Azərbaycanın gələn ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” müsabiqəsində rəsmi iştirakı təsdiqlənib. Bununla bağlı məlumat verən “Eurovision” müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin sədri Adil Kərimli bildirib ki, bugünlərdə müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyindən (EBU) Azərbaycana rəsmi məktub göndərilib: “Biz bu müsabiqədə Azərbaycan təmsilçisinin seçilməsi prosesini davam etdiririk. Ancaq bu seçimin hansı formada aparılacağı hələ məlum deyil. Çox güman ki, seçimlərdə ötənilki milli münsiflər heyəti də iştirak edəcək və bu heyətdə dəyişiklik olacağı nəzərdə tutulmur”.
   Qeyd edək ki, “Eurovision-2010” müsabiqəsi gələn il Norveçin paytaxtı Osloda keçiriləcək. Müsabiqənin iki yarımfinalı - 25 və 27 may, finalı isə 29 mayda baş tutacaq.