“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Azərbaycanda son orta əsr şəhər mədəniyyəti və orta əsr Ağsu şəhəri” adlı silsilə tanıtma seminarlarının həyata keçirilməsinə başlayıb. Seminarların muzeylər, universitetlər, orta məktəblər və kitabxanalarda keçirilməsi nəzərdə tutulur.
   Yanvarın 12-də İctimai Birlik “Azərbaycanda son orta əsr şəhər mədəniyyəti və orta əsr Ağsu şəhəri” adlı ilk seminarı M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunda gerçəkləşdi.
   Tədbiri giriş sözü ilə açan M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunun direktoru Nüşabə Ələkbərova mədəni irsin qorunmasında kitabxanaların rolundan danışdı. Daha sonra “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli seminarların keçirilməsinin əsas məqsədindən söz açdı: “Məqsəd Vətənimizin qədim tarixinin və zəngin mədəni irsinin elmi ictimaiyyətə və intellektual dairələrə çatdırılması, ictimaiyyətin Azərbaycan tarixi ilə bağlı biliklərinin və dünyagörüşlərinin hərtərəfli inkişafına dəstək olmaq, onların mədəniyyət ocaqlarına maraqlarının artırılması və onların gözü ilə bu sahədəki problemləri müəyyən etməkdir”.
   Tədbirdə Ağsu arxeoloji ekspedisiyasının üzvü, tarix üzrə fəlsəfə doktoru Elmira Abbasova, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin sektor müdiri Gülnarə Seyidova, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Yeni İstedadlar - Uşaq və Gənclər Mərkəzinin rəhbəri Cəfər Mənsimi çıxış etdi.
   Sonda “Ağsu arxeoloji ekspedisiyası” adlı film tədbir iştirakçılarına nümayiş edildi.
   
   Yeganə