Azərbaycan Dövlət Mahnı Teatrında Uşaq rəqs kollektivlərinin II Respublika baxış-festivalı qaliblərinin yekun konserti oldu.
   Konsertdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək bu festivalın əhəmiyyətindən, istedadlı gənclərin yaradıcılığının dövlət rəhbərliyi səviyyəsində qiymətləndirilməsinindən söz açdı. Daha sonra qaliblərə diplom və hədiyəllər təqdim olundu.
   Məlumat üçün bildirək ki, 1-3 may tarixlərində Bakı şəhərində Uşaq rəqs kollektivlərinin II Respublika baxış-festivalı keçirilib. Baxış-festivalda Bakı, Sumqayıt, Şəki şəhərlərinin, Abşeron, Ağstafa, Balakən, Füzuli, Qax, Qəbələ, Qusar, Salyan rayonlarının, Naxçıvan Muxtar Respublikasının Şərur və Kəngərli rayonlarının uşaq rəqs kollektivləri iştirak ediblər. Respublikanın xalq artisti Yusif Qasımovun sədrlik etdiyi, tanınmış xoreoqraf və müəllimlərdən ibarət münsiflər heyətinin qərarı ilə “Aysel” (Bakı şəhər V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbi), “Şənlik” (Bakı şəhər 3 saylı Uşaq İncəsənət məktəbi), “Ümid” ( Sumqayıt şəhər Bülbül adına 2 saylı Uşaq İncəsənət məktəbi), “Qönçələr” (Şəki şəhər Uşaq İncəsənət məktəbi), “Şərur qönçələri” (Naxçıvan MR Şərur Rayon Mədəniyyət evi), “Tumurcuq” (Qax rayon Uşaq İncəsənət məktəbi) rəqs ansamblları diplom və hədiyyələrə layiq görülüblər.
   “Çovqan” (Bakı şəhər S.Ələsgərov adına 1 saylı Uşaq İncəsənət məktəbi), “Sahil” (Bakı şəhər 5 saylı Uşaq İncəsənət məktəbi), “Odlar yurdu” (bakı şəhər F.Əmirov adına 6 saylı Uşaq İncəsənət məktəbi), “Şənlik” (Balakən rayon Bülbül adına Uşaq İncəsənət Məktəbi), “Ləzginka” (Qusar Rayon Mədəniyyət evi), “Ləman” (Ağstafa Rayon Mədəniyyət evi), “Züleyxa” (H.Tağıyev adına Toxuculuq Tikiş Sənaye Kombinatı Açıq Səhimdar Cəmiyyəti klubu) rəqs ansamblları isə Fəxri fərman və hədiyyələrlə mükafatlandırıldılar.
   Tədbir konsert proqramı ilə davam etdi.
   
    “Mədəniyyət”