Faktları sevən və sentimentallığı inkar edən tarix dövlətin və millətin inkişafında mədəniyyətin və ideoloji amillərin vacibliyini bizə aşkar və təkzibolunmaz şəkildə sübut edir. Burada bir çox görkəmli alim və dünya şöhrətli siyasətçilər tərəfindən tez-tez istifadə olunan ifadənin qeyd olunması yerinə düşərdi: konkret xalqa məxsus olan mədəniyyətin məhvi və ya onun deqradasiyası xalqın və bütövlükdə dövlətin dünyanın siyasi xəritəsindən silinməsinə gətirib çıxara bilər. Hesab edirəm ki, bu ifadə heç bir zaman öz aktuallığını və qüvvəsini itirə bilməz. Əksinə, total unifikasiya təzahürləri ilə müşahidə olunan qloballaşma prosesləri bu fikrin aktuallığını bir daha təsdiq edir.
   Qaçılmaz qloballaşma prosesləri müstəvisində milli identikliyin (eyniyyətin) başlıca göstəricisi və meyarı olan mədəniyyətin və mədəni təzahürlərin aktuallığı və əhəmiyyəti kəskin şəkildə artır. Odur ki, müasir dövrdə milli mədəniyyətin qorunması və inkişaf etdirilməsi kimi məsələlərə milli təhlükəsizliyin təmin olunması kontekstindən yanaşmaq olduqca vacibdir.
   Qeyd olunanlar, habelə mədəniyyət siyasətinin qarşısında duran mürəkkəb və dövlət əhəmiyyətli məqsədlər sovet dövründə müşahidə olunan mədəniyyətin rəmzi kontekstindən imtina olunmasını zəruri edir. Mədəniyyət amili artıq bayramlar və yubiley tədbirlərinin təşkili ilə təcəssüm olunmur. Bu gün Azərbaycanın reallıqları (sürətli inkişafı və dünyaya inteqrasiyası), habelə aparılan informasiya mübarizəsi mədəniyyətin daha çox siyasi potensiallarına müraciəti aktuallaşdırır. Ölkə rəhbərliyinin bilavasitə diqqəti və qayğısı sayəsində, habelə sahənin peşəkar menecmenti nəticəsində mədəniyyət siyasəti öz inkişafının ən parlaq mərhələsini yaşayaraq, iqtisadi, sosial və xarici siyasət kimi mühüm istiqamətlərlə yanaşı dövlətimizin inkişafında mühüm əhəmiyyət kəsb edir.
   Vurğulamaq istərdim ki, mədəniyyətin siyasi potensiallarına müraciət olunması heç də müasir dövrün kəşfi deyil. Konkret xalqın rifahında mədəniyyətin əvəzolunmaz rolunu isbat edən faktlar bəşəriyyətin tarixində kifayət qədər çoxdur. Ancaq nəzəriyyədən uzaqlaşaraq daha çox təsiretmə və düşündürmə imkanına malik olan bir misalı qeyd etmək istərdim. Belə ki, müxtəlif dövrlərdə ABŞ prezident administrasiyasının milli təhlükəsizlik məsələləri üzrə müşaviri olan Zbiqnev Bjezinskiy “Böyük şahmat lövhəsi” adlı əsərində açıq etiraf etmişdir ki, ABŞ-ın xarici siyasətinin uğurunu təmin edən amillərdən biri Ağ evin effektiv mədəniyyət siyasətidir.
   Təsadüfi deyil ki, dövlət başçısı cənab İlham Əliyevin fərmanı ilə 2006-cı ildə yaradılmış Mədəniyyət və Turizm Nazirliyinin qarşısında duran əsas və prinsipial vəzifələrdən biri məhz Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasıdır. Başqa sözlə desək, Azərbaycanın siyasi sistemində yaradılmış yeni qurumun strateji məqsədi beynəlxalq təbliğatın aparılmasından ibarətdir. Bu cür yanaşma mədəniyyət amilinin siyasi potensialının aşılanmasını və mədəniyyət sahəsinin cəmiyyətdə olan imicinin əsaslı şəkildə artırılmasını tələb edir. Nazirlik tərəfindən beş il müddətində görülmüş işlərin təhlili bir daha onu sübut edir ki, beynəlxalq təbliğat və sahənin mahiyyət etibarilə modernləşməsi Azərbaycanda həyata keçirilən mədəniyyət siyasətinin əsas vəzifələrindəndir.
   Mədəniyyət siyasətinin metodoloji potensiallarına müraciət olunması artıq bir reallıqdır. Bu gün biz Azərbaycanda mədəniyyət siyasətinin və xarici siyasətin sıx tandeminin mövcudluğundan tam əminliklə danışa bilərik. Ölkənin suveren inkişafında əvəzolunmaz rol oynayan bu iki mühüm sahənin vəhdət və razılaşdırılmış fəaliyyəti nəticəsində Azərbaycanın dünyada lazımi imicinin formalaşması, üzv olduğumuz beynəlxalq təşkilatlarda mövqelərimizin əsaslı şəkildə gücləndirilməsi, xalqımıza məxsus olan mədəni irs nümunələrinin Ermənistan tərəfindən mənimsənilməsi hallarının, habelə informasiya müharibəsi çərçivəsində aparılan antiazərbaycan kampaniyaların qarşısının alınması və digər bu kimi mühüm siyasi məqsədlərin effektiv reallaşdırılması təmin olunur.
   Bununla yanaşı xüsusi olaraq nəzərə alınmalıdır ki, mədəniyyət siyasətinin əhəmiyyəti təkcə beynəlxalq siyasətdə özünü büruzə vermir. Eyni zamanda onun vacibliyi və lazımlılığı ölkədaxili siyasətdə də kifayət qədər böyük dərəcədə qiymətləndirilməlidir.
   Qeyd olunan fikrin dərk olunması üçün mədəniyyət siyasətinin qarşısında duran bir neçə strateji məqsədlərin vurğulanması zəruridir: mədəni müxtəlifliyin dəstəklənməsi, mədəni irs nümunələrinin və milli identikliyin qorunması, böyük tərbiyəvi əhəmiyyət kəsb edən və estetik zövqün formalaşmasında əvəzolunmaz rola malik olan bədii təhsilin inkişafı, yaradıcılıq fəaliyyəti üçün lazımi şəraitin təşkili, tolerantlıq və mədəniyyətlərarası dialoq mühitinin yaradılması, yenilikçi keyfiyyətlərin və təşəbbüslərin dəstəklənməsi, milli mədəniyyətin və bütövlükdə mədəni təzahürlərin tədqiqinə və təşviqinə xidmət edən tədbirlərin görülməsi və s.
   Qeyd olunan məqsədlər bizlərə mədəniyyət siyasətinin xalqın suveren inkişafında və rifahında oynadığı rolu haqqında məlumat verir. Belə ki, mədəni müxtəlifliyin dəstəklənməsi bir növ mədəniyyətdə demokratik prinsiplərin təcəssümü olmaqla yanaşı ölkə daxilində tolerantlıq mühitinin təmin olunması deməkdir. Bu isə öz növbəsində milli siyasətin ayrılmaz hissəsidir. Mədəni irs nümunələrinin qorunması milli identikliyi təmin edən vəzifələrdəndir. Milli identiklik millətin mövcudluq şərtlərindəndir. Bədii təhsilin inkişafı məsələsi isə bilavasitə tərbiyəvi xarakter daşıyır. Milli ruh müstəvisində gənc və yeniyetmə nəsildə estetik zövqün formalaşması və onların dünya klassik mədəniyyət nümunələrinə qovuşması, gənclərimizin dünya mədəniyyətinə harmonik şəkildə inteqrasiyası, xalqın ümumi inkişafında böyük rol oynayır. Yenilikçi keyfiyyətlərin və təşəbbüslərin dəstəklənməsi isə öz növbəsində sistemin və dolayısı ilə bütün dövlətin modernləşməsinə gətirib çıxara biləcək xüsusiyyətlərdəndir.
   Beləliklə, bu cür qısa təhlil mədəniyyət siyasətinin perspektivliyi və xalqın rifahında oynadığı böyük rolu haqqında bizlərə məlumat verir. Sözsüz ki, mədəniyyət siyasəti digər sahələrdə olduğu kimi, öz inkişafında müəyyən dəyişikliklərə və korrelyasiyalara məruz qalacaqdır. Bu dəyişikliklər dinamik cərəyan edən dünyəvi proseslər və müharibə şəraiti tələb edir. Ancaq dəyişməz olaraq bir həqiqət vardır ki, o da Azərbaycan mədəniyyətinin zənginliyi və gözəlliyidir. Odur ki, xalqımızın bu varlığını qoruyub saxlaması və gələcək nəsillərə çatdırması mədəniyyət siyasətinin tükənməz vacibliyini sübut edir.
   
   Asif Usubəliyev,
   siyasi elmlər namizədi