Macarıstanın milli sərvətlər naziri kitabla bağlı Azərbaycanın bu ölkədəki səfirinə məktub göndərib
  
   Sənətşünaslıq doktoru, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyevanın ölkəmizin Budapeştdəki səfirliyinin təşəbbüsü ilə macar dilində nəşr olunmuş “Azərbaycan xalçası” kitabı bu ölkənin mədəni ictimaiyyəti və sənət adamları tərəfindən maraqla qarşılanıb.
  
   Macarıstanın milli sərvətlər naziri Mikloş Retele ölkəmizin Budapeştdəki səfiri Vilayət Quliyevə göndərdiyi məktubda nəfis şəkildə çap edilmiş kitabın dünya tətbiqi sənətinin özünəməxsus nümunələrindən biri olan Azərbaycan xalçasını tanıtmaq və təbliğ etmək baxımından böyük əhəmiyyət daşıdığını bildirib. Məktubda, eyni zamanda, Azərbaycan xalçasının qədim tarixinə, zəngin texnologiyasına və dünya mədəni irsindəki yerinə də diqqət yetirilib.
   Xatırladaq ki, Röya Tağıyevanın “Azərbaycan xalçası” kitabı bu yaxınlarda 1000 nüsxə tirajla Budapeştin rəssamlıq və sənət əsərlərinin çapı üzrə ixtisaslaşmış “Korvina” nəşriyyatında işıq üzü görüb. Qeyd edək ki, Budapeştdəki səfirliyimiz iki ölkə mütəxəssislərinin iştirakı ilə Macarıstan Tətbiqi Sənət Muzeyində saxlanılan XVI əsrə aid Azərbaycan xalçalarının identifikasiyası və bərpası ilə bağlı layihənin həyata keçirilməsi istiqamətində iş aparır.