Amerika Birləşmiş Ştatları, İngiltərə, Almaniya, Fransa, Norveç, Hollandiya, Lüksemburq, Belçika, Afrika, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri … Bu ölkələrin məşhur konsert salonları dəfələrlə Azərbaycan musiqisinin, Azərbaycan musiqiçisinin böyük uğurunun, tamaşaçıların aramsız alqışlarının şahidi olub. Azərbaycan adını ilk dəfə eşidənlərin heyrətli baxışları pianonun dillərində gəzişən barmaqlara zillənəndə Əminə qəlbində Azərbaycan adının böyüklüyünə güvənib, onunla qürurlanıb. Dünyanın müxtəlif ölkələrinin ən ucqar nöqtələrində Azərbaycan musiqisi ilk dəfə Əminənin ifasında səslənib. Azərbaycanın adı Əminənin adı ilə birgə çəkilib. Onun həyatı təyyarə meydanlarında, mavi səmalarda, polad relslər üzərində, aramsız məşqlərdə, bir də konsert salonlarında keçir. Əslində isə o, bizlərdən biri - vətənini, sevimli sənətini hər şeydən üstün bilən Azərbaycan qadınıdır. Onun yaradıcılığıyla beş il bundan irəli tanış olmuşam. Az sonra özüylə görüşdüm. O xanımın qəlbindəki sənət sevgisinə heyran qaldım.
   
   Əminəni sehrli caz aləminə aparan sənət yolu Bakıdan - Bülbül adına Orta İxtisas Musiqi Məktəbindən başlayıb. Qızının xüsusi musiqi duyumu, musiqi bəstələmək bacarığı olduğunu vaxtında bilən Zemfira xanım onu Bülbül adına məktəbə gətirir. O, ilk sənət dərsini burda alır, ilk uğurlarını bu məktəbdə qazanır. İlk dəfə burda müsabiqə qalibi olur. Uğur onu addımbaaddım izləyir. Sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur.
   Tələbə ikən - onda səksəninci illərdi - «Hələ dünən» adlı əsər yazıb mərkəzi televiziyanın «Raduqa» verilişində elan olunan müsabiqəyə göndərir. Müsabiqədən qalib çıxır, laureat adı alır. Mükafatı isə ona bəstəkar Tixon Xrennikov təqdim edir. Əsər mərkəzi televiziya ilə səslənir. Az sonra Rafiq Babayev Əminə ilə maraqlanır, onun əsərlərini lentə yazdırır. 1988-95-ci illərdə Azərbaycan televiziyasının «Xəbərlər» proqramı, ictimai-siyasi verilişlər bu musiqi ilə başlayır, ancaq müəllifi elan olunmur, Əminənin adı heç yerdə çəkilmir. O illər Moskva sənətçilərindən daha isti munasibət görən Əminənin yolu tez-tez sovetlər birliyinin paytaxtından düşür. Arzusu Moskva Konservatoriyasının caz fakültəsinə daxil olmaq idi. Artıq onu SSRİ Bəstəkarlar İttifaqında tanıyır və bəyənirdilər. Bir dəfə Əminə bəstəkarların növbəti qurultayından sonra verilən ənənəvi konsertə dəvət alır. «Durnalar» əsəriylə çıxış edir. Böyük uğur qazanır, məşhur bəstəkarların, paytaxt publikasının diqqətini cəlb edir. Bir dəfə də mərkəz kinoteatrlardan birində filmdən əvvəl göstərilən kinojurnalda öz əsərini eşidəndə çox təəccüblənir. Adını isə yenə titrlərdə görmür.
   Növbəti Moskva konsertlərinin birində İtaliya televiziyası gənc azərbaycanlı bəstəkar və ifaçıya həsr olunan «Rauna» adlı veriliş hazırlayır. Proqram Avropa ölkələrinə yayımlanır. Bu dəfə Niderlanddan dəvət gəlir. Əminə Hollandiya Dövlət Konservatoriyasındakı «Açıq qapı» günündə çıxış edir. Elə oradaca musiqiçiyə Rotterdam Şəhər Konservatoriyasında təhsil almaq təklif olunur. Artıq Əminə caz musiqisinin əsirinə çevrilmişdi və özünü yalnız orda görürdü. Hollandiya isə böyük imkan, caz dünyasına açılan pəncərə idi. Əminə Fiqarova Hollandiya Konservatoriyasında təhsil alan ilk azərbaycanlı tələbə olur. Burda o, elə bir məktəb keçir ki, bütün istedad, bacarıq və qabiliyyətini cəmləşdirə, göstərə bilir. Bu dəfə ən yaxşı tələbə kimi Bostona - xüsusi caz məktəbinə dəvət alır. Altı ay «Acbin» caz məktəbində oxuyur. Yetkinləşir, kamilləşir, dünyanın böyük cazmenləri ilə tanış olur. Hər il Kann şəhərində keçirilən caz festivalında iştirak edir. Festival günləri onun disk və kasetləri hamıdan çox satılır. Qalib də elə bu göstəriciyə görə müəyyənləşir.
   Hələ Azərbaycan Dövlət Konservatoriyasında oxuduğu illərdə rus, ingilis, ispan, italyan dillərini bilirdi. Sonralar fransız, alman, holland dillərini də öyrənib. Əslində musiqi tərcüməsiz-tərcümansız başa düşüləndi. Musiqinin öz dili var. Ancaq məşhur musiqiçilərlə, cazmenlərlə tanış olmaq, onlarla əlaqə yaratmaqda çoxlu dil bilməyi Əminəyə həmişə kömək olub. 1995-ci ildə Rotterdam Konservatoriyasını bitirərkən rəhbərliyin təşşəbbüsü ilə Əminənin əsərləri onun ifasında diskə yazılır. Dərs vəsaiti kimi tələbələrə təqdim olunur. Hollandiyalı tələbələr, müəllimlər Əminənin sayəsində Azərbaycana, musiqimizə yaxından bələd olur, onu öyrənirlər. Çox keçmir ki, cazda yeni söz deməyi bacaran, caz əfsanəsi yaradan, əsərləri ilə tamaşaçıda musiqi zövqü formalaşdırmağı bacaran azərbaycanlı sənətçinin sorağı Avropaya yayılır. Ona Hollandiyada yaşamaq təklif olunur. Qarşısında geniş yollar açıldığını görən Əminə bu təklifə bir şərtlə razılaşır:
   - Mən hər yerdə Azərbaycan musiqiçisi kimi təqdim olunmalıyam.
   Beləcə, Tofiq müəllimin, Zemfira xanımın yeganə övladı Əminə Fiqarova Azərbaycandan, valideynlərindən, doğmalarından ayrılır. Bir çox arzularını əbədi sevgisinə - musiqiyə, sənətə qurban verir. Elə orda tələbə yoldaşı fleytaçı Bartla ailə qurur. Bart əslən Belçikadan olsa da, Hollandiyada yaşamağı qərara alırlar. Gözəl musiqiçi, gözəl insan olan Bart Əminəni musiqidən də çox sevdiyini söyləyir. O, zarafatla deyir:
   - Əminəni ilk dəfə görəndə, çalğısını dinləyəndə ağzım açıla qalmışdı.
   Əminə xanım da zarafatla əlavə edir:
   - Bartın ağzı hələ də bağlanmayıb.
   Xətrinə dəyməsin deyə doğma dildə söylədiyi bu sözləri tərcümə eləmir. Tez-tez Bakıya gəldiklərindən - Bart Azərbaycan dilinə az-çox bələd olsa da - Əminənin zarafatını başa düşmür, sadəcə, gülümsəyir. O, azərbaycanlıların qonaqpərvərliyini çox bəyənir. Hər ikisi ciddi pəhriz gözləsələr də, Azərbaycana gələndə Bart pəhrizi unudur. Ləzzətli yeməklərə meylini gizlətmir. Azərbaycan xörəklərini iştahla yeyir, Əminənin iradlarına, - yeməsəm inciyərlər,- deyə cavab verir. Plovu, yarpaq dolmasını xoşlayır. Bartı bizimlə birgə ləzzətlə dolma yeyən görən Əminə : - Bart, axı sən Montinyakın dietasını pozursan, bu nədir belə?- deyib, ciddiləşir. Bartsa:
   - Əminə, Montinyak nə bilir Azərbaycan dolması nədir? Bilsəydi heç vaxt o dietanı təklif eləməzdi,- deyə bəhanə gətirir.
   Bu cütlüyün həyatı yalnız musiqidən ibarətdir. Əminənin rəhbərlik etdiyi dörd caz qrupu var. Hər dəfə konsert proqramına uyğun olaraq onların biriylə səfərə çıxır. Bu musiqiçilərin hər biri Avropa məkanında tanınan, seviləndi. Hərdən səhər Fransada, axşam Almaniyada, o biri gün Dubayda konsert verməli olurlar. Bundan yorulmur, əksinə, zövq alırlar. Hollandiyada onun daimi tamaşaçıları var. Cazmen Əminə Fiqarova ilboyu onların qarşısında hesabat verməyi özünə borc bilir. Azərbaycan tamaşaçıları Əminə ilə Bartı 2002-ci ildə Bakıda keçirilən Beynəlxalq «Caz-Blyuz» festivalından tanıyırlar. Bu festivaldan fraqmentlər hərdən telekanallarda göstərilir. Əminənin improvizəsi və Bartın solistliyi ilə ifa olunan «Laçın» xalq mahnısı və T.Quliyevin «Üzüyümün qaşı» mahnısı musiqisevərlərin yaxşı yadındadır. Əminənin çox gözəl vokal imkanları var. Ancaq bundan az istifadə edir. Bəstəkarlıq və ifaçılığa daha çox üstünlük verir. Bütün konsertlərində yalnız öz əsərlərini ifa edir və bu əsərlərdə mütləq Azərbaycan musiqisindən çalarlar olur. İndiyəcən on beş disk yazdırıb. «Gecə qatarı», «Odlu külək», «Başqa mən», «Diana», «Xatirələr», «Qayıt» onun ən çox sevilən əsərlərindəndir. «Odlu külək» əsəri bizim Atəşgaha həsr edilib. Qədim yapon hokkularıyla başlayan «Gecə qatarı»sa, insanlığa doğru yol gedir. Bu qatarın sərnişinləri nələrdən keçmir, nələr yaşamır: narahat günlər, xoş anlar, həyəcan, sevinc, kədər, uğur, qələbə, peşmançılıq, nifrət, qəzəb, ümid... O, həyatın bütün sınaqlarına hazırdı, çünki sonda onu insanlığın zirvəsi - sevgi, mərhəmət və aman gözlədiyini bilir. «Gecə qatarı» səhərin açılacağına inanır. İnsanı yaşadan da elə bu ümid, inamdır. Bəlkə də maraqlı süjet xətti olan bu əsər Əminənin doğma vətəndən uzaqlarda yaşadığı nostalji hisslərdi. Ata-anası dünyasını dəyişəndən o, Bakıya az-az gəlir. Adı dünyanın sevilən cazmenləri - Claudio Roditi, Komla Amoaku, Carry Coryell, Nahhan Davis, Reter Kinq, Dvayne Dolphin, Şihard Harperlə bir sırada çəkilən azərbaycanlı pianoçu Əminə Fiqarova doğma vətənində qədərincə tanınmır. O isə Azərbaycanda solo konsert verə biləcəyi günü böyük ümidlə gözləyir.    

   F.Qaziyeva