Dünyaşöhrətli həmyerlimizin adını daşıyan sənət bayramı məşhur musiqiçiləri bir araya gətirəcək
   
   Xəbər verdiyimiz kimi, 8-14 dekabr tarixlərində Bakıda III Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək. Artıq ənənə halını alan musiqi bayramının təşkilində məqsəd tanınmış incəsənət xadimlərini Mstislav Rostropoviçin Vətəninə cəlb etməkdir. Təşkilatçılar builki proqramın da çoxşaxəliliyi ilə fərqlənəcəyini bildiriblər. Festival çərçivəsində simfonik musiqi konserti, kamera instrumental əsərləri və klassik opera nümunələri səslənəcək. Tədbirlər Azərbaycan Dövlət Filarmoniyasında və Heydər Əliyev Sarayında keçiriləcək. Mstislav Rostropoviçin sevimli dostu Heydər Əliyevin anım günü, dekabrın 12-də də üç ildir ki, onun xatirəsinə həsr olunmuş konsertlər keçirilir. Sözsüz ki, builki festivalda da həmin gün Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş konsert təşkil olunacaq. Bu konsertdə Vaqner, Motsart və Bethovenin əsərləri səslənəcək.
   Builki festivalda ilk dəfə olaraq iki böyük orkestrin - İngilis Kamera Orkestri və Yuri Başmetin rəhbərliyi ilə Yeni Rusiya Simfonik Orkestri Azərbaycana gələcək və festival çərçivəsində çıxışları olacaq.
   Festivalda vaxtilə Mstislav Rostropoviçin tələbələri olmuş violonçel ifaçılarının da ifaları dinlənəcək. 7 gün davam edəcək tədbirdə David Qerinkas (violonçel), Pinxas Çukerman (skripka), Amandı Forsayt (violonçel), Filipp Kopaçevsko (fortepiano), Murad Adıgözəlzadə (fortepiano), Samir Cəfərov, Elçin Əzizov kimi musiqiçilərin çıxışları nəzərdə tutulur. Festival çərçivəsində dünyaşöhrətli dirijorlar Yuri Başmet, Kristian Badea, Rauf Abdullayev, Pinxas Çukerman, Pol Uotkins, Maksim Venqerov da iştirak edəcək.
   Qeyd edək ki, III Beynəlxalq Rostropoviç Festivalı Mstislav Rostropoviç Fondu, Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.