Mədəniyyət tariximizdə böyük izlər qoymuş bir çox görkəmli sənətkarların Bakıda ev-muzeyləri var. Onlardan biri də Azərbaycan professional musiqi sənətinin banisi, müsəlman Şərqində ilk operanın müəllifi, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyidir. Bu evdə neçə-neçə ölməz əsərlər, bəstələr yaranıb, Dövlət Himnimizin ilk notları burada səslənib.  

  Dahi bəstəkarın ev-muzeyindəki ab-hava çox doğma gəlir insana. Muzeyin girişində ziyarətçiləri Əhməd Salikovun əl işi olan Üzeyir bəyin büstü qarşılayır. Bəstəkarın iş otağına keçirəm. Böyük və işıqlı otaq, Üzeyir bəyin iş masası. Masanın üstündə üzü gümüşdən olan not qovluğu, mürəkkəb, dirijor çubuğu, kağız kəsmək üçün bıçaq, siqaret qabı, alışqan, telefon, eynək, qol saatı, Çaykovskinin kiçik büstü və bir də... Bir də dahi bəstəkarın ömrünün son illərində qələmə aldığı, lakin yarımçıq qalan “Azərbaycan” simfonik poemasının notları ...
   Otaqdakı kitab rəflərinə baxıram və Ü.Hacıbəylinin maarifçi-publisist qələmindən çıxan məqalələrini xatırlayıram. Onlardan biri belə başlayırdı: “Lənət olsun o günə ki, maarif və mədəniyyət qapıları bizim üzümüzə bağlanıb, bizi cəhalət və vəhşaniyyət vadisində sərgərdan qoydu”. Üzeyir bəy və onun həmfikirləri bu millətin maariflənməsi yolunda nələr etmədilər ki...
   Masadan sağ tərəfdə bəstəkarın royalı qoyulub. Üzeyir bəyin əllərinin toxunduğu, ölməz bəstələrin yaranmasına vasitəçi olmuş royala toxunuram. Böyük fəxrlə, qürurla...
   Divardakı saat diqqətimi çəkir. Gecə saat 2-ni göstərir. Dahi bəstəkar 1948-ci il noyabrın 22-dən 23-ə keçən gecə saat 2-də dünyasını dəyişib.
   Yataq otağına keçirəm. Köhnə dolab, kamod, ipək saplarla işlənmiş qobelen, digər əşyalar... Divarda Üzeyir Hacıbəylinin həyat yoldaşı Məleykə xanımla Sankt-Peterburqda çəkdirdiyi fotoşəkli, digər ailə fotoları asılıb. Üzeyir bəyin dirijorluq etdiyi vaxt geydiyi frak da buradadır.
   Qonaq otağı ilə yataq otağı arasında balaca bir otaq var. Burada bəstəkarın əsərlərinin tamaşalarından fotolar, afişalar, hədiyyələr yer alıb. İri gümüş güldan diqqəti cəlb edir. Bu hədiyyəni Təbrizdəki soydaşlarımız Üzeyir bəyə hədiyyə ediblər.
   Bu da qonaq otağı... Otaqda köhnə radioqəbuledici, stol, şkaf var. Divarda bəstəkarın dəfn mərasimini əks etdirən fotolar, Səttar Bəhlulzadənin “Şuşanın cıdır düzü” rəsmi asılıb. Bir foto diqqətimi çəkir. Masa arxasında əyləşmiş Üzeyir bəy, xanımı Məleykə və bir çox tanınmış insanların əksi olan foto bizi xəyalən bəstəkarın yaşadığı dövrə aparır.
   Bu il dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyi qeyd olunacaq. Bu barədə muzeyin direktoru Sərdar Fərəcov məlumat verir: “Yubileyə ötən ildən hazırlaşırıq. Bəstəkarın həyat və yaradıcılığı ilə bağlı bir neçə yeni kitab yazılıb. “Üzeyir Hacıbəyov müasirlərinin xatirəsində”, “Üzeyir işığında məqalələr toplusu” kitabları artıq nəşriyyata təqdim olunub. Bəstəkarın geniş ictimaiyyətə məlum olmayan, itmiş sayılan “Şeyx Sənan” operası ilk dəfə kitab halında nəşr olunacaq. Yubiley tədbirində həmin operadan 3 musiqi nömrəsini bərpa edib göstərəcəyik”.
   Muzeyi tərk edirəm. Sanki muzeylə deyil, böyük bəstəkarın özü ilə vidalaşıram. Təəssüratım olduqca zəngindir. Muzeydə olduğum müddətdə sanki keçmişimizə, mədəniyyətimizin Üzeyirli çağlarına baş çəkib qayıtdım, həmin dövrü təsəvvürümdə canlandırmağa çalışdım. Bəstəkarın qonaqlı-qaralı evi... Ətrafa şən səslər yayılır. Divar saatındakı donmuş zamanın əqrəbləri də hərəkətə gəlir. Birazdan Üzeyir bəy masanın arxasına keçib yarımçıq qalmış simfoniyanı bitirəcək...
   Gələcəyə addımlayaraq keçmişi arzulamaq qəribədir, deyilmi?
   
   Yeganə Cansail