi, həmçinin Şəkinin 2010-cu ildə “Azərbaycanın sənətkarlıq paytaxtı” elan olunmasına görə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adından yadigar kubok və hədiyyə təqdim edilib.
   Seminarda daha sonra “TÜRKSOY-un qeyri-maddi mədəni irs abidələrinin beynəlxalq reyestrinin formalaşdırılmasının imkanları” və “Türk dünyasının xalq yaradıcılığı paytaxtları” Beynəlxalq Proqramı layihələrinin təqdimatı olub.
   Müzakirələrdə Türkiyənin Qazi Universitetinin professoru Öcal Oğuz, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinın şöbə müdiri Şengül Gitmez, Qazaxıstan Respublikası Ədəbiyyat və İncəsənət İnstitutunun əməkdaşı Serikkazı Korabay, Şimali Kipr Türk Respublikasının sənət tarixçisi Yusuf Örs, Tatarıstan Respublikası Elmlər Akademiyasının əməkdaşı Roza Sultanova və başqaları çıxış ediblər.
   Seminarın gündəliyinə uyğun olaraq tədbir iştirakçıları aprelin 29-da Şəki şəhərinin muzeyləri və tarixi abidələri ilə tanış olublar.