«Xanəndənin addım səsləri öz səsindən möhkəm olmamalıdır»
  

 Bu sözləri həmsöhbətim Rəhman Məmmədov dedi. Adi bir səbəbdən görüşdüyüm bu gənclə söhbət zamanı onun maraqlı fikirləri az olmadı. Amma ifası, avazı, səsi haqda cınqırını belə çıxartmadı. Bildirdi ki, «onsuz da AzTV-də (2007-ci il) yayımlanan muğam müsabiqəsi biz iştirakçılar haqda hər şeyi hamıya deyib».
   Biz isə həmin müsabiqədə ilk onluğa düşməməsindən üzgün olan bu gəncə dedik ki, qəm eləmə, hərdən zərurətlərdən ötə təsadüflər də olur. Həyatda elə ikinci-üçüncülüklər də olur ki, - zəlzələdən ya vəlvələdən - öz yerlərini «birinciyə» verir. İndi o müsabiqədəki ilk onluq haqda çox yazmış «Mədəniyyət»in borcu ikinci onluğa düşmüşlər haqda da yazmaq, sənin borcunsa suallara cavab verməkdir.
   
   - Məsələn, qarşımızda əyləşmiş bu boylu-buxunlu, yarlı-yaraşıqlı gənc Rəhman Məmmədov bu qoca dünyanın qədim Azərbaycanının harasında dünyaya göz açıb, sənət aləminə ilk addımını necə atıb, bu şirin səsə nə şəkərlər qatıb?
   - Mən 1982-ci ildə Ağdam rayonunun Zəngişalı kəndində anadan olmuşam. 1988-ci ildə birinci sinfə getmişəm. Uşaq vaxtı dostlarımla ağaclara dırmaşardıq - ən çox da tut ağacına. Səsimin olduğunu dostlarım bilir və həmişə o ağac-səhnələrdə məndən bir mahnı oxumağımı istəyirdilər. Səsim özümdən «bərk gedir», məndən tez tanınırdı. Qonşuluqda yaşayan baməzə bir mədəniyyət işçisi deyərdi ki, bu uşaq tezliklə tut ağacından düşüb toy-büsatlara, saray-haraylara dırmaşacaq.
   - Deməli, səsinin xəbərçiliyini ilk dəfə tut ağacı eləyib?
   - Bəli.
   - Bəs, o ağacın adına qoşulmuş «Tut ağacı boyunca» mahnısını oxuyubsan?
   - Uşaq vaxtı oxumuşam.
   - Bəs sonralar?
   - Sonralar... O ağacdan düşməli oldum. Özüm düşmədim, düşürtdülər. Düşmənlər düşürtdülər…
   - Deməli, bu səbəbdən o mahnını daha heç vaxt oxumayacaqsan?
   - Niyə ki, o ağacın bitdiyi torpağı azad edəndən sonra oxuyacam. Özü də lap «ilk məhəbbət» yanğısıyla. Axı o mahnı mənim ilk oxuduğum mahnılardandı!..
   - Hə, o «ilk məhəbbət»in yurd-yuvası haqda daha nə deyə bilərsən? Qaçqınlığaqədərki Rəhman haqda elə bu qədər?
   - On dörd yaşında məni musiqi məktəbinə qoydular. Ağdamda ad yiyəsi olan Hüseyn Hüseynovun tələbəsi oldum. Amma böyüklərin söyləmələrinə görə, sədalarımı çox xoşlasalar da, ədalarımdan zəhlələri gedirmiş…
   - Yəni ədabazmışsan?
   - Yox, utancaq. Çox utancaqmışam. Deyirlər, hər təzə mahnıya yenicə rastlaşdığım təzə bir qız uşağı kimi baxırmışam. Musiqi məktəbinə getdiyimdən bir il sonra isə səsdəyişmə dövrü başlayıb məndə. Özü də bu dövr məndə iki dəfə baş verib. Bir də 22 yaşımda açılıb səsim. Heç inanmırdım ki, bir daha oxuya biləm. Səsimin gec açılmasına görə, Asəf Zeynallı adına musiqi kollecinə 23 yaşında qəbul olundum. Elə bu dəm, xahiş edirəm, mənə belə bir sual verin: «O kollecə niyə və necə qəbul olundun?»
   - Hə, verdim o sualı...
   - Mən Yaqub Məmmədovun ifalarına qulaq asa-asa, ona vurğunluğumun dərəcəsindən getdim o məktəbə qəbul olundum. Deyirdim, bəlkə nə vaxtsa öz ifalarımla ürəyimdən Yaqub ustadlığının, Yaqub qızılgülünün tikanını çıxara bilim... Orada isə, xoşbaxtlıqdan, Sabir Abdullayevin tələbəsi oldum.
   - Və nəhayət, 2007-ci ilin məlum və məşhur muğam müsabiqəsi...
   - Hə, həmin il həmin o muğam müsabiqəsinə beş min nəfərin içindən seçilən 20 nəfərdən biri oldum. Lakin o məqamlarda - əsasən öz səsimin «vəfasızlığı», bir az da incə bir mətləb-münasibətin sayəsində ilk onluğa düşə bilmədim. İndi «Muğam Teatrı»nın solistiyəm. Fikrim var konservatoriyanın muğam şöbəsinə daxil olum.
   - Siz qarabağlıların xəmiri muğamla yoğrulub; gözünüzü «Qarabağ şikəstəsi» ilə açıb, atınızı «Heyratı» ilə çapırsınız...
   - İndi biz qarabağlılar «Qarabağ şikəstəsi»ndən çox, Qarabağ şikəstliyindən danışırıq.
   - Niyə ki, dostların bu şikəstəni tez-tez oxuyurlar...
   - Oxuyurlar, amma daha çox düşmən üçun oxuyurlar. Belə demək mümkünsə, gözqaytaranlıq edirlər. İnşallah, əsl «Qarabağ şikəstəsi»ni «Cıdır düzü»ndə oxuyacağıq!
   - Orduda - əsgəri xidmətdə olubsan?
   - Olmuşam və əsgərlərimizin, zabitlərimizin hazırlıq və ruh yüksəkliklərini görmüşəm, Ali Baş Komandanımızın qətiyyətinə bələdəm və elə məhz bu qənaətlərimə görə ürəklə deyirəm ki, tezliklə «Cıdır düzü»ndə təntənəli bir «Qarabağ şikstəsi» gurlayacağıq!
   - Rəhman, erməni münaqişəsindən əvvəllər küçə-bazar mübahisələrində sizin uşaqların məkan ədaları bir az fərqli olardı. Səncə, indi bərkdən demək olarmı ki, «mən ağdamlıyam!»?
   - Məncə, o sözü Ağdamda demək olar...
   - Bu suala müdrik-ağsaqqalanə cavab verdiyinçün daha bir «mentalitet sualı». Səncə, qarabağlıların ancaq oxumaq, şirvanlıların şeir, mil-muğanlıların qarpız, Qubanın «ağ alma», bakılıların nöyüt öyünmələri ilə hara qədər getmək olar?
   - Bunların özü də bir sərvət, bir istedaddır. Amma, təbii ki, millət daha çox ziyalı sərvətilə, intellekti, kəşfləri, udan siyasəti ilə öyünməlidir.
   - Məlum muğam müsabiqəsi haqda əlavən yoxmu?
   - Dediyim kimi, birinci seçim turunda məni çox gözəl qəbul etdilər. Böyük sənətkarlarımız Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev mənim «Segah» ifamı, 2-ci turda «Şahnaz»ımı - həm zildə, həm bəmdə - çox yüksək qiymətləndirdilər. Sonrası isə… bayaq dediyim kimi.
   - Orada fəxri yerə çıxanlar məlum. Bəs sən kimi lap birinci, lap əzəl-gözəl görürsən?
   - Güllü Muradovanı. Onun səsi, ifa tərzi möcüzədir, hadisədir!
   - Bəs o «hadisə» qız son vaxtlar niyə çox az görsənir?
   - Qızıl çox olsa, çox tapılsa, gözdən-qiymətdən düşər...
   - Muğam aləmində kimi xoşlayırsan?
   - O yerdə ki muğam adı çəkilir, - orada hər şey gözəldi. Cabbar Qaryağdıoğlu «Çahargah» oxuyanda yer-göy titrəyib. Seyid Şuşinski muğamlarımızı qaydaya salıb. Günü bu gün də muğam onun qaydaları üzrə tədris edilir. «Məşədi İbad» filmində Xan əminin oturuşu-duruşu bir məktəbdi. Təvazökarlıq ifaçılıqda olduğu qədər bəlkə heç bir sahədə vacib deyil. Gərək xanəndənin addım səsləri sinə səsindən yuxarı çıxmasın. Bu baxımdan, Xan əmidən sonra mənim pərəstiş etdiym xanəndə Yaqub Məmmədov olub.
   - Səncə, muğam aləmi niyə şouya uduzur?
   - Təbliğatın «hesabı»na. Bu «hesab»ın jürisi isə TV-lərdir. Millət vəkili Mehriban xanım Əliyeva bu millətin ana südü olan muğama maraq və məhəbbəti kifayət qədər bərpa elədi. Qalanı təbliğatçıların, ziyalıların işidir. Bu aydınlar gənclərə aydınlaşdırmalıdırlar ki, «əvvəl evin içi, sonra çölü». Hansı qərbli gənc öz şousunu şərqlinin ana avazından üstün tutur ki, biz də durub muğamı şoudan çox sevək?!
   - Neçə ildir ki, Qarabağ, onun ab-havası yoxdu. Səncə, səs, avaz fasiləsi yaranmayacaq?
   - Bəlkə də yaranacaq. Atam bizi (3 qardaş olmuşuq) Qarabağın ən gözəl yerlərini gəzdirib deyirdi: «Bu havanı ciyərinizə, bu mənzərələri gözünüzə doldurun, gərəyiniz olacaq!»
   - İfalarında hansı şairlərə üstünlük verirsən?
   - Füzuli, Seyid Əzim, Əliağa Vahid. Bunlar çox böyük sənətkarlardı.
   - Onları yalnız toylarda pul qazanmaq üçün oxuyursan, ya?..
   - Təkcə ona görə yox. Onları həm də ədəb-ərkan, əlif-ürfan qazanmaq üçün tez-tez mütaliə edirəm. Onları oxuduqca, xalqımızın qədim qəlb mədəniyyətinə, sevgi mədəniyyətinə vaqif olur adam. Təhsil aldığım Asəf Zeynallı adına liseydəki otağımızda mərhum ustad xanəndələrin şəkilləri asılıb. Bax mən onların şəkillərindən də dərs almışam...
   - Əgər bu saat səndən bir muğam xahiş etsək, nə oxuyarsan?
   - «Segah».
   - Səncə, Qarabağın bu günündə daha çox «Segah»lamaq olar, ya «Heyratı»lamaq?
   - Təbii ki, «Heyratı»lamaq. Doğrudan da, indi düşmən üstə getməyin havasıdı!…
   - Səncə, hay çıxsa, hər yerə gedən indiki oxuyan gənclərdən neçə faizi Qarabağı azad etmək üçün gedər?
   - Başqalarının yerinə danışa bilmərəm, amma özüm birinci gedənlərdən olardım.
   - Çaşdırıcı bir sual: Mənimlə bir də nə vaxt, harada, necə görüşmək istərdin?
   - Çaşası olmadım. Sizinlə yaxın vaxtlarda, Şuşada, ciknəli zəngülələr kimi yellənən üçrəngli bayrağımızın behişt kölgəsi altında görüşmək ümidindəyəm...
   
   Söhbətləşdi:
   K.Cəbrayı