Ulu keçmişimizin yadigarı olan bu ərazi həm də cəlbedici turizm məkanı ola bilər
   
   Qədim tariximizin maraqlı səhifələrini yaşadan məkanlardan biri də ölkəmizin qərbində, Ağstafa rayonunun ərazisində yerləşən «Keşikçidağ» məbəd kompleksidir. Geniş ərazini əhatə edən bu tarixi məkan Azərbaycan-Gürcüstan sərhədində yerləşir. 
   
   Məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir. Bu baxımdan ərazinin coğrafi parametrləri Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiyası ilə bağlı müzakirələrin mövzusudur.
   Məbədin mənşəyinə dair Azərbaycan və Gürcüstanın alim və mütəxəssisləri arasında müəyyən fikir ayrılığı var. Azərbaycan mənbələrinə görə, Keşikçidağ məbədi alban mənşəli abidədir, qədim Azərbaycan dövləti olmuş Qafqaz Albaniyasının (e.ə. IV əsrdən eramızın VIII əsrinədək mövcud olub) mədəni irsinə aiddir. Qarşı tərəf isə məbədin gürcü mənşəli olub tarixən gürcü pravoslav kilsəsinə tabe olduğunu iddia edir. Qeyd edək ki, qoruq Ceyrançöldə, Gürcüstan sərhədinə yaxın ərazidə qum daşlardan ibarət monastır kompleksidir. Prezident İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə Ağstafa rayonu ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksi Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu elan edilib.
   Qeyd edək ki, bu ərazidə monastır-memarlıq abidələri ilə yanaşı, çoxlu mağara-məbədlər var. Mağaraların bir qismində xristianlığa dair mövzularda freskalar təsvir olunub. Maraq doğuran məqam ondan ibarətdir ki, mağaraların divarlarındakı rəsmlər sistemli deyil, pərakəndə şəkildə işlənib. Deməli, rəsmlər qeyri-peşəkar rəssam tərəfindən çəkilib. Freskalar əsasən müxtəlif dini səhnə və obrazları əks etdirir. Mağaraların birinin divarlarında müxtəlif ölçü və formada xaç işarələrinə də rast gəlmək mümkündür. Böyük ölçüdə təsvir edilən xaç rus pravoslav kilsəsinə aiddir. Bu da ehtimal yaradır ki, freskaları işləyən rəssam rus mənşəli olub. Freskalarda diqqətçəkən mövzulardan biri də xristianlıqda məşhur olan «Sirli axşam» mövzusudur. Mağara-məbəd kompleksindəki freskaların işlənmə tarixinə gəlincə, onları XIX əsrin birinci yarısına aid etmək olar.
   
   «Şəhərgahı axtaranda gördüm ki, külli miqdarda mağaralar var»
   
   Ərazini tədqiq edən ilk tədqiqatçılardan biri fəlsəfə elmləri doktoru, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-istehsalat bərpa emalatxanasının baş mühəndisi İslam Göyüşovdur. Onun sözlərinə görə, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisi həm də böyük şəhərgahdır: «2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyində işləyərkən Keşik dağına, yəni Gözətçi dağına ezam olunmuşdum. Sərhəd ərazisi olduğundan oraya hərbçilərin müşayiəti ilə getdim. Ərazi ilə tanış olarkən böyük, qədim şəhərgaha rast gəldim. Yerli əhali buranı Adəm dağı adlandırır. Şəhərgahı axtaranda gördüm ki, ərazidə çoxlu mağara var. Orada xalqımızın qədim inanclarını - Aya, Günəşə, ulduzlara inancı əks etdirən detallara rast gəldim. Hətta bu məkanda suya, buddizmə inam dövrünün əlamətlərinə də rast gəldim. Onların hamısını araşdırdım, fotoşəkillərini, videosunu çəkib nazirliyə təqdim etdim”.
   
   David Karaco kimdir?
   
   “Keşikçidağ”da yerləşən məbəd-monastırların memarlıq quruluşu da maraq doğurur. Onlar Azərbaycan ərazisindəki alban məbədləri ilə eynilik təşkil edir. Bu məbədlərdən birinin David Karaco adlandırıldığını deyən tədqiqatçı onun maraqlı tarixçəsindən də bəhs etdi: «David Karaconun özü türkdür, qaracalar nəslindən olub. Gürcüstan dövlətini yaradan həmin adamdır. Bu, tarixi ədəbiyyatda da əksini tapıb.
   David Karaco 300 minə yaxın oğuz türkünü Gürcüstana dəvət edir və gürcü knyazlarına əmr edir ki, onlar öz qızlarını oğuz türklərinə ərə versinlər. Didiqoru deyilən yerdə oğuzlarla səlcuqlar araslnda döyüş olub və oğuzlar qalib gəliblər. Nəticədə Gürcüstan dövləti yaranıb. Yəni əgər, gürcü alimlərin iddia etdiyi kimi, David Karaco türk deyildisə də, bu oğuzları haradan yığıb gətirə bilərdi?
   Bu ərazidəki David Karaco kilsəsinə gəlincə, həmin kilsəni İsa peyğəmbərin həvarilərindən (apostol) olan Varfolomey tikdirib. O, eramızın I əsrində Şimali Qafqazdan tutmuş bizim yerlərə ərazilərdə xristianlığı yaymaqla məşğul olub və kilsələr tikdirib. Tarixi məlumatlara görə, Azərbaycanda, Bakıda vəfat edib, Qız qalası yaxınlığında dəfn edilib. David Karaco çox görkəmli adam olduğuna və dövlət yaratdığına görə kilsəyə onun adını verirlər. Bu məbədə eyni zamanda «Keşiş dağı» da deyirlər».    

   Tarixi məkan turizm baxımından da maraqlıdır
   
   David Karaco deyilən kilsənin ətrafında külli miqdarda mağaralar da var. Mağaraların bəzisi kvadrat formalıdır. Tavanları isə günbəzşəkillidir və hisdən qaralıb. Mağaralarda qəbirlər də aşkar edilib. Onlar qum daşından ibarət döşəmədə səliqə ilə qazılıb. Qəbirlərdən tapılan kəllələr də maraq doğurur. Məlumdur ki, İslam dininin Cənubi Qafqazda yayılması ilə əlaqədar olaraq Gürcüstanla həmsərhəd bölgədə yaşayan alban əhalisinin bir qismi gürcü xristianlığının təsir dairəsində qalıb və tədricən assimilyasiyaya uğrayıb. Tədqiqatçılar bildirir ki, «Keşikçidağ» qoruğundakı qəbirlərdən birində həm gürcü, həm də azərbaycanlılara məxsus kəllələrin aşkar edilməsi də məhz bu tarixi hadisələrin sübutlarındandır. Hətta bəzi qəbirlərdə tapılan kəllələrin orta əsrlərdə assimilyasiyaya uğrayaraq gürcüləşmiş albanlara aid olduğu bildirilir. Deməli, «Keşikçidağ» tarixi bir məkan olmaqla yanaşı, həm də Azərbaycan və Gürcüstan arasındakı çoxəsrlik mədəni-dostluq əlaqələrinin özünəməxsus bir rəmzi kimi də dəyərləndirilə bilər.
   İ.Göyüşov mağaralarla bağlı maraqlı fikir söyləyir: «İnsanlar orada şəhər kimi yaşayıb və əraziyə «Şəhərgah» deyiblər. Qədim insanlar bu mağaralarda yaşayaraq vəhşi heyvanlardan qorunurdular. Çünki o zaman belə şəhərlər salmağa imkan yox idi». Tədqiqatçı bu tarixi məkanın ölkəmiz üçün turizm baxımından perspektivindən də danışdı: «Yadımdadır ki, bu ərazilərlə çoxlu əcnəbi maraqlanırdı. Orada gözəl təbiət mənzərələri, qeyri-adi ağaclar var. Əgər bu yerdə turizm üçün infrastruktur, yollar və s. salınsa, buraya çoxlu turist axını olar».
   
   Mehparə Sultanova