“Bakıda belə möhtəşəm beynəlxalq festivalın keçirilməsi Azərbaycan xalqının sivilizasiyasının və mədəniyyətinin inkişafına və tanınmasına əyani sübutdur. Biz iraqlılar artıq ikinci dəfədir ki, bu festivalda iştirak edirik. Bu rəsmi dəvətə görə Azərbaycan hökumətinə minnətdarlığımızı bildiririk. Festivalın işi olduqca yüksək səviyyədə təşkil olunmuşdu. Biz burada bir daha Azərbaycan xalqının xoşməramlı xalq olmasına şahidlik etdik”.
   Bu sözləri Bakıda keçirilən “Muğam aləmi” II Beynəlxalq muğam festivalının iştirakçısı, iraqlı musiqişünas Həsən Şəkərci deyib. Aprelin 7-9-da Bakıda keçiriləcək Dünya Mədəniyyətlərarası Dialoq Forumunda da iştirak edəcəyini deyən qonaq vurğulayıb ki, mədəniyyət bütün xalqların inkişafının və sülhün bərqərar olunmasının mühüm göstəricisidir: “Çünki insana nə qədər güc, silah verilsə belə, heç vaxt zorakılığın və terror əməllərinin qarşısını ala bilməz. Bu əməllərin qarşısını yalnız və yalnız mədəniyyətin gücü ilə almaq mümkündür. Xalqların mədəni səviyyəsi artdıqca onlar zorakılıqdan uzaqlaşır, dialoqa yaxınlaşır. Mən şəxsən Azərbaycan prezidenti İlham Əliyevin Dünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsində göstərdiyi təşəbbüsə görə öz təşəkkürümü bildirirəm. İnanıram ki, Bakı Forumu dünyada sülhün bərqərar olunmasına, terrorun bütün növlərinin və zorakılığın aradan qaldırılmasına xidmət edəcək”.