Sərdar Fərəcov: “Üzeyir Hacıbəylinin ev-muzeyi mənə hərtərəfli dəstək verdi. Bu ocağa çox minnətdaram”

Allah hər kəsi eyni yaradır, lakin yaratdıqlarının içərisində seçib ayırdığı bəndələri olur. O bəndələr ki, sanki xüsusi missiya ilə gəlirlər bu dünyaya. Öz vətəninə, ölkəsinə xeyir gətirmək, onu dünyaya tanıtmaq kimi şərəfli missiya. Bəli, belə bir missiya ilə də Üzeyir bəy gəlmişdi dünyaya.

Tanrının Azərbaycan xalqına bəxş etdiyi bu insan son nəfəsinədək xalqının mədəniyyətinin inkişafı və yüksəlişi uğrunda çalışan bir şəxsiyyət kimi adını tarixə qızıl hərflərlə yazdı. Onun yaşayıb-yaratdığı evi illərdir muzey kimi fəaliyyət göstərir və görkəmli ictimai, mədəniyyət xadimlərindən sadə vətəndaşlara qədər bu ev hər bir kəsin sevə-sevə ziyarət etdiyi doğma məkana çevrilmişdir. Bu illər ərzində muzeydə çalışanların da hər biri ayrı-ayrılıqda Üzeyir bəy şəxsiyyətinə, yaradıcılığına öz sevgisi, sonsuz hörməti, dərin məhəbbəti ilə sadiq qalmış, hər bir işdə öz zəhmətlərini əsirgəməmişlər.
Ömrünün 30 ilini bu sənət məkanına həsr edən bəstəkar, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov 1982-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkar ixtisası üzrə Xəyyam Mirzəzadənin sinfini bitirib hərbi xidmətə yola düşür. Hələ tələbə ikən o bir çox maraqlı əsərlər yazmışdı. Piano üçün prelüdlər, violin və piano üçün “Skerso”, fleyta və piano üçün sonata, piano üçün variasiyalar, klarnet, violin və piano üçün trio, simli kvartet, böyük simfonik orkestr üçün “Simfoniya” və s. Tələbəlik illərindən bir sıra müsabiqə və festivallara qatılmış, laureat diplomları qazanmışdı. 1984-cü ilin yayında hərbi xidmətdən qayıdan Sərdar Fərəcov Bakıda iş axtararkən musiqişünas dostu Namiq Abdullayev ona özünün çalışdığı yerdə - Üzeyir Hacıbəylinin ev-muzeyində işləməyi təklif edir. Özünü heç cür muzey işçisi kimi təsəvvür etməsə də, hətta iş barədə başqa təkliflər alsa da, o, muzeyə gəlir: “...Dahi Üzeyir Hacıbəylinin yaşadığı ev, buradakı şərait, ömrün eksponatlara dönmüş səhifələri məni əfsunladı, bu səliqə-sahmanın içində bərqərar olmuş sakitlik sanki böyük ustadın müqəddəs ruhuna keşik çəkirdi. Hiss etdim ki, buradakı saflığa, dərin qüdsiyyətə içimdə bir ehtiyac var və məhz həmin an burada qalıb çalışmağa qərar verdim...”
Beləliklə, muzeyin o zamankı direktoru, Üzeyir bəyin baldızı oğlu - son dərəcə geniş dünyagörüşlü insan Ramazan Xəlilov ilə Sərdar Fərəcovun tanışlığı, maraqlı, səmimi söhbəti onun ev-muzeyin fonoteka şöbəsinin müdiri vəzifəsinə işə qəbul olunması ilə nəticələndi. İlk günlərdən Üzeyir bəyə olan sevgi, işə göstərdiyi maraq, həvəsi ilə R.Xəlilovun rəğbətini qazanır. Bu da bir qismət, bir xoşbəxtlikdir. Çünki Üzeyir bəy haqda istər həyatı, istər yaradıcılığı ilə bağlı bitib-tükənməyən maraqlı xatirələri məhz ondan eşidirdi. Təsadüfi deyil ki, R.Xəlilovun təşəbbüsü ilə filarmoniyada Üzeyir bəyin həyat yoldaşı Məleykə xanımın 100 illiyi münasibətilə xatirə konserti üçün S.Fərəcov xüsusi olaraq “Oxunmamış layla” simfonik poemasını bəstələmişdir. R.Xəlilovun diqqəti, qayğısı sayəsində o, aspiranturada təhsilini davam etdirdi, bir sıra yaradıcılıq ezamiyyətlərinə, xarici ölkələrdə keçirilən seminarlara, yaradıcı görüşlərə qatıldı ki, bu da gənc bəstəkarın inkişafı və dünyagörüşü üçün çox vacib idi. Bəzən S.Fərəcov bu səfərlərdən “əlidolu” gəlir, muzey üçün Ü.Hacıbəyliyə aid bir sıra yeni materiallar əldə edə bilirdi.
Həyatda təsadüf deyilən bir anlayış yoxdur. 2005-ci ildən Sərdar müəllimin Ü.Hacıbəylinin ev-muzeyinə direktor təyin olunması da təsadüf deyildi. Bu, onun muzeydə illər ərzində Üzeyir bəyi daha dərindən öyrənməyə çalışması, ona olan sevgisi, hörməti ilə bu doğma evdə eşitdiklərinin, öyrəndiklərinin, aşkar etdiklərinin nəticəsi idi. Sərdar müəllim muzeyə gəldiyi ilk gündən Üzeyir bəyə olan rəğbəti, sevgini ürəyində yaşadır.
Onun muzey rəhbəri kimi məsuliyyəti böyükdür. Üzeyir bəyin yaradıcılığına biganə qalanlarla, onun əsərlərini öz adına keçirməyə cəhd göstərənlərlə daim mübarizə aparır, qərəzli deyilən hər bir sözə hər zaman qərəzsiz cavab verir. O, 1998-ci ildə İstanbulda olduğu zaman türkiyəli musiqişünas Şenel Önaldının Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kitabını türkcəyə çevirib və öz adına çıxmasını aşkar etmişdir. Buna cavab olaraq o zaman S.Fərəcov “Xalq qəzeti”ndə məqalə ilə çıxış edərək öz etirazını bildirməyi, bu haqsızlığı ifşa etməyi özünə borc bilmişdi.
Üzeyir bəyin ruhunun yaşadığı, nəfəsinin duyulduğu bu ev onun bir bəstəkar kimi musiqi əsərlərinin yaranmasında da ilham mənbəyinə çevrilmişdir. Üzeyir bəyin nə qədər böyük bir insan olduğunu bu evə gəldikdən sonra bir daha anlayırsan. Bu səbəbdən də Sərdar müəllim həm muzeyin rəhbəri kimi, həm də Üzeyir bəy yaradıcılığının tədqiqatçısı kimi bəstəkarın evinə, onun yaradıcılığına qayğı ilə yanaşır. Dahi musiqiçinin unudulmuş, tamamlanmamış bir sıra əsərlərinin bərpa olunması və səsləndirilməsində göstərdiyi təşəbbüsünü, əməyini isə qeyd etməmək mümkün deyil. O, 2003-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilmiş “Arşın mal alan” operettasının not və librettosunun yer aldığı (ingilis dilində) kitabın redaktoru, 2005-ci ildə Üzeyir bəyin vətənpərvərlik mahnılarından ibarət not kitabının tərtibçisi və redaktoru, 2007-2008-ci illərdə nəşr olunmuş “O olmasın, bu olsun” operettasının və “Leyli və Məcnun” operasının klavirlərinin redaktoru olmuşdur. Həmin kitablar muzeyə gələn hər bir musiqiçi-tədqiqatçının işinə yarayır.
Üzeyir Hacıbəylinin “Milli marş”ı, “Azərbaycan marşı” (Azərbaycan Respublikasının Dövlət Himni), “İki rəqs”i, simli kvartet üçün miniatürləri, “Səni gözləyir”i, “Bahar nəğməsi”, “Çırpınırdı Qara dəniz”i Sərdar müəllim tərəfindən tədqiq olunub, redaktə edilib, tamamlanıb, partitura və ya klavir şəklində ictimaiyyətə təqdim edilib. O, bəstəkarın özü tərəfindən məhv edilmiş “Şeyx Sənan” operasından 3 fraqmenti bərpa edərək, yeni redaktədə solistlər, xor və simfonik orkestr üçün işləmişdir. Bununla kifayətlənməyərək, Üzeyir bəyin unudulmuş “Azərbaycan çölləri” (ilk adı “Kolxoz çölləri”) əsərini “Kontempo” instrumental ansamblı üçün işləmiş, həmçinin “Ər və arvad” operettasının həm klavirinin, həm də partiturasının yaradılmasında və səhnələşdirilməsində böyük əmək sərf etmişdir. Bu, 2010-cu ildə “Ər və arvad” operettasının 100 illiyinə böyük bir hədiyyə oldu. Üzeyir bəyin xatirəsinə həsr etdiyi “Qu nəğməsi” radio-pyesi, həmçinin böyük musiqiçinin şərəfinə bəstələdiyi “Koroğlu əfsanəsi” adlı simfonik uvertürası bir daha Sərdar Fərəcovun dahi bəstəkarın şəxsiyyətinə, yaradıcılığına bəslədiyi sonsuz ehtiramının ifadəsidir. Sərdar müəllim həmişə deyir ki, “Üzeyir Hacıbəylinin ev-muzeyi mənə hərtərəfli dəstək verdi. Bu ocağa çox minnətdaram”.
Ədəbi yaradıcılıqla da məşğul olan S.Fərəcovun çoxsaylı şeiri, hekayələri, səhnə əsəri, librettosu, ssenarisi var. 1986-cı ildən dövri mətbuatda, dərgilərdə məqalələri, elmi araşdırmaları nəşr olunmuşdur. O, 1996-cı ildə nəşr olunan “Üzeyir Hacıbəyov ensiklopediyası”na 30-a yaxın məqalə yazmışdır. 2010-cu ildə “Üzeyir işığında” adlı məqalələr toplusu nəşr olundu. Bu məqalələrdə o həm də illər boyu muzeydə keçdiyi yolda öyrəndiklərini, eşitdiyi maraqlı xatirələrini bir daha yada salır. Ü.Hacıbəylinin 125 illiyi münasibətilə çəkilmiş “Əbədi iftixarımız” sənədli televiziya filminin ssenarisi də Sərdar müəllim tərəfindən yazılmışdır. Yeni tərtib etdiyi “Üzeyir Hacıbəyli xatirələrdə” kitabı isə artıq nəşriyyatdadır.
Sərdar müəllim muzeyin yeni eksponatlarla zənginləşməsinə də xüsusi diqqət yetirir. Belə ki, 2008-ci ildə Moskvada keçirilən “Kinovatson” müsabiqəsində “XX əsrin ən yaxşı musiqili filmi” nominasiyasında seçilmiş filmlər arasında Ü.Hacıbəylinin “Arşın mal alan” operettası əsasında 1945-ci ildə çəkilmiş eyniadlı film də var idi. S.Fərəcov həmin təntənəli tədbirdə iştirak edərək Üzeyir bəyə məxsus mükafatı almış və ev-muzeyinə gətirmişdir. Ötən ilin sentyabr ayında isə Los Ancelesdə və TÜRKSOY-un xətti ilə Parisdə “Arşın mal alan” operettasının 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak edən S.Fərəcov bu tədbir-sərgilərdə nümayiş olunan materialların muzeyə verilməsi üçün təşəbbüs göstərmişdir. Həmin sərgilərdə nümayiş olunan materiallar bu gün muzeyin foyesində və ekspozisiya zalında nümayiş olunur.
Üzeyir bəyin sağlığında bəstəkarın evi necə qonaq-qaralı idisə, ev-muzey kimi fəaliyyətində də bu ənənəyə sadiq qalaraq öz qapılarını ziyarətçilərin üzünə açır. Muzeydə tez-tez müxtəlif tədbirlər, görüşlər, musiqili gecələr keçirilir. Sərdar müəllimi muzeydə fəaliyyətinin 30 illiyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, yeni nailiyyətlər arzu edirik.

Aytən Heydərova,
Üzeyir Hacıbəylinin ev-muzeyinin baş mühafizi







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar