Respublikada fortepiano ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, uşaq və yeniyetmələrin estetik tərbiyəsinin yüksəldilməsi, gənc istedadların üzə çıxarılması, istedadlı uşaqlarla pedaqoji işin aktivləşdirilməsi, şagirdlərin ifaçılıq səviyyəsinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 2009-cu ilin aprel ayında Gənc pianoçuların respublika müsabiqəsini keçirdi.
   Müsabiqədə 9-17 yaşlı uşaq və yeniyetmələr 3 yaş qrupu üzrə diplomlara və pul mükafatına layiq görüldülər. I dərəcəli diploma 9-11 yaş qrupu üzrə M.Vəlyəddinzadə və A.Manafzadə, 12-14 yaş qrupu üzrə R.Babayev, 15-17 yaş qrupu üzrə G.Ağalarov, F.Məmmədova, Ü.Əhmədov layiq görülüblər. II dərəcəli diplomla 9-11 yaş qrupu üzrə L.Əlizadə, S.Mütəllibov, 12-14 yaş qrupu üzrə F.Qarayusifli, T.Şəkinski, T.Cəfərxanlı, 15-17 yaş qrupu üzrə A.Babayeva mükafatlandırılıb. III dərəcəli diplomla 9-11 yaş qrupu üzrə R.Əliyeva, S.Salmanzadə, C.Əzizov, L.Mustafazadə, 12-14 yaş qrupu üzrə F.Əlizadə, S.Yusifova, L.Məhərrəmova, 15-17 yaş qrupu üzrə N.Cəfərli, V.Şafatzadə layiq görülüb. Məlumat üçün bildirək ki, müsabiqə 2 turdan ibarət idi. I tur - iştirakçıların çıxışının videoyazısı üzrə seçmə mərhələsi 2009-cu il 1-10 aprel tarixlərində, II tur - 2009-cu il 25-30 aprel tarixlərində Bakı şəhərində keçirilib. Müsabiqədə respublikanın müxtəlif rayon və şəhərlərinin uşaq musiqi və incəsənət məktəblərindən 307 şagird iştirak etmişdir. Musabiqəyə yüksək səviyyədə şagird hazırladıqlarına görə müəllimlərə Fəxri Fərmanlar, bir çox şagirdlərə həvəsləndirici diplom, tərifnamə verilib. Müsabiqənin münsiflər heyətində BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, Türkiyə Əskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasının professoru Zöhrab Adıgözəlzadə, BMA-nın tədris üzrə prorektoru Oqtay Abbasquliyev, əməkdar müəllim, professor Yuri Sabayev, Bülbül adına Orta İxtisas Musiqi məktəbinin müəllimi Nülufər Tahasaranskaya təmsil olunub.