Son dövrlərdə paytaxt Bakıdakı muzeylərlə yanaşı, bölgələrdəki muzeylər də təmir olunur, yenidən qurulur, ekspozisiyaları zənginləşir. Eyni zamanda, muzeylərdəki eksponatların bərpası da diqqət mərkəzindədir. 
      
   Bu xüsusda Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin üzərinə xeyli iş düşür. Mərkəzin direktoru Zərifə Məlikova bildirir ki, bölgələrdəki muzeylərdən onlara edilən müraciətlər artmaqdadır: “İndi paytaxtdan kənardakı muzeylər də eksponatların qorunmasının vacibliyini daha yaxşı anlayır və vaxtında tədbir görülməsi üçün mərkəzə müraciət edir. Gəncə Tarix-Diyarşünaslıq Muzeyindən 49 ədəd eksponatı bərpaya qəbul etmişik. Onların bərpası davam etdirilir. Qəbələ, Şəki, Ucarda ezamiyyətdə olub, onların muzeylərindəki eksponatları bərpa etmişik. Şirvandan da eksponatlar bərpa edirik. Həmçinin Göygöl Tarix-Diyarşünaslıq Muzeyindən 16 eksponat, Sumqayıt Dövlət Rəsm Qalereyasından 15 rəngkarlıq əsərini bərpa etmişik. Şəki şəhəri isə daha fəaldır. Belə ki, Şəkidəki Tarix-Diyarşünaslıq Muzeyi, M.F.Axundovun ev-muzeyi, Xalq Tətbiqi-Sənət Muzeyindən, Kiş Tarix-Memarlıq Qoruğundan bəzi eksponatları bərpaya qəbul etmişik».
   Z.Məlikova rayonların əvvəllər bu məsələdə heç də fəal olmadığını, lakin bölgələrə ezamiyyətlər reallaşdıqdan sonra bölgə muzeylərinin də eksponatları bərpaya təqdim etdiklərini deyir: «Bakıda yerləşən muzeylərdəki eksponatlar yetərincə bərpa olunurdu. Rayonlarımızda isə belə bir mərkəz yoxdur. Sonradan Mədəniyyət və Turizim Nazirliyinin dəstəyi ilə müntəzəm olaraq bölgələrdə treninq-sərgilər keçirməyə başladıq. Şəki, Lənkəran, Quba, Xaçmaz, Qusar və digər yerlərdə muzey əməkdaşlarının iştirakı ilə treninqlər təşkil etmişik. Biz onlara bərpa işi necə gedir -bunu öyrədir və suallarını cavablandırırıq. Bu treninqlərin müsbət cəhəti ondadır ki, biz nəinki bərpadan danışırıq, əsas odur ki, onlara muzey eksponatlarının necə qorunmalı olduğunu, necə nümayiş olunmalı olduğunu göstəririk».
   Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi bu dəfə Salyan-Neftçalada sərgi-treninq keçirməyi planlaşdırıb. Bu treninq mart ayında baş tutacaq.
   Onu da deyək ki, bölgələrdən mərkəzə təqdim olunan ən qədim eksponat Şirvandan küp olub. Həmin küp birinci əsrə aiddir.
   
   Gülər