Xəbər verdiyimiz kimi, martın 18-dən Bakıda Beynəlxalq Muğam Festivalı öz işinə başlayıb. Bu, böyük mədəniyyət hadisəsi olmaqla milli sərvətimiz olan muğamın dünya mədəniyyətinin tərkib hissəsi olduğunu bir daha nümayiş etdirir. 2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması ilinə təsadüf edən festival çərçivəsində simpozium, eləcə də ilk dəfə olaraq beynəlxalq muğam müsabiqəsi keçiriləcək. Tədbirin tərkib hissələrindən biri də muğamın elmi təhlillərlə şərhi və onun xalq sənəti nümunəsi kimi elmi şərhini verməkdir. Ecazkar sənət və onun yayıldığı geniş coğrafi məkan muğamın sonsuz dərya, sirli aləm olduğunu isbat etdi. Beləcə bu həftə doğma Bakımız bəşəri musiqinin göz bəbəyinə, döyünən ürəyinə çevrildi.
   
   Fəxri Xiyaban ziyarət olundu
   
   Martın 18-də "Muğam aləmi" Beynəlxalq elmi simpoziumuna dəvət olunan Avropa, Amerika və Asiyada ənənəvi Şərq musiqisini tədqiq edən 30-a yaxın alim, musiqi xadimi Fəxri Xiyabana gəliblər. Nümayəndə heyəti ulu öndərimiz Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət etdilər.
   Fəxri Xiyabanı ziyarət edən qonaqlardan bəziləri jurnalistlərə açıqlama verdilər. Türkiyəli incəsənət xadimi Murad Çətinqaya festivalın keçirilməsini yüksək qiymətləndirdi: "Ümidvaram ki, buradan çox məmnun ayrılacağam. Bu tədbirlər Azərbaycan musiqisinin inkişafına zəmin yaradacaq".
   Moskva Dövlət Konservatoriyasının professoru, 70-ci illərdən bəri muğamla elmi şəkildə məşğul olan Violetta Yunusova Rusiya ilə Azərbaycan arasında əlaqələrin genişlənməsi ilə Şərq musiqisinə marağın artdığını diqqətə çatdırdı.
   Çinli professor Məcid Yunis və Nyu-Yorkun Kolumbiya Universitetinin fəxri professoru Diter Kristensen də jurnalistlərə verdikləri açıqlamada Azərbaycanın həyata keçirdiyi layihəni yüksək qiymətləndirdilər.
   Xatırladaq ki, simpoziumda etnomusiqişünaslıq elminin məşhur simalarından Nyu-York Universitetinin professoru, YUNESKO-nun eksperti Stiven Blam, Nyu-Yorkun Kolumbiya Universitetinin fəxri professoru Diter Kristensen, Niderlanddan YUNESKO yanında ənənəvi musiqi sahəsi üzrə Beynəlxalq Şuranın vitse-prezidenti Uim van Zanten, Fransadan professor Jan Dyurinq, Berlindən Humbolt Universitetinin professoru Yurqen Elsner, Kaliforniya Universitetinin fəxri professoru Hiromi Lüter Sakata, Özbəkistandan Rövşən Yunusov, Moskva Konservatoriyasının professoru Violetta Yunusova, Düşənbədən "Akademiya Makoma"nın direktoru Abduvali Abduraşitov iştirak edirlər.   

   Qədim sənət müasir yozumda
   
   Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkil etdiyi Beynəlxalq Muğam Festivalı martın 18-də keçirilən simpoziumla öz işinə başladı. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Muğam aləmi” Beynəlxalq festival çərçivəsində beynəlxalq elmi simpoziumda bu musiqi janrının elmi aspektləri, ideya yükü və qədimliyi müzakirə mövzusu oldu.
   Beynəlxalq festivalın prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva simpoziumu açaraq burada iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən paytaxtımıza gələn bütün qonaqları salamladı. Muğamın təhlili, təbliği ilə məşğul olan məşhur alimləri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarını, muğam ustadlarımızı, bütün muğamsevərləri bir arada görməkdən məmnunluq ifadə edən birinci xanım, muğamla bağlı möhtəşəm tədbirin keçirilməsini bu sənətin tarixində yeni bir mərhələnin başlanğıcı olacağını dedi: «Eyni zamanda, muğam sənətinə həsr olunmuş və belə yüksək səviyyədə keçirilən beynəlxalq simpozium muğamın təkcə Azərbaycanın mədəniyyəti və elmi üçün yox, bütün dünya musiqi ictimaiyyəti üçün nə qədər dəyərli, nə qədər maraqlı olduğunun göstəricisidir. Biz azərbaycanlılar hamımız, haqlı olaraq, öz doğma muğamlarımızla fəxr edirik. Hər bir azərbaycanlı üçün muğam xüsusi əhəmiyyət daşıyır. Qərblə Şərq arasında, Böyük İpək yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər boyu öz mədəniyyətini formalaşdırmışdır. Bəzi dövrlərdə biz müxtəlif imperiyaların daxilində yaşasaq da, dinimiz, milli dəyərlərimiz, dilimiz, mədəniyyətimiz bizi bir xalq kimi, millət kimi qoruyub saxlamışdır.
   Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir - səhv etmərəm. Bildiyiniz kimi, 2003-cü ildə YUNESKO tərəfindən Azərbaycan muğamı bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına salınıbdır. Bizim üçün muğam sənətinin tarixinin hər bir səhifəsi, hər bir anı çox əzizdir, çox doğmadır. Əsrlər boyu formalaşan bu sənət XX əsrin əvvəllərində xalq şənliklərindən, toylardan, bayramlardan ayrılmayaraq, konsert salonlarında səslənməyə başladı. Həmin dövrdə mərhum Üzeyir Hacıbəyli ənənəvi muğamla müasir Azərbaycan musiqisi arasında körpü yaratdı. Məhz muğamın dərin bilicisi olan bu dahi bəstəkar Şərqin ilk operası olan və keçən il təntənəli şəkildə YUNESKO çərçivəsində 100 illiyi qeyd olunan “Leyli və Məcnun” operasını yaratdı. Bununla da, muğam opera teatrı səhnəsinə qədəm qoydu. Eyni zamanda, Üzeyir Hacıbəyli Azərbaycan xalq musiqisinin əsaslarına həsr olunmuş nadir bir əsər yazdı və bu da muğamın qarşısında yeni imkanlar açdı. Muğam prinsiplərinin əsasında musiqi bəstələmək qaydaları aşkar olundu və bununla da muğamın zəngin xəzinəsi Azərbaycan bəstəkarlarının ilham mənbəyinə çevrildi. Bütövlükdə, demək olar ki, muğam Azərbaycanın musiqi mədəniyyətinin bütün janrlarına təsir göstərdi. Bütün bunlar Fikrət Əmirovun, Niyazinin simfonik muğamlarına, Qara Qarayevin simfonizminə yol açdı və biz XX əsrdə bu uğurları müşahidə etdik.
   Bu gün biz tarixə nəzər salsaq görərik ki, Azərbaycanın musiqi mədəniyyətində elə bir janr yoxdur ki, orada muğamın təsirini görməyək. Balet, opera, estrada janrı, mahnı janrı, caz - hamısında biz muğamla sintezi, muğamın təsirini hiss edə bilirik.
   Eyni zamanda, muğam özlüyündə yalnız tarixdə yaşayan bir sənət deyil, muğam özü də inkişaf edir, zənginləşir. Son illər ölkəmizdə muğamın inkişafına, təbliğinə, genişlənməsinə, yayılmasına və qorunmasına dair bir çox işlər həyata keçirilibdir. Mən bu gün çox böyük fəxr hissi ilə demək istəyirəm ki, həm Heydər Əliyev Fondu, həm Azərbaycan Mədəniyyətinin Dostları Fondu bu sahədə öz layiqli töhfəsini vermişdir. Bildiyiniz kimi, son illər biz bir sıra irimiqyaslı layihələr həyata keçirmişik: muğam müsabiqələri, “Qarabağ xanəndələri” musiqi albomunun buraxılması, “Muğam” jurnalının nəşri və sair. Bu sırada “Muğam ensiklopediyası”nın nəşri xüsusi yer tutur».
   Azərbaycan muğamına həsr olunmuş bu nəşrin gələcək buraxılışının daha zəngin, daha da maraqlı olacağına əminlik ifadə edən M.Əliyeva simpoziumun, muğam festivalının təkcə musiqi bayramına yox, həm də mədəniyyətlərarası dialoq quran bir tədbirə çevriləcəyinə ümidvar olduğunu dilə gətirdi: «Eyni zamanda, mən ümidvaram ki, paytaxtımıza gələn qonaqlar vaxt tapıb gözəl Bakımızla yaxından tanış olacaqlar, dünənin və bu günün, Qərbin və Şərqin sintezini seyr edəcəklər. Sizin hamınızı bir daha təbrik edirəm, hamımız üçün çox əziz olan Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Hamınıza cansağlığı, uzun ömür, uğurlar arzulayıram».
   Sonra simpozium iştirakçıları Heydər Əliyev Fondunun təqdim etdiyi “Muğam aləmi” filminə baxdılar. Tədbirin açılış mərasimində çıxış edən YUNESKO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq Bakıda belə bir beynəlxalq festivalın keçirilməsini yüksək qiymətləndirdi. O, Fransanın muğamla ilk tanışlıqdan bu musiqiyə valeh olduğunu, Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın vitse-prezidenti Uim Van Zanten isə muğamın incəliklərindən, bu sahədə aparılan tədqiqatlarından danışdı. Qonaq musiqi festivalının və simpoziumun Azərbaycanın ən böyük dəyərlərindən biri olan muğamın bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına düşməsi səbəbindən keçirildiyini vurğuladı. Mütəxəssis Azərbaycan musiqisi və mədəniyyətinin bundan sonra digər xalqlar tərəfindən daha da yaxından öyrəniləcəyinə inam ifadə etdi.
   AMEA-nın prezidenti, akademik Mahmud Kərimov isə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğamın təbliği sahəsində başladığı işlərin bəşəri mədəniyyət proqramına çevrildiyini bildirdi.
   Açılış mərasimindən sonra Mehriban xanım Əliyeva muğam festivalı çərçivəsində muzeydə nümayiş etdirilən Azərbaycan musiqi alətlərindən ibarət sərgi ilə tanış oldu.
   Sonra simpoziumun geniş iclası keçirildi. Burada Azərbaycan, Almaniya, Çin, Özbəkistan, Kanada və Tacikistandan olan tanınmış alimlərin muğamla bağlı müxtəlif mövzularda məruzələri dinlənildi. Onu da qeyd edək ki, simpozium martın 20-də “Dəyirmi masa” iclası ilə başa çatacaq.
   
   «Koroğlu» heyrətləndirdi
   
   Bakıda keçirilən Beynəlxalq Muğam Festivalı çərçivəsində martın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operası nümayiş etdirildi.
   İlk dəfə 1937-ci ildə səhnələşdirilən bu opera ötən dövr ərzində öz orijinallığı ilə daim tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Opera 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyü çərçivəsində böyük uğurla nümayiş olunub. Üzeyir Hacıbəyli bu operanı yazarkən, məhz Bülbülün səs diapazonunu nəzərə alıb. Uzun illər Koroğlunu oynayan Bülbül bu rolun ən mahir ifaçısı sayılır. Daha sonra bu rolda Şirzad Hüseynov, Hüseyn Əliyev, Adil Məlikov və Lütfiyar İmanov çıxış etmişlər. Bu dəfə isə üç pərdəli “Koroğlu” operasının solistləri Samir Cəfərov və İlahə Əfəndiyeva olublar.
   Paytaxt sakinləri ilə yanaşı, “Muğam aləmi” Beynəlxalq elmi simpoziumun iştirakçıları, mədəniyyət və incəsənət xadimləri, ictimai təşkilatların təmsilçiləri tamaşanı maraqla seyr ediblər. Gözəl səhnə tərtibatı, geniş vokal imkanlar və orkestrin mükəmməl müşayiəti bu ölməz əsəri daha da yaddaqalan etdi. Qonaqlar Azərbaycan musiqisinin zənginliyi və fundamentallığına heyranlıq ifadə etdilər.
   
   Zəngin proqram musiqimizin orijinallığını isbat edir
   
   İslam mədəniyyətinin paytaxtında yaşanan möhtəşəm muğam təntənəsi zəngin və maraqlı, dolğun və ifadəli proqramı ilə də diqqət çəkir.
   Belə ki, ölməz Üzeyir bəy dühasının məhsulu olan «Koroğlu» operasının ardınca digər məşhur simfonik muğamlar dinlənildi və dinlənilməkdə davam edəcək.
   Martın 19-da Azərbaycan Dövlət Filarmoniyasında YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın görüşü oldu. Dünyanın mədəniyyət incilərindən olan muğam sənətinə həsr olunmuş tədbirin önəmindən danışılan görüşdə, janrın elmi tədqiqinin, fundamental araşdırmasının əhəmiyyətindən danışıldı.
   Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti oldu. Məşhur musiqiçi Silvio Barbatonun dirijorluğu ilə Fikrət Əmirovun «Kürd-ovşarı» və «Gülüstan-Bayatı Şiraz» simfonik muğamları səsləndi.
   Azərbaycan muğamı və simfonik musiqinin harmoniyasını yaradan proqram sürəkli alqışlarla qarşılandı.
   Onu da qeyd edək ki, rəngarəng konsert proqramları, muğam dəstgahları və simfonik operaların nümayişləri şəhərimizin müxtəlif konsert müəssisələri və teatrlarında martın 25-dək davam edəcək.
   
   Həmidə Rüstəmova