Fərəc Qarayev,
   Əməkdar incəsənət xadimi, P.Çaykovski adına Moskva Konservatoriyasının professoru
   
   
   ...doğrusu, heç bir iş birliyi yox idi. Başlanğıc da müəmmalı idi. Moskvadan anam zəng edib bildirdi ki, axşam evdə olum. «Atan zəng edəcək, - dedi - onun səninlə vacib söhbəti var».
   Hələ uşaqlıqdan «atamla söhbət» ifadəsindən xoşagələn bir şey gözləmirdim. Amma...
   Narahatlığı duyan anam - «Nəsə mühüm bir məsələ haqda» deyərək əlavə etdi və mən anladım ki, deyəsən, təqsirkar deyiləm. Onda, atamın «Qoyya» filminə musiqi yazmaq qərarını şübhəsiz, mən əvvəlcədən bilirdim. Onu da bilirdim ki, o, ssenarini əldə etmiş və Konrad Volf ilə artıq görüşmüşdür, həm də bu film onu, bir çox kino işlərindən fərqli olaraq həqiqətən maraqlandırıb, cəlb edib.
   Qoyyanın adı isə Servanteslə birlikdə - onun uşaqlıq illərinin İspaniyasıdır; Pablo Pikassonun əlinə məxsus Don Kixotun qravür rəsmi, həmişəki kimi iş masasının üstündən asılıb, bir də Qriqori Mixayloviç Kozintsevlə kinoda birgə işi atamın indiyə qədər ən sevimli işlərindən biridir...
   ...və elə buna görə də birlikdə işləmək təklifi mənim üçün gözlənilməz oldu.
   
   Birlikdə?
   ...Və özüm haqda. O barədə ki, hər zaman gərginlikdə saxlayan gizli hisslər heç bir vaxt səni buraxmır, elə bir gərginlikdə ki, zənn edilən ünsiyyət asanlığı - qeyri bir şey olmasa da, sənin daxilində olan daimi sıxıntının nəticəsidir, bu sıxıntı isə - bilinməyən azadlıqdır;
   Əgər sən iyirmi beş yaşındasan və bütün həyatın boyu atandan oxuyub-öyrənmisən və artıq özün də kiçik bir ailənin sahibisən, müstəqilliyi arzulayırsan, öz əllərinlə həyatını qurmağa çalışırsan, az-çox uğursuz olsa da, özünü musiqidə axtarıb-tapmağa cəhd edirsən, məyus olub hər şeyi anlamından keçirirsən, - haradasa təəccüblənirsən, dostlarını itirirsən və ilk dəfə insan satqınlığının dadını dərk etməyə başlayırsan: iyirmi beş yaşındasan; sən daima özün üçün nəsə yeni bir şey açırsan.
   Sənin ancaq iyirmi beş yaşın var - hələ öndə nə qədər vaxtın varsa, nikbinliyin, sənin aparıcı ulduzundur. İyirmi beş... və iyirmi beşində hələ də səni atasının oğlu kimi təqdim edirlər...
   Atam işimiz haqqında danışanda, sanki çoxdan qərarlaşdırılmış məsələni aydınlaşdırırdı. Birgə iş üçün ağlabatan formaları axtarıb tapmaq, filmin musiqi dramaturgiyasına dəqiqliklə yanaşaraq fikir-düşüncəsədən keçirmək: «Yaddan çıxarma ki, film iki serialıdır, bu, düşündüyüm qədər də sadə məsələ deyil» sözünü davam edərək deyirdi - ilkin zamanlarda Berlin və Leninqrada daha tez-tez getməli olacağam, Volfla da görüşməliyəm, filmin ümumi dramaturji quruluşu ilə əlaqədar mühüm məsələlərin həllini özüm qərarlaşdırmalıyam və ən ümdəsi filmdə xüsusi məna kəsb edən musiqi yükünün mühüm məqamlarını özüm müəyyənləşdirməliyəm. Danışıq sakit, işgüzar tərzdə davam edirdi. Lakin mən hiss edirdim ki, o mənim səsimdə cavab reaksiyasını tapmaq istəyindədir, onun səsində gərginlik duyulurdu.
   ... Və söhbətin sonunda: «İki gündən sonra zəng edib fikrini bildirərsən».
   Yox, mən birgə işimiz üçün ağlabatan formaları axtarmaq istəyində deyildim. Düşündüyüm, ancaq bu işdən imtina etmək üçün elə bir məqbul forma tapmaq idi ki, həyatımın bütün varlığı ilə borclu olduğum insan məndən inciməsin. Qərarımın düzgünlüyünə onu inandırmağa çalışaraq, təlaş içində lazım olan sözləri axtarırdım ki, müəllimi öz şagirdini dəstəkləsin...
   Ata isə ... oğlunu anlaya bilsin. Onun birlikdə işləmək təklifi... ... və hər halda, bir neçə əziyyətli günlərdən sonra razılığımı bildirdim. Gözlənilmədən telefon dəstəyini götürüb Maslovka ilə bağlandım, Moskvaya nə vaxt gələcəyimi soruşdum.
   Nə dünyaya baxmaq imkanı - Sofiya, Berlin, Belqrad, Varna, nədə ki, öz müəllimimlə birlikdə işləmək üçün təbii istək - bu ancaq, sadəcə, dərində gizlənən qürur və maraq hissləri idi: birgə işin ağlabatan formaları... bunların hamısı mənə sonralar aydın oldu.
   Musiqi üzərində iş güman etdiyimizdən daha tez başlandı. Bakıdan qayıdan atam müxtəlif öhdəliklərlə yüklənib işə girişməyə tələsmirdi. Berlindən gələn teleqramlarda şərti «Hadis» adlanan epizodun üzərində aparılan işin vəziyyəti haqda sorğulara atam soyuqqanlıqla yanaşırdı. Nəhayət Leninqraddan alınan teleqramlara reaksiya verərək: «Artıq işə başlamaq lazımdır» - dedi ... və məhz bizim birlikdə işləmək məsələsi ilk dəfə konkret şəkildə gündəmə qoyuldu: epizod musiqisinin kim tərəfindən icra ediləcəyi sualı yarandı, atam isə bu işi mənə ünvanlandırıb, öz tərəfindən köməyini əsirgəməyəcəyini vəd etdi.
   Hazırladığım epizod musiqisinin ilk səhifələrini o, iti baxışı ilə gözdən keçirib, vərəqləyir, arabir nəzakətlə söhbətə müdaxilələr edirdi; nəhayət, bitirilən partitura Leninqrada göndərildi. Atamın əli ilə yazılan partituranın 1-ci xanəsi:
   Vi-ni-l
   Ll
   Viole
   Çelli
   Ç.B.
   Mən indiyə qədər ancaq bu cür yazıram.
   ... skripkalar üçün bas açarında yazdığım 3-cü xanə, atamın gur qəhqəhələrinə səbəb oldu... Sonra Konyusun dərsliyi, orkestrləşdirmək üçün Şumanın «Uşaq səhnəcikləri».
   Epizodun yazılışı üçün Rauf Abdullayevlə ikimiz Leninqrada uçmalı olduq. O, atamın təklifi ilə filmin dirijoru vəzifəsinə təsdiq olunmuşdu. Atam qəti surətdə Leninqrada getməyəcəyini bildirdi - «yazılışda müəllifin valideyni yox, özü iştirak etməlidir», sonra ciddiləşib - «hərgah Rauf pult arxasında olacaqsa, deməli, hər şey öz qaydasına salınacaq» - dedi.
   Bu, həqiqət idi: hər şey öz qaydasında idi.
   Beləliklə, birgə işimizin ilk mərhələsi başa çatdı.
   Həmin müddətdə kinoqrupun üzvləri, assistentləri Avropanı başdan ayağadək çaparaq I və II dərəcəli rollara aktyorların axtarışı ilə məşğul idilər. Bununla bərabər «İspaniyanın da axtarışı» davam edirdi: Dubrovnik, Balçik, Varna - sonralar bu adlar ekranda Madridə, Hadisə çevrilirdilər. Ancaq kino musiqisinin müəllifləri uzaq Bakıda sakitcə öz işlərini görürdülər. Müvəqqəti səssizlik çökdü...
   Fasilədən istifadə edərək Volfun bizi qabaqcadan təchiz etdiyi İspan xalq musiqisinin nümunələri ilə tanış olmağa başladım. Axşamlar mahnı məcmuələrini vərəqləyərək heyrətə gəlirdim; çünki təsəvvürümdə ispan musiqisinin ənənəvi oriyental üslub tərzində səslənməsini əvvəlcədən mənimsəmişdim. Atam isə bu xalq nümunələri ilə tanışlığımdan yetərincə məmnun idi. O, ispan musiqisini mükəmməl bildiyi üçün mənim reaksiyamı qabaqcadan bilirdi. «Hadis» epizodunun yazılışından artıq yarım il keçmişdi. Həmin vaxt ərzində əksər natura çəkilişləri də bitmişdi. Qara dənizin sahilindəki Balçik, Atlantik okeanın dalğaları ilə yuyulan Hadisdən seçilməyərək onu xatırladırdı - beləliklə, Bolqarıstan İspaniyanı uğurla əvəz edə bildi.
   ... Volfun çağırışı ilə 1970-cı ilin payızında biz Berlinə yola düşdük. Bizim gəldiyimiz gündə filmin baxışı təyin edilmişdi. Buraya film musiqisinin müəlliflərindən başqa kinotənqidçilər, kinostudiyanın işçiləri, yazıçılar, ssenaristlər, rejissorlar, rəssamlar və ümumən filmlə maraqlanan adamlar toplaşmışdılar. Mən alman dilini yaxşı bilmədiyim üçün, müzakirə mərkəzindən kənarlaşıb müşahidəçi mövqeyini tutmağa məcbur oldum. Atam isə alman dilini mükəmməl bildiyinə görə, əvvəlcədən fəallıqla söhbətə qoşuldu. Lakin çox keçmədən, onun maraq şövqü kəskin surətdə zəifləməyə başladı. O, yerini dəyişib mənim yanımda oturdu. Çeşməyini gözündən götürüb, siqareti tüstülətdi. Onun üzünə mənə tanış olan ifadə çökdü - nəzakətli və eyni zamanda darıxan.
   ... uşaqlıqdan tanış olan, ürək sıxıntısı qədər doğma..., söhbətə maraq göstərməsi də onun zahiri ifadəsi idi. Əslində o, öz düşüncələrinə dalıb, tam qapanmış halda özünün fikirləri üzərində düşünürdü... qapanma bacarığı...
   Əvvəllər bu hal bizi qorxudurdu, adəti üzrə uşaqlar öz valideynlərinin müəmmalı hərəkətlərini anlaya bilmirlər və gözləməyi də bacarmırlar.
   «Ata işləyir» - bacım Züleyxa ilə mənim üçün birdəfəlik qət edilmiş qanun idi.
   ... İşləyir, royal arxasında, təbiidir, orkestrləşdirir, ya da öz otağında dalğın gəzişərək öz-özünə danışır. Bu da deyəsən, aydın qanun idi.
   Amma nahar edəndə də işləyir?! Qəzetləri gözdən keçirəndə də, krossvordu həll edəndə də musiqi haqqında fikirləşir?!
   Yox! Bu mənim anlamımdan kənardır»
   Nəhayət, ikitərəfli hücum üçün əlverişli məqam tapıb, qızğın tutuşmada sakramental ifadəni ondan qoparda bilirik: «Belə... demək ki, Zulya-Mulya və onun qardaşı (guya bizim antipodlarımızdır) sözə baxmayın, şıltaq uşaqlardır» - bu atamın saysız-hesabsız hekayətlərindən birinin başlanğıcıdır... Sınaqdan keçmiş pedaqoji üsul! Sonra isə birdən-birə başqalaşıb, tam dəyişərək özünə qapanır, uzaq, yabançı olan insanın ifadəsi ilə qarşılaşaraq biz bir qədər qorxmuş kimi təəccüblə geriyə çəkilirik.
   ... Dəyişə bilmək bacarığı...
   
   Özgə, həm də doğma, uşaqlıqdan tanış olan üzü...
   İştirakçılar arasında qarşılıqlı mübadilələr, rəylər tanışlığı davam edirdi. Mübadilələr getdikcə genişlənərək mətbuat konfransına çevrilirdi - musiqi və kino, «Qoyya»da musiqinin rolu, Qoyya və İspaniya, Qoyyanın İspaniyası, Qoyya - qüdrətli İspan sənətkarı, sənətkar və zaman, zaman və fəza, Evklidin fəzası, zaman və sonsuzluq və i.a... hamı danışır... hər bir şey haqda... eyni zamanda... vaxt isə kifayət qədər keçmişdir.
   Artıq bizə aydın oldu ki, Volf uzun-uzadı söz püskürmələrinin içində yarıbatmış halda dalğalanır; bu axşamı da biz itirdik!
   Ertəsi gün Volfla görüşdük. Onun bordo rəngində «Fiat»ı sürətlə keçib «İnterotel»in qabağında dayandı. Yenə də geniş, ətraflı söhbət... Biz «Qoyya»nın aktyorları - böyük sənətkar Banionis və onun Alba ilə məftunedici səhnənin gərgin çəkilişi zamanı, qeyri-ixtiyarı olaraq rus dilindən doğma Litva dilinə keçməsinin müşahidəçiləri idik...
   Bundan başqa bir sıra vacib problemlərin nəzəri və təcrübi psixoanalizi, leytmotivi inkişaf haqda, Piter Brukun teatrı və nəhayət, Nino Rotanın yaradıcılığının mühüm məsələlərinə toxunaraq söhbət edirdik. Yenə də... və istər-istəməz söhbətimizin əvvəlki nöqtəsinə gəlib çatdıq.
   ... Hər şey öz çevrəsinə qayıdır...
   Kül xışıldayaraq tərpəndi... artıq Feniks qiyamla hədələyir! Biz deyəsən, həmişəlik Potsdamda qalmaq riskindəyik.
   ... Elə bu zaman, əvvəllərdə atamın bacarığı haqda eşitmiş, indi isə öz gözlərimlə görüb, inanıb və onun hər hansı yaranmış vəziyyətin istiqamətini bir anda düzgün müəyyənləşdirərək, yeganə dürüst qərar çıxarması, mənim üçün fövqəladə oldu. Fasilədən istifadə edən atamın qəfildən kreslodan qalxıb Volfa müraciətlə eyni əməli təklif etdi.
   Biz maşına tərəf yönəldik və kinostudiyaya aparan yol boyu atam söhbətin təşəbbüsünü əlinə alıb tam işgüzar axara istiqamətləndirdi... beləliklə, biz montaj masasına özümüzü maneəsiz çatdıra bildik. Nəhayət, kinostudiyanı tərk edəndə artıq işimizi tamamilə bitirmişdik; musiqi nömrələrinin tam siyahısını çatdıra bildik. Nəhayət, kinostudiyanı tərk edəndə artıq işimizi tamamilə bitirmişdik; bütün zəruri parçaların təsviri xronometrajlanmış, mühüm məna kəsb edən vurğular qoyulmuş və mübahisəli məsələlər asanlıqla həll edilmişdi.
   ... Çantalı «dayılar» və qovluqlu «xalalar» - atamın şagirdləridir, onlar çox zaman evdə məşğul olan tələbə bəstəkarlardır. Məşğələ günlərində - çərşənbə axşamı, cümə günləri - mən və bacım atamın kabinetinin qapısı ağzında oturub, xüsusi bir maraqla «qadağan kabinetinin qapısı ağzında oturub qulaq asardıq.
   Atam bizimlə heç zaman məşğul olmurdu. Bizi həmişə maraqlandıran bir sualla onu tez-tez bezikdirirdik: «Ata, sən çox zabitəli müəllimsən?» Cavab heç də tam aydın olmurdu: «Danlamıramsa, deməli, tərifləyirəm».
   ... Ertəsi gün biz Moskvaya qayıtdıq və elə həmin gecə ata-nənəmin dəfninə çatmaq üçün yenidən təyyarə ilə Bakıya uçduq.
   İki həftədən artıq başımız hüzrə qarışdı. Noyabr yaxınlaşırdı. Moskvaya qayıtmaq lazım idi: film artıq bütünlüklə çəkilmiş, montaj edilmiş və bəzi hissələr səsləndirilmişdi.
   Bakıdan Moskvaya uçan köhnə «İl-18»də yol boyu gələcək işlərimiz haqqında danışdıq. Ötən yarım il ərzində az iş görülməmişdi. Fonoqram ilə müşayiət olunan kadrlar üçün bir neçə musiqi nömrəsi yazılmışdı. «Hadis»dən başqa, a kapella xoru - «Dies irae» və bir neçə kiçik musiqi nömrələri də hazır idi. Bu zaman ərzində atamın Mariya Rosariya rolu üçün səciyyəvi müğənni axtarışları nəticəsiz olmuşdu. Mən Flamenko tanış olmaq üçün Varnaya uçmuşdum. Solo-gitara ilə kiçik epizodlar və Rauf Abdullayevlə birlikdə simfonik epizodların yazılışı üçün Leninqrada səfərlər etmişdim. Daha sonra isə xəstəxanadan yenicə çıxmış atamın ispan müğənnisini lentə yazmaq üçün Potsdama getdim. Və nəhayət, yaradıcılıq səfərimiz də çox vaxt apardı...
   İndi isə lap az vaxt qalıb...
   «Təlaş və əsəb gərginliyi mühitində son dərəcə mütəşəkkil olmaq çox vacibdir» - deyərək, atam öz təcrübəsindən çıxış edirdi - «İş prosesi boyunca özünü sakit və çox təmkinli aparmaq, qırx beş dəqiqəlik sırf musiqi materialını təhvil verməklə, işi dəqiq təyin olunmuş vaxtda tamamlamaq».
   - «Bu, çox asandır ki!» - deyə mən də öz təcrübəsizliyimi nümayiş etdirdim.
   Atama məxsus olan əsas ideya çox sadə idi. O, bütün musiqi nömrələrini iki hissəyə bölməyi təklif etdi. Çünki film musiqisinin dramaturgiyasından irəli gələn iki əsas qayə - məhəbbət və qorxu - məfhumlarından ibarət idi. Belə ki, xeyli əvvəl Bakıda yazılmış «Hadis» epizodu bu dramaturji layların müəlliflərin zövqünə və istəyinə görə yazıldı.
   ... Filmlə əlaqədar yaradıcılıq məsələlərini müzakirə edə-edə təyyarənin nə vaxt Domodedovaya endiyini heç hiss etmədik. Burada bizi filmin administratoru qarşıladı və bir nəfər iüçün mehmanxanada yer ayrıldığını dedi. Atam Maslovkadakı evinə getdi, mən isə administratorun müşayiəti ilə mehmanxanaya yollandım. Nömrədəki köhnə «Muztrest» çox acınacaqlı vəziyyətdə idi: bütünlüklə kökdən düşmüşdü. Onun sahmana salınması üçün bir neçə gün sərf etdik. Atam mənim deyindiyimi görüb, istehza ilə dedi: «Bu köhnə musiqi «qutu»su da daxil olmaqla mehmanxana nömrəsi sənə xüsusi xidmətlərinə görə verilməyib. Sadəcə olaraq, musiqi alətləri mehmanxanaların yalnız «lyuks» nömrələrində olur». Heyrətləndim ki, filmin musiqisi çox asan yazılır - iki gün ərzində iki böyük nömrə artıq hazır idi. Bü məni şübhələndirdi və məni təlaşla Maslovkaya - atamın yanına getdim.
   Atam istirahət edirdi. Mən onun oyanmasını gözləyərək anamla mətbəxdə əyləşib söhbət edirdim. O şikayətlənirdi ki, atam özünü heç yaxşı hiss etmir, amma həddindən artıq çox çalışır. Atam xeyli yatdı, oyananda mənim gəlişimin səbəbini öyrəndi. Mən partituranı ona göstərdim. O, partituranı vərəqlədi. Diqqətlə nəzərdən keçirdi. Yenidən birinci səhifəni açdı və bağladı. Sonra mənə baxdı və heç bir söz demədən mətbəxə çay içməyə getdi.
   Mən artıq onu narahat etmədim. Onun özünün qayğıları kifayət qədər idi və həmişəki kimi var qüvvəsi ilə işləyirdi.
   Həmişəki kimi..
   ... Pirşağı, yay günləri. Atam yaş mələfəyə bürünürək royalın arxasında «Yeddi gözəl»in sonuncu pərdəsini yazır.
   1951-ci il...
   Kölgədə 40 dərəcə isti.
   ... Not köçürən sutkada 8-10 saat işləməsinə baxmayaraq, «İldırımlı yollarla» baletinin partiturasını yazıb çatdıra bilmirdi.
   Atam isə orkestrləşdirir...
   İş norması sutkada 14-16 saatdır.
   Niçts als Arbeit... həmişəki kimi...
   1958-ci il, atamla yanaşı əyləşmişəm.
   Sonra...
   Leninqrad - filmdə musiqinin yazılışı.
   Atam orkestrə və dirijora qarşı çox tələbkardır. O yazılışın keyfiyyətini diqqətlə izləyir, siqaret çəkə-çəkə Volf ilə mübahisə edir. Bəzən zarafat edir... Nadir hallarda.
   Mən isə çox zaman kənarda durub, diqqətlə onu izləyir, enerjisinə heyrətlənirəm...
   Qəfildən əhvalım pozulur, ürəyimə damır ki, ayrılıq labüddür...
   Ənənəvi konyak şüşəsi... Volf və Raufla birgə...
   Atamla Leninqradın küçə və körpüləri boyu gecə gəzintisi...
   Təpədən dırnağadək islanmışıq...
   ... Boşluq hissi, daxili narahatlıq, bir-birini qovan fikirlər...
   Bəlkə də, sadəcə olaraq heç getmək istəmirəm?
   Atamla vidalaşmaq?
   Sadəcə - ...
   istəmirəm?
   ... Birgə işləmək təklifi...
   Elə bu da oldu və bitdi.
   
   Bizim «Qoyya» ilə bağlı birgə olduğumuz zaman ərzində bir çox hadisələr baş verdi. Birimiz qocaldıq, digərimiz bir neçə il də yaşlaşdıq. Mənim oğlum 3 illik yubileyinə yaxınlaşırdı və babası buna uşaq kimi sevinirdi.
   Biz bir çox maraqlı insanlarla ünsiyyətdə olduq: dünyasını dəyişmiş Lion Feyxtvanqerin xanımı ilə tanış olduq.
   Bütün bu vaxt ərzində mən ən böyük həmmüəllifimlə yanaşı işlədim. Daima onun yaxınlığını hiss etdim. Öz müəllimimlə birgə işləmək - belə xoşbəxtlik hər kəsə nəsib olmur. Və mən buna hədsiz dərəcədə şadam. Biz ikimiz tez-tez tək qalırdıq. Hərə öz işi ilə məşğul olur, kitab oxuyurduq. Birlikdə gəzintiyə çıxırdıq. Hərdən kifayət qədər də susa bilərdik. Və əksər hallarda onun təsadüfən söylədiyi təkcə bircə söz, mənim üçün daha çox əhəmiyyət kəsb edirdi, nəinki, Fərəc Qarayevin illər boyu öz müəllimi - professorunun sinfində oxuyarkən ondan eşitdiyi biliklərdən...
   Son zamanlar atam Bakıya gec-gec gəlir və mən onu çox az görürdüm.
   ... Və bəzən növbəti əsərimi ona göstərmək, onun çox dəqiqliklə verdiyi qiyməti eşitmək istəyi demək olar ki, elə istək halında qalırdı. Bizim «Qoyya» ilə vidalaşmağımızdan bəri çox şeylər baş verib. İllər ötüb, atam artıq altmış yaşına qədər qədəm qoyubdur.
   «Qoyya»dan sonra o, kino sahəsində çalışmır və yalnız özünün istədiyi janrda musiqi yaradırdı. Onu anlamaq heç də çətin deyil. Mən isə o asan olmayan ancaq səadətli anlarımı - hələ on yaş cavan olduğumuz illəri xatırlayıram, narahatlıqla telefona nəzər salır və anlaşılmaz titrəyişdən diksinirəm...
   ... Və ümidlə qeyri-adi bir hadisənin baş verəcəyini gözləyirəm - telefonun zəngi çalınacaq və mən atamın səsini eşidəcəyəm...
   Birgə işləmək...
   Onda bir saniyə də düşünmədən ona deyəcəyəm: - Hə!
   
   Bakı, 1978-ci il