Paytaxtın “Sərhədçi” komandası il ərzində ikinci dəfə çövkən yarışmasının qalibi olub

Xəbər verdiyimiz kimi, dekabrın 17-dən 22-dək Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident kuboku uğrunda 9-cu çövkən milli oyunu üzrə yarışlar keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışlara Qəbələ, Ağstafa, Ağcabədi, Goranboy, Qax, Balakən, Yevlax, Şəki, Oğuz, Ağdam, İsmayıllı, Laçın, Xaçmaz rayonlarının və paytaxtın «Sərhədçi», «Polad», «Kövsər» komandaları qatılıb. 2006-cı ildən etibarən ənənəvi olaraq hər il keçirilən bu yarışlar xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanılması və təbliği məqsədi daşıyır.
Dekabrın 17-19-da çövkən üzrə seçmə oyunlar keçirilib. Seçmə oyunlarda uduzan komandalar yaylıq, papaq və sürpapaq oyunları üzrə yarışıblar.
Yaylıq oyununda Qəbələ komandası birinci olub. Sonrakı yerləri İsmayıllı və Goranboy rayonlarının komandaları tutublar.
Sürpapaq oyunu üzrə finala Balakən və Ağcabədi komandaları çıxıb. Bu qarşılaşmada Balakən komandası güclü olub. Bu oyun növündə üçüncü yeri Laçın rayonunun komandası tutub.
Papaq oyununun finalında isə Oğuz və Yevlax komandaları üz-üzə gəlib və oğuzlular qələbə qazanıblar.
Dekabrın 20-də çövkən oyunu üzrə yarımfinal qarşılaşmaları keçirilib. Bakının “Kövsər” komandası Ağstafa təmsilçilərini 3:1, “Sərhədçi” komandası isə Ağdam komandasını 4:1 hesabı ilə məğlub edərək finala yüksəlib.
Dekabrın 22-də keçirilən final görüşündə paytaxt komandaları - “Sərhədçi” və “Kövsər” qarşılaşıb. “Sərhədçi”lər 4:0 hesabı ilə inamlı qələbə qazanaraq Prezident kubokuna sahib olublar. Üçüncü yer uğrunda oyunda Ağstafa komandası Ağdam təmsilçilərini 1:0 hesabı ilə məğlub edib.
Həmin gün milli atüstü oyunların təntənəli bağlanış mərasimi keçirilib. Çövkən, sürpapaq, papaq və yaylıq oyunları üzrə fərqlənən komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim olunub. Çövkən milli oyununun qalibi “Sərhədçi” komandası, eyni zamanda yarışların baş mükafatına - Prezident kubokuna layiq görülüb.
Xatırladaq ki, bu, “Sərhədçi”nin il ərzində çövkən yarışmasında qazandığı ikinci qalibiyyətdir. Bu ilin mayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalının da qalibi «Sərhədçi» komandası olmuşdu.
Sonda yarış iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və dirçəldilməsinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.
Qeyd edək ki, 2013-cü ildə Azərbaycanın çövkən oyunu UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına salınıb. Çövkən oyununun UNESCO-nun siyahısına salınmasından sonra ölkəmizdə milli atüstü oyunlara maraq daha da artıb. Bu sözləri Respublika Atçılıq Turizm Mərkəzinin direktoru Elman Qədirov jurnalistlərə müsahibəsində deyib. Mərkəzin direktoru bildirib ki, hazırda burada 100-ə yaxın at bəslənilir. Bu atlar əsasən ərəb, yerli, türkmən cinsi olan “Axaltəkə”, həmçinin təmizqanlı ingilis atları və onların mələzləridir. Mərkəzdə saxlanılan atlardan əsasən milli atüstü yarışlarda, həmçinin turist gəzintilərində istifadə olunur. Elman Qədirov bildirib ki, milli atüstü oyunları indi daha gərgin keçir, komandalar arasında ciddi rəqabət yaranıb.







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar