Etnoqrafik araşdırmalarda maddi mədəniyyət nümunələrinin mövcudluğu böyük əhəmiyyət kəsb edir. Çünki bu nümunələr xalqın sosial-iqtisadi, siyasi, mədəni tarixini, etnogenezini öyrənməkdə mühüm mənbə rolunu oynayır. Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elm fond şöbəsinin müdiri, tarix elmləri namizədi Gülzadə Axundova ilə söhbətimiz də bu barədədir. Alim öncə Azərbaycan orta əsrlər tarixinin maraqlı səhifələrindən birini əks etdirən orta əsr Ağsu şəhərinin etnoqrafik araşdırmaları barədə danışdı:
   
   - Dünyanın hər yerində etnoqrafik araşdırmalar aparılır. Bu vaxta qədər XVIII əsr Azərbaycan etnoqrafiyasının öyrənilməsi üçün ayrı-ayrı səyyahların yol qeydlərinə, ədəbi-bədii nümunələrə (miniatürlər, aşıq və şairlərin yaradıcılığı, dastanlar və s.), muzey eksponatlarına və s. mənbələrə müraciət olunub. Ancaq son vaxtlar Ağsu rayonunda (orta əsr Ağsu şəhər arxeoloji qazıntılarında) aparılan tədqiqatlar bu dövr etnoqrafiyasının öyrənilməsi üçün zəngin baza rolunu oynayacaq. Məlumdur ki, ayrı-ayrı maddi mədəniyyət nümunələri müəyyən təkamül yolu keçir, təbii-coğrafi şəraitin, dövrün sosial-siyasi xarakterinin və etnik xüsusiyyətlərinin təsiri ilə formalaşır. Ağsu şəhəri də dövrün sosial-siyasi xarakterinə uyğun yaranıb.
   - Arxeoloji araşdırmalarda orta əsr Ağsu şəhər evlərinin məişət xüsusiyyətləri necə xarakterizə olunur ?
    - Arxeoloji qazıntı ərazisində xeyli evin qalıqları aşkarlanıb. Həmin evlərin əksəriyyəti birotaqlıdır. Bu da dövrün ev tiplərinin məişət xüsusiyyətindən irəli gəlir. Vaxtilə Şirvanda arxeoloji tədqiqatlar aparmış alimlər N.Dulrovin və V.Leqkobitov da həmin evləri bu xüsusiyyətinə diqqət yetiriblər. Bu cür ev tipləri o dövrdə bütün Azərbaycan üçün xarakterik olub. Şəhərdə təşəkkül tapmış sənət dükanları, misgər, qalayçı, dəmirçi, zərgər, geyim elementləri hazırlayan dərzi, papaqçı, başmaqçı, toxuculuq sənəti ilə məşğul olan boyaqçı, ağacişləmə sənəti ilə məşğul olan xarrat, dülgər, rəngsaz və s. olub. Mənbələr Ağsu şəhərinin ərazisi və əhalisinin sayına görə dövrünün ən böyük şəhərlərindən biri olduğunu göstərir. Rus tarixçisi M. Çulkov 1785-ci ildə çap etdiyi əsərində bu bölgədə 20-dən çox karvansaranın olduğunu göstərib. Onların çoxu Ağsuda yerləşib. Həmin karvansaralarda sənət dükanları olub. Arxeoloji qazıntılar zamanı rast gəlinən əmək alətləri, hazır məmulat nümunələri də bunun göstəricisidir. Bütün bunlar deməyə əsas verir ki, burada qaynar sənət həyatı olub.
   - O dövr üçün xarakterik olan təsərrüfat tikililəri barədə nə demək olar?
   - Orta əsrlərdə Azərbaycanda geniş yayılmış təsərrüfat tikililərindən biri təndirxanalar olub. Arxeoloji araşdırmalar zamanı aşkar edilən əksər həyətlərdə bu təndirlərə rast gəlinib. Təndirlər əksər hallarda evin içində və dəhlizdə qoyulub. Bu da onunla bağlı olub ki, həmin təndirlərdə çörəklə yanaşı, müxtəlif xörəklər də bişirilib. Eyni zamanda, soyuq aylarda evlər bu təndirlərlə qızdırılıb. Bundan da, belə nəticə çıxarmaq olur ki, təndirlər təkcə təsərrüfat tikilisi kimi deyil, həm də evlərin istilik vasitəsi olub. Onu da deyim ki, burada üç tip təndir aşkar olunub: döymə təndir, badlı təndir, saxsı təndir.
   - Aşkar edilən maddi mədəniyyət nümunələri içərisində metal işləmələr haqda nə deyə bilərsiniz?
   - Kiçik və böyüklüyündən asılı olmayaraq aşkar edilən maddi mədəniyyət nümunələrinin hamısı əhəmiyyətli və maraqlıdır. Orada aşkar edilən metal məmulatlar içərisində elə nümunələrə rast gəlinib ki, o bir neçə istehsal üsulunun nəticəsi olaraq ərsəyə gəlib. Onlardan at sinəbəndi bu baxımdan çox maraqlıdır. Maraqlı materiallardan biri də dəmirdən hazırlanmış möhürdür. Onun üzərində fars dilində möhür sahibinin adı - “Hüseynəlinin qızı Pərvin” sözləri yazılıb. Arxeoloji qazıntılardan əldə olunan materiallar əsas verir deyək ki, burada mövcud olan maddi mədəniyyət nümunələri Azərbaycan mədəniyyətinin tərkib hissəsi olub. Ərazidə aşkar olunan tapıntılar burada qaynar şəhər həyatının yaşandığını, yerli sənətkarlıq ənənələrinin, şəhərsalma və evtikmə mədəniyyətinin qorunduğunu sübut edir. Ağsu arxeoloji ekspedisiyasının apardığı tədqiqatlar tariximizin kiçik bir dövrünün araşdırılmasına yönəlsə də, bir çox maraqlı səhifələrin açılmasına işıq tutacaq.
   
   Savalan Fərəcov