Tarixi abidələr hər bir ölkənin qədim və zəngin keçmişini xarakterizə edən mühüm faktlardan biridir. Buna görə də, hər bir ölkədə maddi mədəniyyət abidələrinin qorunmasına xüsusi önəm verilir.
   
   Fəxrlə deyə bilərik ki, respublikamızda da Azərbaycanın qədim və zəngin tarixinin sübutu olan minlərlə abidə mövcuddur. Bu abidələrin ən əhəmiyyətlilərindən bir neçəsi də Qəbələ rayonunun ərazisindədir.
   Bu gün Qəbələ rayonu ərazisində 93 tarix-mədəniyyət abidəsi var. Bu abidələrdən yerli əhəmiyyətli abidələrin sayı 61, dünya əhəmiyyətlilərin sayı 1, ölkə əhəmiyyətlilərin sayı isə 31-dir. 17 abidə memarlıq, 70 abidə arxeoloji, 4 abidə dekorativ tətbiqi sənət nümunələri, 2 abidə isə bağ-park monumental və xatirə abidələridir. Qeyd olunan abidələrin bəziləri keçmiş sovet dövründə dağılmış, yaxud təsərrüfat sahəsinə çevrilmişdi. Bu gün həmin ərazilərdə arxeoloji tədqiqat işlərinin aparılmasına ehtiyac var.
   Qeyd edək ki, qədim Qəbələ şəhərinin ərazisində geniş miqyaslı qazıntı işləri aparılıb və bu iş davam etdirilir. Bir neçə qazıntının üzərində artıq dəmir konstruksiya qurulub və şüşə ilə örtülüb. Ölkə əhəmiyyətli abidə olan Həzrə türbələr kompleksi 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bərpa olunub.
   Qəbələyə təşrif buyuran turistlərin və qonaqların bu abidələrə ekskursiyaları təşkil olunur. Rayon ərazisində yerləşən və turistlərin marağına səbəb ola biləcək abidələr sırasında Səlbir qala (Antik dövr, orta əsrlər, Çuxur Qəbələ kəndi) Komrad piri (Orta əsrlər, Dızaxlı kəndi, kömür dağında) kimi arxeoloji abidələri,
   Şeyx Bədrəddin türbəsi (1446, Həzrə kəndi), Şeyx Mənsur türbəsi (XVI, Həzrə kəndi), Şeyx Məhəmməd türbəsi (XV, Həzrə kəndi), Mirzəli evi (XIX, Vəndam qəsəbəsi), Cümə məscidi (1899-1906, Qəbələ şəhəri) və s. memarlıq abidələrini qeyd etmək olar. Bundan əlavə, Qəbələ rayonunun Nic qəsəbəsindəki qədim alban məbədləri turistlərin maraq göstərdiyi tarixi abidələrdir. Son vaxtlar burada XVII əsrə aid məbədlər aşkarlanıb. Bütün bu abidələr Qəbələnin nə qədər dərin bir tarixə malik olan vətən torpağı olduğunu bir daha təsdiq edir.
   
   Anar Rüstəmli,
   Qəbələ rayon Mədəniyyət və Turizm Şöbəsinin inspektoru