Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”a uyğun olaraq, ərazidəki tarix-memarlıq abidələrinin qorunmasına göstərilən xüsusi qayğı çərçivəsində Qız qalası abidəsinin bərpa və muzey konservasiyası işlərinə başlanılıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildiriblər ki, işlər Avstriyanın məşhur bərpaçı mütəxəssisi, dünyanın müxtəlif yerlərində 400-dən artıq abidəni, o cümlədən İçərişəhərdəki Məhəmməd Məscidini bərpa etmiş Erix Pummerin rəhbərliyi ilə xarici və yerli mütəxəssislər tərəfindən həyata keçiriləcək. Bərpa zamanı Almaniyanın “Remmers” şirkətinin bərpa üçün nəzərdə tutulmuş xüsusi materiallarından istifadə olunacaq.
   “Atelier Erich Pummer” şirkəti tərəfindən 2009-cu ilin noyabrında abidənin nadirliyi və təkrarolunmazlığı nəzərə alınaraq tammiqyaslı işlərə başlanmazdan əvvəl Qız qalasının cənub-qərb tərəfindəki sınaq sahəsində bərpa işləri aparılıb.
   UNESCO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş Qız qalasına uzun müddət lazımi diqqət göstərilməməsindən və ətraf mühitin təsirlərindən yaranan mənfi hallar beynəlxalq təcrübənin və texnologiyanın tətbiqi vasitəsilə aradan qaldırılacaq və abidə tarixi görkəminə qaytarılacaq.