Mətbuatda da xəbər verildiyi kimi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin yeni saytı hazırlanıb. Sayt «Musiqi dünyası» jurnalının redaksiyası tərəfindən ərsəyə gətirilib. Bu günlərdə Muzey Mərkəzində saytın təqdimatı keçirildi. Bu əlamətdar hadisə muzeyin fonduna və ekspozisiyasına bələd olan, tarixini araşdıran şəxs kimi mənim də yaddaşımda bəzi məqamlar canlandırdı...
      
   Azərbaycanda teatr muzeyinin təşkili 1927-ci ilə təsadüf edir. Muzeyin yaradıcısı teatr tariximizin öyrənilməsində və təbliğində böyük əmək sərf etmiş Ağakərim Şərifov olmuşdur.
   1927-ci ildə teatr işçilərinin respublika müşavirəsində belə bir muzeyin yaradılması barədə məsələ qaldırılmış və elə həmin ildə Azərbaycan Dövlət Dram Teatrının binasında belə bir muzey təşkil olunmuşdur. Əslində bu, teatr tarixinə aid sərgi və gələcək muzeyin təməli idi. Şahidlərin xatırladığına görə, sərginin açılış lentini kəsən böyük ədiblərimiz - Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev belə demişlər: "Yaşasın Azərbaycan teatrı!"
   Məhz həmin gündən bu muzey teatr tarixinə və teatr xadimlərinə aid yadigarları, əlyazmaları, fotoşəkilləri, rəsm əsərlərini, müxtəlif sənədləri toplayan və qoruyan məbədə çevrilmişdir.
   Sərgi tez bir zamanda o vaxtlar fəaliyyət göstərən Azərbaycan Dövlət Muzeyinin teatr şöbəsi kimi rəsmiləşdirilir. Nəhayət, 1934-cü ildə Azərbaycan Dövlət Muzeyinin müvafiq şöbəsinin bazasında Azərbaycan Dövlət Teatr Muzeyi yaradılır və Ağakərim Şərifov muzeyin direktoru təyin edilir.
   1934-cü il noyabrın 24-də muzeyin təntənəli açılış mərasimi keçirilir. Mərasimdə o dövrün görkəmli sənət xadimləri - Bülbül, Şövkət Məmmədova, Hüseynqulu Sarabski, Aleksandr Tuqanov, Ülvi Rəcəb, İsmayıl Hidayətzadə və başqaları iştirak edirlər. Bu hadisə barədə "Pravda" qəzetinin 21 dekabr 1934-cü il tarixli sayında məlumat verilir.
   1935-ci ildə muzeyə böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlının adı verilir.
   Bir şeyi də çox təəssüflə qeyd etmək lazım gəlir ki, muzey sonrakı illərdə bağlanmış, yenidən təşkil olunmuş, dəfələrlə müxtəlif yerlərə, hətta muzey üçün yararsız məkanlara köçürülmüşdür.
   Qarşımda bir arayış var. Uzun illər Azərbaycan Dövlət Teatr Muzeyinə rəhbərlik etmiş mərhum Turan xanım Cavidin imzaladığı bu arayışı "Teatr muzeyinin köçürülmə tarixi" də adlandırmaq olar.
   Buradan məlum olur ki, muzey 1940-cı ildə indiki Y.Məmmədəliyev küçəsində yerləşən Kənd Təsərrüfatı Muzeyinin binasına köçürülmüş, elə həmin ilin iyul ayında öz ünvanını yenidən dəyişməli olmuşdur. Muzey bu dəfə İncəsənət İşləri İdarəsinin binasının I mərtəbəsində və zirzəmisində yerləşdirilmişdir. Normal şəraitin olmadığı həmin yerdə fədakar muzey işçiləri yeni ekspozisiya yarada bilmişlər. Lakin muzey burada da bənd almamışdır. 1941-ci ilin iyulunda indiki Nizami adına Ədəbiyyat Muzeyinin binasının I mərtəbəsində iki otağa köçürülmüşdür. Həmin ilin dekabrında muzeyə bu binanın II mərtəbəsində beş ekspozisiya zalı ayrılmış və burada ekspozisiya yaradılmışdır.
   1945-ci ilin sonlarında Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin açılışa hazırlanması ilə əlaqədar Teatr Muzeyi yenidən öz ünvanını dəyişməli olmuş, bu dəfə İncəsənət İşləri İdarəsinin indiki T.Əliyarbəyov küçəsindəki binasına köçürülmüşdür. 1953-cü ildə həmin bina Mülki Müdafiə Qərargahına verilir və buna görə də Teatr Muzeyi yenidən Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində yerləşdirilir. Burada muzey üçün ayrılmış otaqlar isə əşyaların normal mühafizəsi, habelə ekspozisiya yaradılması üçün əlverişli olmamışdır.
   1963-cü ildə isə Azərbaycan Dövlət Teatr Muzeyi ləğv edilir və Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin Teatr və dramaturgiya şöbəsinə çevrilir.
   Respublika hökuməti 1968-ci ildə həmin şöbənin bazasında "C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkili haqqında" qərar qəbul edir. Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin binasının IV mərtəbəsindəki otaqlar yeni yaradılmış muzeyə verilir. Bu otaqlarda yalnız muzeyin fond əşyalarını və əməkdaşlarını yerləşdirmək mümkün oldu. Azərbaycan Dövlət Teatr Muzeyinin tarixində ən əlamətdar köçürülmə 1991-ci ildə baş verdi. Azərbaycanda muzey məqsədilə tikilmiş ilk və yeganə bina - keçmiş V.İ.Lenin Mərkəzi Muzeyin Bakı filialının binası Mədəniyyət Nazirliyinə verildikdən sonra burada "Muzey Mərkəzi" yaradıldı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və Azərbaycan İstiqlal Muzeyi ilə yanaşı, Dövlət Teatr Muzeyi də bu binada yerləşdirildi. Beləliklə, Azərbaycan teatrının tarixini əks etdirən zəngin ekspozisiya yaradıldı.
   
   * * *
   İndi isə bu muzeylə bağlı bəzi məqamları yada salaq.
   1937-1938-ci illərin acı yelləri teatr xadimlərinin, habelə Dövlət Teatr Muzeyinin üstündən də əsib, milli teatrımızın inkişafına ağır zərbə vurub. Həmin illərdə bir sıra teatr xadimləri repressiyaya məruz qalırlar. Bunların arasında Dövlət Teatr Muzeyinin direktoru Ağakərim Şərifovun qohumları da vardı. Bir qədər sonra Ağakərim Şərifovu işdən azad edirlər.
   Məhz həmin illərdə muzeyin elmi işçisi Afərin Məmmədbəyova öz həyatını təhlükəyə qoyaraq repressiya qurbanlarının muzeydəki əşyalarını gizlətmiş, ələ keçməkdən qorumuş və beləliklə həmin sənədlər bu günümüzə gəlib çatmışdır.
   Muzey 1960-cı illərin əvvəllərində də təzyiq və tənqidlərə məruz qalmışdır. "İzvestiya" qəzetinin 1 oktyabr 1963-cü il tarixli sayında mərkəzi orqanlarda məsul vəzifə daşıyan şəxsin imzası ilə "Mürgülü vəziyyətdə" sərlövhəli yazı dərc edilmişdi. Burada keçmiş SSRİ-də muzey işində mövcud problemlər araşdırılır, tənqidi münasibət bildirilirdi. Azərbaycan Dövlət Teatr Muzeyinin ləğv edilməsi də həmin vaxtlara təsadüf etmişdir. Bu təsadüfdürmü?
   "İzvestiya"nın 22 noyabr 1963-cü il tarixli sayında dərc edilmiş "Belə muzeylər lazım deyil" sərlövhəli yazıya nəzər yetirək. Yazının Azərbaycana həsr olunmuş hissəsində oxuyuruq: "Azərbaycan Teatr Muzeyi, əgər bu sözü düzgün izah etsək, heç vaxt sənət məbədi olmamışdır. Əslində bu muzeyin mövcudluğuna ehtiyac da olmayıb. Axı Bakıda Azərbaycan Tarixi Muzeyi, Nizami adına Ədəbiyyat Muzeyi və bu muzeylərdə mədəniyyət şöbələri vardır. Azərbaycan teatrı tarixində maraq doğuran nə varsa, onları burada nümayiş etdirmək mümkündür. Buradakı kitablara gəldikdə isə, nə üçün onlar Kütləvi Kitabxananın və ya Teatr İnstitutunun kitabxanasının incəsənət şöbəsinə verilməsin?".
   Yazının müəllifləri öz mülahizələrini bu cür əsaslandırırlar: "Bu muzeyin işçiləri - direktoru və üç əməkdaşı faktiki olaraq kitabxanaçı vəzifəsini yerinə yetirirdilər. Muzeyin həmçinin fotoqrafı, rəssamı, mühasibi, təsərrüfat müdiri, mühafizəçisi, xadiməsi var idi".
   Müəlliflər daha sonra yazırlar: "Bu yaxınlarda (1963-cü il nəzərdə tutulur - A.B.) respublika Mədəniyyət Nazirliyi bu işi qaydasına salmaq qərarına gəldi. Həmin muzey Ədəbiyyat Muzeyinin Teatr sənəti şöbəsi hüququnda saxlanıldı. Nə dəyişdi ki? İndi direktor şöbə müdiri adlanır. İki elmi əməkdaşdan başqa, nəyə lazım olduğu bilinməyən ikinci bir ştat - laborant ştatı əlavə edildi. Rəssam ştatı da saxlanıldı".
   Göründüyü kimi, Azərbaycan teatrı tarixini özündə əks etdirən muzeyin ləğv olunaraq başqa bir muzeyin şöbəsinə çevrilməsi, bir neçə ştatın saxlanılması yazı müəlliflərini qane etmir. Belə çıxır ki, Azərbaycan teatr tarixinə aid materiallar ümumiyyətlə saxlanılmamalı və təbliğ olunmamalıdır. Buna görə də elmi işçi, fotoqraf və rəssam ştatlarına da ehtiyac yoxdur. Məqalə müəlliflərinin tələbi budur: "Boş muzey salonlarının dövlət vəsaitini necə udduqlarına, onların əməkdaşlarının isə yalnız qədim əşyaları qoruyub saxlayanların rolu ilə kifayətləndiklərinə kənar müşahidəçi kimi sakitcə dayanıb baxmaq olmaz".
   
   * * *
   Bütün bunlara baxmayaraq muzeyin müxtəlif nəsillərdən olan əməkdaşları Ağakərim Şərifovun başlamış olduğu bu xeyirxah işi hətta ən çətin vəziyyətlərdə belə ləyaqətlə davam etdirdilər. Artıq dünyalarını dəyişmiş Sabit Rəhman, Afərin Məmmədbəyova, Sona Cabbarlı, Ayişə Qasımova, Turan Cavid, habelə muzeyin indiki direktoru Nuridə Nurullayeva əsl fədakarlıq nümunəsi göstərmişlər. Məhz bunun nəticəsidir ki, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi bu gün respublikamızın zəngin və qabaqcıl mədəniyyət ocaqlarından birinə çevrilmiş, burada 130 minədək əşya toplanmışdır.
   İndi bu zəngin sərvətlə dünyanın müxtəlif guşələrində tanış ola biləcəklər.
   Bu, hamı kimi, məni də sevindirir...
   
   Adilxan Bayramov,
   Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktor müavini, filologiya elmləri doktoru







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar