Növbəti seminar keçirilib
   
   “Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin təşkilatçılığı ilə Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Azərbaycanın son orta əsr şəhər mədəniyyəti və orta əsr Ağsu şəhəri” silsiləsindən növbəti seminar keçirilib.
   
    70 nömrəli liseyin və 272 nömrəli orta məktəbin müəllim və şagird kollektivlərinin iştirak etdikləri seminarı açan kitabxana sisteminin direktoru Şəhla Qəmbərova ölkəmizdə 2011-ci ilin “Turizm ili” elan olunması ilə bağlı belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini deyib.
   “Miras” ictimai birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, birliyin sədr müavini Rəşad İbrahimov, uşaq və gənclərlə iş şöbəsinin müdiri Cəfər Mənsimi arxeoloji ekspedisiyanın gördüyü işlər haqqında danışıblar. İctimai birliyin “Şirvan xəzinəsinə aparan yol” adlı mədəni irs turlarına start verildiyi bildirilib. Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhmən Hüseynov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı Nüşabə Ələkbərova və başqaları belə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
   Seminarda Ağsu arxeoloji ekspedisiyasının bu rayonun ərazisində apardığı qazıntılar zamanı əldə etdiyi nəticələrlə bağlı çəkilmiş sənədli film və “Xocalı vaxtı” ekran əsəri nümayiş olunub. Sonda F.Xəlilli müəllifi olduğu “Ağsu orta əsrlərdə” kitabını məktəblilərə hədiyyə edib.