İyunun 11-də “Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi “Heritage Travel” turizm şirkəti ilə birlikdə “Şirvan xəzinəsinə aparan yollar” mədəni irs turlarının təqdimatını keçirdi. KİV nümayəndələrinin də iştirak etdiyi infotur zəngin təəssüratlarla yadda qaldı.
   
   İlk dayanacaq - Diri Baba türbəsi
   
   Bakıdan səhər yola düşən avtobusumuzun ilk dayanacağı Qobustan rayonundakı Diri Baba türbəsi oldu. Oraya çatanda türbəni ziyarət edən yaponiyalı turistlərlə rastlaşdıq. Türbə haqqında bizə ”Miras” ictimai birliyinin sədri, tarix elmləri namizədi Fariz Xəlilli məlumat verdi. Öyrəndik ki, tarixən Şirvanı qonşu ölkələrə bağlayan karvan yolunun yaxınlığında yerləşən Diri Baba türbəsi bir çox səyyahların diqqətini cəlb edib. Türbə haqqında bır sıra rəvayətlər var. Məsələn, tanınmış səyyah Övliya Çələbi qeydlərində türbənin içərisində səcdə anında vəfat etmiş bir övliyanı gördüyünü yazır. Rəvayətə görə, 1918-ci ildə ermənilər bölgədə qırğınlar törədən zaman üç qadın qucağında körpə ilə son ümid yeri kimi “Diri Baba” türbəsində gizlənib. Ermənilər onları təqib etsələr də, türbənin içərisində tapa bilməyərək, daha doğrusu, onları görməyərək geri qayıdıblar. Qayanın içərisində yonulmuş türbənin birinci mərtəbəsi dəhlizdən və türbə xidmətçisi üçün ayrılmış otaqdan, ikinci mərtəbəsi isə salondan ibarətdir. Birinci mərtəbə ilə ikinci mərtəbə arasında səliqə ilə düzəldilmiş daş pilləkən mövcuddur. Qayanın içərisində tikildiyinə görə türbənin ancaq cənub tərəfə doğru bir fasadı var. Həmin fasadın quruluşunda Şirvan abidələrində olan memarlıq əlamətləri ilə yanaşı fərqli detallar da mövcuddur. Türbənin ikinci mərtəbəsindəki salon memarlıq quruluşuna görə fərqlənir. Qeyd edək ki, abidədə ötən əsrin 70-ci illərində bərpa işləri aparılıb, bununla yanaşı burada yeni bərpa işlərinə ehtiyac var.
   
   Muzeylə tanışlıq
   
   Yolumuza davam edirik. Qarşılaşdığımız füsunkar mənzərələr insanı valeh edir. Artıq Şamaxıdayıq. Daha dəqiqi, Şamaxı Tarix Diyarşünaslıq Muzeyində. Direktor Firqiyə Zamanova muzeyin beynəlxalq standartlara tamamilə uyğunlaşdırıldığını deyir. 1945-ci ildə yaradılan muzeydə 9 minə qədər eksponat var. Onlardan 1800-ü ekspozisiyada nümayiş olunur. Burada Şamaxının tarixinin, mədəniyyətinin müxtəlif dövrləri, habelə bu diyarla bağlı maraqlı məlumatlar yer alıb. Muzeydə Şamaxı kəndləri və Şamaxının tanınmış insanları haqqında məlumat bazası da maraq doğurur. Monitor vasitəsilə istənilən məlumatla tanış olmaq olur.
   Orta əsr Şamaxı şəhərinin avropalı səyyah-rəssamlar (Adam Oleari, Korneli de Breyn və s.) tərəfindən çəkilmiş rəsmlərinin reproduksiyası ekspozisiyanın maraqlı bölmələrindəndir. Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində Şirvan tarixindən bəhs edən film də hazırlanıb və xüsusi kinozalda ziyarətçilərə nümayiş olunur. Muzeydə dünya muzey standartları əsasında tarixi ardıcıllıq, işıq effektləri, iki dildə (Azərbaycan və ingilis) informasiya, elektron vasitələrdən istifadə edilməklə Şirvan regionunun mədəni irsi yerli və xarici turistlərə təqdim olunur.
   
   Orta əsr şəhərinə səyahət
   
   Yolumuza davam edərək Ağsu rayonuna gəlirik. Ağsudakı Heydər Əliyev seyrangahında rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev qonaqları salamlayaraq son vaxtlar Ağsuda aparılan tikinti, quruculuq və abadlıq işləri barəsində ətraflı məlumat verdi.
   Sonra media nümayəndələri orta əsr Ağsu şəhər yerinə gedərək orada aparılan arxeoloji qazıntılarla, bərpa və konservasiya işləri ilə tanış oldular. Havanın isti olmasına baxmayaraq infotur iştirakçıları qədim şəhərin “məhəllələrini” gəzir, tapılan qeyri-adi, maraqlı mədəniyyət nümunələri ilə bağlı əhatəli məlumatlar əldə edirdilər. Ağsu arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Qafar Cəbiyev məlumat verdi ki, burada tədqiqat işləri 2010-cu ilin martında başlanıb. Ötən il 3600 kvadratmetr sahədə tədqiqat işləri aparılıb: “Arxeoloji qazıntılar zamanı şəhərin sənətkarlıq məhəllələrini aşkar etdik, bir sıra sənət sahələri üzrə emalatxanalar, istehsal obyektlərini üzə çıxardıq. Ərazidə tədqiqatlar başa çatandan sonra “Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə sahədə sərgi-muzey kompleksinin yaradılması başlandı”.
   Qeyd edək ki, hazırda kompleksdə montaj işləri gedir. Sonra iştirakçılar qazıntı işləri ilə yaxından tanış oldular. Bəzi media işçiləri arxeoloqlarla birgə qazıntılarda iştirak etdilər.
   
   Azərbaycanda arxeoloji turizmin böyük potensialı var
   
   Bu arada biz də “Şirvan xəzinəsinə aparan yollar” mədəni irs turunun təşkilində iştirak edən “Heritage Travel” turizm şirkətinin direktoru Rəşad İbrahimovla söhbət etdik. Ölkəmizdə arxeoloji turizmin potensial imkanlarından danışan müsahibim “Miras” ictimai birliyinin fəaliyyətini yüksək qiymətləndirdi: “Bu mədəni irs turu “Miras” ictimai birliyi tərəfindən irəli sürüldü və biz turizm şirkəti olaraq, həm də vətəndaş nöqteyi-nəzərindən bu işə dəstək olduq. Şirvanda mədəni irs çox zəngindir. Biz turistlər üçün bir neçə daxili turlar təşkil edirik və Gülüstan qalası, Lahıc, Basqal, Fitdağ kimi tarixi-mədəni yerləri bu marşruta daxil etmişik”.
   Sonra Ağsu dolaylarındakı “Mingəçevir restoranı”nda “Şirvan xəzinəsinə aparan yollar” mədəni irs turunun təqdimatına həsr olunmuş brifinq keçirildi. “Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin sədri, tarix elmləri namizədi Fariz Xəlilli orta əsr Ağsu şəhəri tədqiqatlarının arxeoloji turizm layihəsi çərçivəsində aparıldığını bildirdi: “Orta əsr Ağsu şəhəri arxeoloji turizm layihəsidir. Biz bu ərazidə tədqiqatlar apararkən həm də bu abidələrin təbliğini, mühafizəsini öz üzərimizə götürmüşük. Məqsədimiz Azərbaycanda arxeoloji turizmin təbliğinə yardım göstərmək, turistləri bu sahəyə cəlb etməkdir. İnanırıq ki, gördüyümüz işlər “Turizm ili”nə layiqli töhfə olacaq”.
   Fariz Xəlilli “Miras” ictimai birliyinin bu istiqamətdə digər yeni layihələrinin də olduğunu, maliyyə vəsaiti olarsa, həmin layihələrin gerçəkləşdiriləcəyini qeyd etdi.
   Sonra F.Xəlilli orta əsr Ağsu şəhər ekspedisiyası layihəsi barədə iştirakçılara geniş məlumat verdi. Qeyd olundu ki, ötən il 3 qazıntı sahəsində qiymətli maddi-mədəniyyət nümunələri aşkar edilib. Bir hektara qədər ərazidə tədqiqat işləri aparılıb. “Nadir şah tərəfindən tikdirilən Ağsu XVIII əsr şəhərdir. Lakin qazıntı sahələrində XII əsrə aid materiallar da aşkar edilib. Şəhərin qala divarlarının çəkilməsi, burada şəhər tipli yaşayışın başlaması Nadir şahın adı ilə bağlıdır. Bizim zəngin mədəni irsimiz var. Bunu lazımınca təqdim etməliyik. “Şirvan xəzinəsinə aparan yollar” mədəni irs turları çərçivəsində hər kəs Şirvan ərazisində bir çox ərazilərlə tanış ola bilər. Bizim digər tarixi abidələrə mədəni tur marşrutlarımız da var. Bütün bunlar zəngin irsimizdən xəbər verir”.
   Brifinqin sonunda mədəni irsin təbliğində fərqlənən kütləvi informasiya vasitələri “Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin dostu diplomları təqdim olundu. Təltif olunan mətbu orqanlar arasında “Mədəniyyət” qəzeti də var.
   
   Ceyhun Zərbəliyev